Qənirə Paşayeva Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO

Qənirə Paşayeva Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva 28 may – Respublika Günündə Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, Rəssamlar İttifaqının tanınmış üzvü Rais Rəsulzadə ilə görüşüb.

Musavat.com xəbər verir ki, Əməkdar rəssamı evində ziyarət edən millət vəkili 2018-ci ilin Prezident Sərəncamı ilə “Cümhuriyyət İli” elan olunduğunu, Cümhuriyyətin 100 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, onun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edildiyini, habelə Bakı Media Mərkəzinin istehsalı olan “Son iclas” sənədli filmində babasının yaşlı vaxtını canlandırdığını xatırladıb.

Komitə sədri hələ televiziyada çalışdığı illərdə “Apreldən əvvəl May” sənədli filminin çəkilişində yaxından əməkdaşlıq etdiklərini xatırladaraq Cümhuriyyət qurucularının varisləri ilə hər bir görüşün ona özünəməxsus duyğular bəxş etdiyini bildirib.

“28 may - Respublika Gününü Cümhuriyyət varisinin evində qeyd etmək çox xoşdur”

Xalq Cümhuriyyətinin 1920-ci ildə o dövrün ağır şərtləri içində süqut etməsinə baxmayaraq, Yaxın Şərqin ilk demorkatik cümhuriyyətinin ideallarının həmişəyaşar olduğunu, xalqın yaddaşından silinmədiyini deyən Qənirə Paşayeva bugün Azərbaycanın öz dövlət müstəqilliyinə malik olmasını cümhuriyyət qurucularının ruhunu şad edən böyük hadisə - milli idealların ölməzliyinin isbatı kimi qiymətləndirib.

XX yüzilliyin sonlarında yenidən göylərə qaldırılan üçrəngli müqəddəs bayrağımızın əbədiyaşarlığı üçün dövlətimizin, şəxsən dövlət başçısı İlham Əliyevin gördüyü böyük işləri xüsusi vurğulayan millət vəkili Azərbaycanın daha böyük gələcəyə nail olacağına dərin inamını ifadə edib.

Komitə sədri Rais Rəsulzadənin yalnız daşıdığı soyada görə deyil, həmçinin öz kübarlığı ilə seçilən görkəmli ziyalı, ictimai xadim, gözəl əsərlər müəllifi olan Əməkdar rəssam kimi şöhrət qazandığını vurğulayıb. Qənirə Paşayeva rəssamın mədəniyyətimizin, xüsusilə rəssamlıq sənətinin bugünü, bu sənətinin gənc nəslə öyrədilməsi, ölkəmizin habelə beynəlxalq sərgilərdə təmsil olunması ilə bağlı fikirlərini öyrənib.

Görüş üçün təşəkkür edən Əməkdar rəssam sənət yolundan danışıb, maraqlı xatirələrini bölüşüb.

Rais Rəsulzadə Komitə sədrinin qaldırdığı məsələlər istiqamətində əməkdaşlığın, fikir mübadiləsinin ümumsənət maraqları baxımından faydalı olacağına inamını bildirib.

Dövlətin, eləcə də, Heydər Əliyev Fondunun rəssamlıq sənəti və sənətkarlara qayğısı, ümumən mədəniyyət təsərrüfatının canlanması üçün gördüyü işlər xatırlanıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Əməkdar rəssamla Komitə sədrinin görüşündə onun ailə üzvləri və Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı, araşdırmaçı-yazar Əkbər Qoşalı iştirak edib.

Mənbə: azpolitika.info