Ölməz əsərlər müəllifi həmişəyaşardır

Ölməz əsərlər müəllifi həmişəyaşardır

Milli Məclisin Mədəniyət komitəsinin sədri Qənirə Paşayeva feysbuk səhifəsində etdiyi paylaşımla Xalq yazıçımız, mükəmməl romanlar, pyeslər müəllifi, nasir və dramaturq İlyas Əfəndiyevin doğum gününü təbrik edib. Paylaşımda deyilir:

“Bu gün Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq, nasir İlyas Əfəndiyevin doğum günüdür. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatına kamil sənət nümunələri ilə öz töfhələrini vermiş görkəmli ziyalılarımızdan biridir. Yazıçı dərin ictimai-siyasi problemləri qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, yüksək bədii-estetik məzmunlu nəsr nümunələri yaratmış, Azərbaycan ədəbiyyatında lirik-psixoloji dramın əsasını qoymuşdur. Yazıçının yaratdığı obrazlar xarakterinin bütövlüyü, vətənpərvərliyi, təbiiliyi, əxlaqi keyfiyyətləri ilə hər bir oxucuya nümunə olan, milli və bəşəri dəyərləri özündə ehtiva edən əsl qəhrəmanlıq nümunələridir. Ədibin qələminin məhsulu olan gözəl sənət nümunələri kamilliyi və mənəvi keyfiyyətləri ilə müasir dövrümüz üçün də öz aktuallığını qoruyub saxlayır.
Dəyərli sənətkarımız yaratdığı bənzərsiz sənət əsərləri ilə xalqımızın qəlbində əbədi yaşacaqdır!”

Mənbə: xalqqazeti.com