İran Azərbaycanının Xoy şəhər bazarlarının türk adları dəyişdirilib

İran Azərbaycanının Xoy şəhər bazarlarının türk adları dəyişdirilib

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Bələdiyyə və Mədəni İrslər İdarəsi tərəfindən tarixi bazarda yeni lövhələr quraşdırılıb. Lövhələr bazarın onlarca tarixi hissəsinin adları farscaya tərcümə edilərək tarixi və qədim adları dəyişdirilib. Fərşçi bazar, Misgər bazar, Pəncərəçi bazar, Rasta bazar və Doşabçı vb. adlar dəyişdirilərək fars adları ilə əvəz edilib.

Ötən il Xoyun mədəni irs idarəsi bənzər bir hadisədə Elxanlı dövründən qalan tarixi Qala Qapısı abidəsinin adını dəyişdirib “Dərvaze Səngi”- daş qapı mənasında olan farsca bir adla dəyişdirmişdi.

Səfəvilər sülaləsi dövründə inşa edilən Xoyun tarixi bazarı bir zaman İranın ikinci ən böyük örtülü bazarı olub. Bazar İpək Yolu üzərində olduğu üçün o zaman ən əhəmiyyətli ticarət mərkəzlərindən sayılırdı. Daha sonra məhv olsa da, Qacar sülaləsi dövründə Abbas Mirzə tərəfindən yenidən bərpa edilmişdi.

İran Azərbaycanında milli və mədəni fəallar təbii və tarixi yerlərin adlarının hakimiyyət tərəfindən silindiyini və farsca adlarla əvəz edilməsinə etiraz edərək, qədim türk adlarının geri qaytarılmasını tələb edirlər.

2015-ci il Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhər şurasının qərarı ilə küçə və məhəllələrin farscaya çevrilmiş adlarının göstərildiyi lövhələr yığışdırılıb və yenidən türkcə adlarının yazıldığı lövhələrlə əvəz edilmişdi. Şəhər şurasının həmin qərarı mədəni və milli fəallar, habelə xalq tərəfindən müsbət qarşılanmışdı.

Ötən il İran Azərbaycanının Tikantəpə (Tekab) şəhərinin Mədəni İrs İdarəsi tərəfindən vətəndaşların etirazına baxmayaraq, İstisu Bulağı və Hərəkətli Çəmli Göl turizm məkanları fars adları ilə əvəz edilmişdi. Həmçinin Ərdəbil bələdiyyəsi və Mədəni İrs İdarəsi keçən il aprel ayında Ərdəbilin tarixi bazarının türkcə adlarını o cümlədən Dəmirçi bazarı, Qızılçı bazarı, Başmaqçı bazarı vs. adları dəyişdirdiyi bildirilir.

İran Azərbaycanında mədəni fəallar, tarixi və coğrafi yerlərin türkcə adlarının dəyişdirilməsini şəhərlərin kimliyinin təhrif edilməsi və assimilyasiya siyasətlərinin bir hissəsi olduğunu deyir.

Mənbə: www.amerikaninsesi.org