Lermontov. Şair və hökmdar...

Lermontov. Şair və hökmdar...

Məmməd Süleymanov

Aşağıdakı 4 misra ilə başlayan şeir Sovet təhsili almış hər kəsə tanışdı:

"Öldü böyük şair. Qeyrəti həssas -

Ömrü şəhid oldu şayəli şərə,

Sinədə qurğuşun, ürəkdə qisas,

Əyilməz başını əydi son kərə...”

Puşkinin ölümünə 22 yaşı təzəlikcə tamam olmuş Mixail Lermontovun yazdığı "Şairə ölümü” şeiri mürgülü rus fikrini oyatdı, müllifin həbsi və Qafqaza sürgününə səbəb oldu. Elə həmin şeirlə də şair Lermontov doğuldu. Bir tənqidçi yazacaqdı: "Puşkinin bədənindən uçub gedən ruh Lermontovun bədənində endi”.

Dilimizə Eyvaz Borçalının (həm də uğurla) çevirdiyi "Şairin ölümü”nün son 16 (dilimizə tərcümədə 18) misrası bir siyasi hökm kimi səslənirdi. Və nə qəribə ki, çarizmə qarşı etiraz olan həmin misralar ilk baxışda sanki birnəfəsə yazılmış şeirin birinci variantında yoxdu. Lermontov əvvəlki 56 misranı Puşkinin duel gününün səhəri - 1837-ci ilin 28 yanvarında yazıb və artıq o vaxt Puşkinin aldığı yaradan sağalmayacağı bəlli idi. Böyük şair yanvarın 29-da vəfat edir. Üstündən 10 gün keçəndən sonra Lermontov yazdığı şeirə daha 16 sətir əlavə etməklə əslində özü üçün sürgün hökmünü çıxarır.

Aydın fikirlə mükəmməl formanın harmoniyası olan şeir siyasi və poetik ifşanı özündə çulğayırdı. Olmayaydı sonradan yazılan sonuncu sətirlər - şeirin təsir gücü elə də büdrəmədən yenə də Lermontov dühasının göstəricisi olacaqdı, ancaq bircə fərqlə: bu halda Lermontovu nə həbs, nə də sürgün gözləyəcəkdi. Əksinə, müasirləri xatırlayır ki, Puşkinin ölümündən dərhal sonra Peterburqda ildırım sürətilə yayılan və məşhurlaşan şeir öz müəllifinə nəinki böyük məşhurluq gətirirdi, üstəlik,çar əyanlarının da xoşuna gəlmişdi. Hətta jandarmların rəisi Benkendorfun ilk reaksiyası "Şuluqluğa çox da fikir verməyin, onda tez unudulacaq” kimi olmuşdu. Yəni, heç bir cəzalandırmadan söhbət getmirdi.

Bəs necə oldu ki, ilk variantın yazılışından 10 gün sonra Lermontov şeirə 16 sətir də əlavə etdi və bununla da çar 1-ci Nikolayın qəzəbinə tuş gəldi?

***

Puşkinin dueldə yaralanması xəbərini eşidəndə Lermontov xəstə yatırdı. Yanına gələnlər hadisə barədə ziddiyyətli mövqelər sərgiləyirdi. Məsələn, qohumu Nikolay Stolıpin baş verənlərdə Dantesə haqq qazandırır, Puşkinin həyat yoldaşı Natalya Qonçarovanı yaxşı olmayan tərzdə təqdim edirdi. Lermontovun fikrincə, Stolıpinin mövqeyi imperator sarayındakıların (və həmçinin imperatorun özünün) mövqeyi idi.

Dostu Svyatoslav Rayevski isə əksinə, Puşkinə tələ qurulduğu fikrindəydi, fransız Dantesi "rus poeziyasının Günəşi”ni (bu sözlər Puşkinin nekroloqunda özünə yer almışdı) söndürmək üçün bir alət sayırdı. Onları dinləyən Lermontovda Rayevskinin haqlı olduğu qənaəti yaranmışdı.

"Şairin ölümü” təbii ki, o vaxtın mətbuatında dərc oluna bilməzdi. Odur ki, Rayevski onu əldən köçürərək yaymağı təklif edir. İlk həftədəcə yüzlərlə (bəzi məlumatlara görə isə - minlərlə) nüsxə yayılır. Şeir salonlarda, ballarda böyük populyarlıq əldə edir, Lermontova bir anda gözlənilməz nüfuz qazandırır.

