Əbədiyyatımızın oxucu və satış problemi - “Heç kim beynini yormaq istəmir” - SORĞU

Əbədiyyatımızın oxucu və satış problemi - “Heç kim beynini yormaq istəmir” - SORĞU

Bədii ədəbiyyata maraq hər zaman müzakirə mövzusu olub.

Zaman-zaman ədəbiyyat xadimləri oxucu qıtlığından şikayətləniblər.

Bəs hazırda kitab satışı nə yerdədir? Kitaba tələbatda nə kimi irəliləyiş var? Əsasən hansı mövzulu əsərlər oxucu kütləsi toplaya bilir? Bütün bu sualları cavablandlrmaq üçün bir neçə yazar arasında sorğu keçirdik.

“Bizim oxucu tarixi mövzuda yazılan əsərləri oxumur”

Cebhe.info-ya açıqlamasında tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz hazırda kitab satışının yaxşı olduğunu və əsasən detektiv əsərlərin oxunduğunu deyib:

“Hazırda kitab satışı yaxşıdır. Amma Rusiya ilə müqayisədə çox zəifdir. Bunu deməyə utanıram. Bizim oxucular ən çox Varisi və Çingiz Abdullayevi oxuyurlar. Tarixi mövzular çox oxunmur və oxucu özü də heç bu mövzulara girmək istəmir”.

“Gənc yazarların şeirləri oxunur”

Yazıçı Aqil Abbas rayonlarda kitab mağazalarının olmamasından şikayətlənib:

“Əvvəllər kitab satışı çox zəif idi. Kitab mağazaları da yox idi. İndi çox şükür ki, böyük kitab mağazaları açılıb. Buna görə də vəziyyət nisbətən düzəlib. Amma əla deyil. Türkiyədə hər supermarketin xüsusi kitab bölümü var. İstanbulun aeroportunda elə böyük kitab evi var ki, heç Bakıda o boyda kitab yeri açılmayıb. Yəni kitaba sevgi nisbətən artıb, amma yüksək səviyyədə deyil. Bundan buşqa rayonlarda kitab mağazaları yoxdur. Oxucu hardan kitab alsın? Bəzi kitab evləri var ki, onlar da bağlanır. Şəhərdəki dövlət kitabxanalarında da nəinki müasir yazarların, heç Ramiz Rövşənin, Vaqif Bayatlının və digər belə sənətkarların kitabları yoxdur. Səbəb isə odur ki, bu müəlliflərinin kitabları dövlət nəşrləri deyil. Yəni şəhər kitabxanalarına ancaq dövlət nəşrləri göndərilir. Son zamanlar Mədəniyyət Nazirliyi nəşr olunan bütün kitabların bir nüsxəsini həmin kitabxanalara göndərəcəyini bildirmişdi ki, o iş də yarımçıq qaldı. Yəni bu məsələ böyük bir problemdir. Hansı mövzuların oxunduğuna gəldikdə isə bu insanların zövqü ilə bağlıdır. Amma ən çox oxunanlar detektiv əsərlərdir. Uşaq ədəbiyyatına da sevgi artıb. İnsanlar uşaqlarına bu ədəbiyyat nümunələrindən alırlar. Şeirə də maraq var. Xüsusən gənc yazarların şeirləri oxunur”.

“Ölkədə kitab, qəzet və jurnal satışı çox pis təşkil olunur”

Şair Qulu Ağsəs kitab evlərinin azlığından, qəzet və jurnal köşklərinin isə başqa məqsədlərə xidmət etməsindən şikayətlənib:

“Əvvəlki dövrlə müqayisədə hazırda kitab satışı müsbətə doğru nisbətən dəyişib. O da ki “şkala” bir balaca sağa meylləndi və dayandı. Yəni artım yoxdur. Ümumiyyətlə ölkədə kitab, qəzet və jurnal satışı çox pis təşkil olunur. Yalnız kitablardan danışırıq, amma köşklərdə qəzet və jurnaldan başqa hər şey satılır. Yəni yüzdən çox adda əşya satılır. Əgər bunun adı qəzet köşküdürsə, burda qəzet, jurnal və kitab olmalıdır. Amma çox təəssüf ki, dəfələrlə etdiyimiz şikayətə baxmayaraq heç kim bu işlə maraqlanmır. Ora qarışıq mallar mağazasıdır. Qəzetdən gələn 15-20 faiz gəlirdə maraqlı deyillər. Kitab mağazalarının da çoxunu bağlayıb yerində kommersiya məqsədli obyektlər açdılar. Rayonlarda da kitab mağazaları da yoxdur. Şəhərdə də tək-tək kitab mağazaları var ki, orada da satış aşağı səviyyədədir. Bəzi sahibkarlar da kitab mağazaları açdılar və gördülər ki, bu sahə gəlirsizdir. Ona görə də bağladılar. Onları da qınamaq olmur. Qaldı hazırda ən çox hansı mövzulu əsərlərin oxunmasına, macəra və detektiv mövzulu olanlar oxunur. Bir də nisbətən romanlar oxunur. İnsanlar alt yapısı olmayan əsərlər oxumağa üstünlük verirlər. Səbəb də beyinlərini yormamaq istəyidir. Yəni əsərlər var ki, orada fikir içində fikir var, xeyli məna qatları var, söz oyunu var. Yazıçının oxucuya çatdırmaq istədiyi sətiraltı fikirlər var. Oxucular bunu oxuyarkən düşünüb beyinlərini yormaq istəmirlər. Ona görə də macəra xarakterli əsərlərə üstünlük verilir”.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info