"Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi tərəfindən proqram olmalı idi ki...

"Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi tərəfindən proqram olmalı idi ki...

“Əslinə qalsa, düşünürəm ki, bizdə peşəkar kitab nəşriyyatlarının yayım şəbəkəsi olmalıdır və onlar bunun yolunu axtarmalıdırlar ki, yazıçı həm kitab yazıb, həm də onun satışıyla məşğul olmağa məcbur olmasın”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı müəllifin öz kitabını satma təcrübəsinin dünyanın bir çox ölkələrində olduğunu bildirib:

“Ümumiyyətlə, yazıçının özünün kitabını satması təcrübəsi dünyanın bir çox ölkələrində var, və bu da bizə ordan gəlib. Bu da bir variantdır. Əslinə qalsa, düşünürəm ki, bizdə peşəkar kitab nəşriyyatlarının yayım şəbəkəsi olmalıdır və onlar bunun yolunu axtarmalıdırlar ki, yazıçı həm kitab yazıb, həm də onun satışıyla məşğul olmağa məcbur olmasın. Təəssüf ki, bu reallıqdır. Azərbaycanda barmaqla sayılacaq nəşriyyatlar var ki, hansısa yazıçının kitabını çap edib satır və ona da müəyyən qonarar verir. Məsələn, mən “Qələm” nəşriyyatıyla, Çingiz Abdullayev isə “Qanun” nəşriyyatıyla işləyir. Kitab yayım şəbəkəsinin yaradılması çox yaxşı olardı, biz bunu illərdir deyirik. Görünür, Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi tərəfindən hansısa bir proqram və ya plan olmalı idi ki, hökumətə təqdim edilsin”.

Qeyd edək ki, yazıçı Kəramət Böyükçöl və şair Eminquey Akif Elmlər Akademiyasının qarşısında müəllifi olduqları kitablarını oxucularına satmağa başlayıblar.

Vasif Əlihüseyn

Mənbə: moderator.az