Bundan sonra baş verənlər qaranlıq olduğu qədər də maraqlıdır. Şeirin ilk variantı aşağıdakı cümlələrlə tamamlanırdı:

 

"Susdu şaqraq nəğməkar

Qalxıb oxumaz bir də;

Kip qapandı dodaqlar

Ensiz, kəsif qəbirdə”.

Və bu 56 misrada nə ictimai quruluşa, nə çara qarşı etiraz vardı. Üstəlik, məlum idi ki, can üstdə olan Puşkin imperatorun duel qadağasını pozduğuna görə "Çar sözünü gözləyirəm ki, rahat ölüm” deyib. 1-ci Nikolay isə can üstə olan Puşkinə Jukovski vasitəsilə məktub göndərərək ona "Həyat yoldaşların və uşaqlarından narahat qalma. Onların qayğısını üzərimə götürürəm” yazıb.

Çarın göstərişi ilə Puşkinin bütün borcları ödənmiş, girov qoyulmuş ata mülkü ailəsinə qaytarılmış, dul qadınına və qızlarına ərə gedənə qədər təqaüd kəsilmiş, xəzinə hesabına şairin kitablarının çapı (gəlir ailəsinə verilməklə) qərara alınmış və ən nəhayət, ailəsinə birdəfəlik 10 min rubl köməklik edilmişdi. Yəni, bu jestlərdən sonra kiminsə durub çarı Puşkinin qətlində birbaşa ittiham edəcəyi nonsens idi. Hətta bu yardımlar olmasaydı belə, şairin qatili çarı saymaq mütləqiyyət dövrünün Rusiyasında ağlagəlməz bir addımdı. Ki, həmin addımı Mixail Lermontov atdı. Üstəlik də, böyük bir sərvətin varisi, yüksək təbəqənin nümayəndəsi olan bir gənc.

***

"Siz ey rəzilliyə əyilənlərin

Dikbaş xələfləri, məğrur əyanlar,

Tale qırmancıyla döyülənləri

Kölə dabanıyla tapdalayanlar!”

Bu misaralarla başlayan sonluğu yazarkən Lermontov hansı risqə getdiyini əvvəlcədən bilirdimi? Üstündən 183 il keçəndən sonra bunu aydınlığı ilə söyləmək, tam verdikt çıxarmaq qeyri-mümkündür. Ancaq nə qədər "ilham pərisi”ndən, "yuxarıların işarəsi”ndən danışırlar danışsınlar, poeziyanı magik xüsusiyyətlərlə halələsinlər, yenə də heç kəs deməz ki, şeir somnambula vəziyyətdə, yuxuda doğulur. Şair yazarkən çox aydın, məntiqi düşünür, onun məqsədi gözünün qarşısındadır. Yəni, o, hara getdiyini, nə və niyə yaratdığını bilir. Poeziyaya məntiqi düşüncə yaddır deyənlər yanılırlar.

Üstəlik, şeirin birinci variantının yazıldığı vaxtla sonrakı əlavələr arasında 10 gün fərq var. Bu, yetərincə böyük zaman kəsiyidir. Kimsə şeirin ifrat populyarlığının şairin müvəffəqiyyətdən başını gicəlləndirdiyini deyəcək. Ancaq soyuq ağıllı Svyatoslav Rayevski - sətirləri köçürüb yayan şəxs emosional furorda olan şairi xəbərdar edə bilərdi. Rayevski Lermontovdan 6 yaş böyükdü (o yaşda 1 il fərq də böyük sayılır) və hansı risqə getdiyinin fərqindəydi.

Yəni, Lermontov yazmaya bilmədiyini yazmışdı.

Hər nəsə, şeirin yeni variantı da salonlarda sürətlə yayılır. Bal zamanı qrafinya Ferzen onu Xitrovoya, o Berkendorfa, Benkendorf isə Kleynmixelə göstərir. Daxili işlər naziri olan Kleynmixel şeiri imperatora oxuyur. Və dərhal da 1-ci Nikolay yazılı şəkildə Benkendorfa müraciət edir. Müraciətdə imperator nə təklif etsə yaxşıdır? Yaxşı bir həkim tapıb Lermontovun müayinəsinə göndərmək və şairin psixi sağlamlığını yoxlamaq. Nikolaya görə, yalnız psixi xəstə bu cür misraları yaza və imperatoru "Tanrının divanı” ilə hədələyə bilərdi.

