Bakı Slavyan Universitetində “Son iclas” filmi nümayiş etdirilib

Bakı Slavyan Universitetində “Son iclas” filmi nümayiş etdirilib

Bu gün Bakı Slavyan Universitetinin Ölkəşünaslıq Klubunun təşəbbüsü ilə 28 May-Respublika Günü münasibətilə tarixi janrda çəkilmiş “Son iclas” bədii-sənədli filmi onlayn formada nümayiş etdirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gəlmiş ”Son iclas” tammetrajlı bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır. Film tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Cebhe.info xəbər verir ki, “Son iclas” filminin nümayişindən sonra tələbələr film haqqında müzakirə aparıblar. Onların fəal iştirakı ilə keçən maraqlı müzakirədə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir və dövlətçilik tariximizin şanlı, parlaq səhifəsidir. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli özünəqayıdışında, milli özünüdərkində və yenidən öz müstəqil dövlətini qurmasında mühüm rol oynayıb.

Mənbə: cebhe.info