“Həkimlər öləcəyimi deyirdi, ömrümdə belə dəhşət yaşamadım” – Koronavirusa yoluxmuş azərbaycanlı

“Həkimlər öləcəyimi deyirdi, ömrümdə belə dəhşət yaşamadım” – Koronavirusa yoluxmuş azərbaycanlı

Moskvada yaşayıb işləyən azərbaycanlılardan daha biri koronavirusa yoluxaraq, xəstəliyi ən ağır formada keçirib. Qasım İsmayılovun 43 yaşı var, Moskvada miqrantdır. Öncədən ürək xəstəliyi var idi, koronavirus Rusiya paytaxtında yayılmağa başlayan ilk həftələrdə özü də bilmədən virusun qurbanı oldu.

Həmyerlimiz xəstəliyi necə keçirməsi və indi özünü necə hiss etməsi barədə medicina.az-a danışıb. O deyir ki, indi də təngnəfəslikdən əziyyət çəkir.

“Xəstəlik məndə əvvəl halsızlıqla başladı, kürəyim ağrıdı, ardıyca qızdırma və ishal. 5 gün belə davam etdi, dərmanlar, parasetamol, antibiotiklər kömək etmədi.

Sonra öskürək başladı və öskürək o qədər gücləndi ki, nəfəs darlığı hiss etdim. Elə bir hala düşdüm ki, ayağa qalxıb yeriməyə taqətim qalmadı. Xəstələndiyimin 10-cu günü idi, sudan başqa heç nə qəbul etməmişdim. Ancaq ağzımla nəfəs alıb verirdim. Elə bir hissdir ki, sanki kimsə başımı suya basıb, nəfəs almağa qoymur. Artıq huşum gedəndə, otaq yoldaşım azərbaycanlı təcili yardımı çağırdı”.

Təcili yardım briqadası xəstənin vəziyyətinin ağır olduğunu görüb, test götürmədən dərhal xəstəxanaya çatdırıb. Burda o, reanimasiyaya yerləşdirilir, süni tənəffüs aparatına qoşulur.

Qasım 70 saylı Federativ xəstəxanada müalicə alıb, COVID 19 testinin nəticəsi də pozitiv çıxıb.

“Ağciyərlərimdə ikitərəfli pnevmoniya aşkarlandı. Yaxşı ki, otaq yoldaşıma yoluxmamışdı. Həkim dedi ki, ola bilsin virus otaqdakılardan keçib, çünki çox adam xəstəliyi simptomsuz keçirir.

Karantin olduğundan iş yox idi və özüm də çox yerə gedib gəlməmişdim. Harda, necə yoluxmağım müəmmalı qaldı. Amma fakt ortada idi. Xəstəxanada huşum gedir, arada qayıdırdı. Onda da həkimləri görürdüm. Danışa bilmirdim. 5 günə müalicələr yavaş-yavaş nəticə verməyə başladı, süni tənəffüsdən ayrılıb özüm nəfəs almağa başladım. 10 gün dərindən nəfəs alıb verə bilmirdim. Elə indi də təngnəfəslik qalıb”.

Artıq evə yazılan Qasım İsmayılov testinin neqativ çıxdığını və donor kimi xəstələrə yararlı olacağını bildirdi.

 

“Həkimlər öləcəyimi düşünürdülər, deyirmişlər, bu xəstə sağalmaz. Amma sağ olsunlar, müalicəmi axsatmadılar. Xəstəxanadan məni alqışlarla yola saldılar. Dedilər sağ qalman möcüzə idi”

O, koronavirusa bənzər xəstəliyə bu vaxta kimi rast gəlmədiyini və heç vaxt belə xəstələnmədiyini bildirir:

“Mən uşaq vaxtı pnevmoniya olmuşdum, ömrüm boyu ağır qrip də keçirmişəm, amma belə bir xəstəlik görməmişəm. Koronavirusun qızdırması, öskürəyi, boğulması bir bəladır. Kitaba yazılası, sözlə deyiləsi deyil. Mən bütün simptomları ilə bunu yaşadım. Bu gün də qorxuram, tutulmamaq üçün qorunuram. Bakıya qayıdacağım vaxtı gözləyirəm ki, orda yaxşı dost həkimlər var, ağciyərlərimi müalicə etdirim, çünki təngnəfəslik əziyyət verir.

Ola bilər kimsə bu virusu yüngül keçirir. Amma bilin ki, əgər yoluxdunuzsa, hər şey ola bilər. Bir anda koronavirus sizi elə bir hala gətirə bilər ki, qorunmadığınıza peşman olarsınız. Xəstə axtarırsızsa, budur qarşınızdayam. Xəstələndiyimi gizlətmirəm, kimə lazımdırsa məlumat verə bilərəm”. /Medicina.az/

Mənbə: turkustan.info