“Daş üzərində işləmək böyük məktəbdir” – qazaxlı oymaçı FOTO

“Daş üzərində işləmək böyük məktəbdir” – qazaxlı oymaçı  FOTO

Qazax, 30 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycanda daş oyma sənətinin kökləri burada qədim insanın təşəkkülü ilə eyni dövrə təsadüf edir. Daş məmulatının istehsal texnikasının təkmilləşdirilməsi nəticəsində daş oyma xüsusi sənət sahəsinə çevrilərək ev sənəti kimi formalaşıb. Lakin texnologiyanın sürətli inkişafı gənclərdə bu sahəyə marağı azaldıb. Buna baxmayaraq, daş oyma sənəti bu gün də yaşadılır. Söhbət açacağımız qəhrəmanımız az sayda olan belə sənətkarlardandır.

AZƏRTAC xəbər verir ki, rəssam Məhəmməd Zeynalov Ağstafaçayın Qazax şəhəri ərazisindən keçən hissəsində, çay sahilində yerləşən emalatxanasına daşları çaydan seçib gətirir, burada onlarda maraqlı əsərlər düzəldir.

Qazaxlı rəssam dekorativ tətbiqi sənətin ən qədim növü olan bədii oyma ilə məşğuldur. O, çay daşlarının üzərində milli üslubda naxışlar yonaraq özünəməxsus əl işləri yaradır. “Mənim yaradıcılıqda müraciət etdiyim janr əsasən qrafikadır. Çünki daş üzərində işləmək böyük məktəbdir. Daşlarla ünsiyyətdə olandan sonra onları seçirəm. Bu daşların hər biri qədim dövrdən xəbər verir”, – deyə rəssam söyləyir.

O, səfər etdiyi bölgələrdən daşlar topladığını, lakin işləmək üçün ən uyğun daşların Qazaxda aşkarladığını deyir.

Rəssamın hələ kiçik yaşlarında incəsənətə həvəsi olub. Orta məktəbdə oxuyarkən əl işləri ilə seçilib. Məktəbi bitirdikdən sonra Rusiyada rəssamlıq təhsili alıb və bir müddət orada çalışıb. Ötən əsrin 90-cı illərində doğulduğu Qazax rayonuna qayıdan sənətkar burada müxtəlif üslublu əsərlərə müəlliflik edib.

Daş oyma sənətinin sirləri haqqında danışan rəssam daim axtarışda olduğunu bildirir. O, ən çox çay daşından istifadə etdiyini deyir.

Məhəmməd Zeynalov heç bir işini kommersiya məqsədilə etmədiyini, əl işlərini isə əsasən muzeylərə hədiyyə verdiyini vurğulayıb. Onun əsərlərindən biri Bakıda Heydər Əliyev Mərkəzində, əksər əl işləri isə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunur.

Mənbə: azertag.az