Fevralın 15-də Lermontov və Rayevski həbs edilərək qauptvaxtaya salınır. Sonralar xatirələrində şairin qohumu Akim Şan-Girey (1818-1883) yazacaqdı ki, həbs Lermontov üçün olduqca gözənilməz olur.

Vəziyyəti sağlam ağılla qiymətləndirən Rayevski istintaq zamanı verdiyi ifadələrində hər vəchlə Lermontovu zərbə altından çıxarmağa, heç olmasa cəzasını yüngülləşdirməyə çalışır. Rayevski deyir: "Lermontovun siyasi fikirləri, ilk növbədə də bizdə əsrlərlə qüvvədə olan qanunlara qarşı fikirləri yoxdur. Öz sərvətinə, təhsilinə, hörmətinə görə onun yalnız bir istəyi ola bilər - şöhrət qazanmaq”. Yəni, Rayevski məsələni elə qoymağa çalışır ki, varlı, savadlı, hamının sevdiyi Lermontovun quruluşdan və çardan narazı qalmağa heç bir səbəbi yoxdur, "Şairin ölümü” şeirini isə nüfuz qazanmaq, diqqət mərkəzinə düşmək üçün yazıb.

Bəs Lermontov özünü istintaqda necə aparır? Əlbəttə, onun davranış taktikası 2 mümkün variantdan birinə uyğun olmalıydı. Yəni, o, ya şeirində yazdığı qorxmazlıqla "Dühanın, Şörətin və Azadlığın cəlladları”na meydan oxumalı, yəni, daha bir qorxmaz addım atmaqla özünə haqq qazandırmalıydı. Ya da ki, ikinci variant: boynuna almalıydı ki, şeir sırf emosiyaların nəticəsində yazılıb və heç bir siyasi məqsədi yoxdur.

İlk dəfə dövlətin repressiv maşınının hüdudsuz gücü ilə üzbəüz qalan təcrübəsiz Lermontov bu variantlardan 2-cisini seçir.

İfadəsini ondan başlayır ki, duel xəbərini alanda xəstə yatırdı və "Heç kəsə pislik etməmiş şairə qarşı ittihamlar günahsız adamı müdafiə etmək kimi anadangəlmə hissi oyadır. Xəstəlikdən daha da qıcıqlanmış əsəblərim bu hissi daha da gücləndirir”. Yəni, o, taleyin zərbəsini yumşaltmağa cəhd edir və izahatında yazır: "Puşkin öldü, bununla bərabər adil hökmdar onun bədbəxt həyat yoldaşına və körpə yetimlərinə kömək əlini uzatdı...”

Lermontov "günahsızlığ”ını sübut etmək üçün bu cümlələri yazır: "Düşünmədən öz acımı nizamsız fikirlərlə ifadə etdim və ağlıma gəlmədi ki, düzgün olmayan iş tuturam... Dostum Rayevski şeirdə qeyri-qanuni heç nə görmədiyindən onu köçürməyi təklif etdi”.

Sonralar Rayevskiyə məktubunda Lermontov bu cür üzrxahlıq edəcəkdi: "Mənə dedilər ki, günahımı boynuma almasam əsgər göndərəcəklər. Nənəmi yadıma saldım və etiraz edə bilmədim. Səni qurban verdim! Həmin dəqiqələrdə mənə nə oldu, bilmirəm”.

Ancaq bu epizod Lermontovla Rayevskinin dostluğu üçün qətiyyən zərbə olmayacaqdı. Üstündən illər keçəndən sonra - 1860-cı ildə - Rayevski Akim Şan-Gireyə yazacaqdı: "Həmişə əmin olmuşam ki, 1837-ci ildə Peterburqdakı balaca fəlakətimi Mişel (Lermontov - Red.) nahaq yerə istisnasız olaraq öz ayağına yazır”.

Fevralın 25-də Mixail Lermontov Qafqaza, Svyatoslav Rayevski isə Olonetsk quberniyasına sürgün edilir. 4 il keçir - Lermontov Puşkinin taleyini təkrarlayır: Qafqazda dueldə ölümünü tapır...

Mənbə: qaynarinfo.az