Lənkəran Dövlət Dram Teatrı onlayn qaydada “Ay lolo və ya moskvalı gəlin” tamaşasını təqdim edəcək

Lənkəran Dövlət Dram Teatrı onlayn qaydada “Ay lolo və ya moskvalı gəlin” tamaşasını təqdim edəcək

Lənkəran, 30 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 31-də saat 19:00-da Lənkəran Dövlət Dram Teatrı özünün rəsmi “Facebook” səhifəsində yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşasını onlayn qaydada nümayiş etdirəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə quruluşu teatrın mərhum rejissoru Əməkdar artist Adil Zeynalova məxsus olan tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir.

Moskvada ordu sıralarında xidmət edən Güləli vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını yaxından öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...

Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Təranə Fərəcova, Sayad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və başqaları ifa edirlər.

 

Mənbə: azertag.az