"Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım”

"Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım”

Artıq, ilin 4/1-ni əhatə etməkdə olan və bizdən də yan keçməyən bəşəri pandemiya dövründə, bir-iki zəruri hal istisna olmaqla, əsasən vaxtımı evdə keçirmişəm. Başlıca məşğuliyyətim klasskləri oxumaq, əlimin altında olan müasir ədəbiyyatlarla tanış olmaq, retro və son illərdə istehsal olunan filmlərə baxmaq, media təmsilçilərinin və dostluğumda olan feysbuk istifadəçilərinin əlaqar suallarını cavablandırmaq, sosial şəbəkələr üzərindən aparılan video görüşlərə qoşulmaq və şəxsi yaradıcılığimla bağlı digər məsələlərlə məşğul olmaqdan ibarət olub. Müəyyən gərginlik və yorğunluqdan arada bir, xəyal və düşüncələrə qapılmaq hallarım da az olmayıb.

Belə düşüncələrdən biri, o qədər də uzaq olmayan vaxtların birində bir jurnalistin “Yenidən həyata gəlsəydiniz hansı peşəni seçərdiz” sualına bir nazirimizin “Yenidən nazir olmaq istərdim” cavabını xatirimdə canlandırdı. İstər-istəməz belə bir sualın mənə veriləcəyi halda, nə cavab verəcəyim barədə düşündüm. Öz-özümə qəti qərara gəldim ki, bununla bağlı mənə yeni bir şans verilsəydi, tərəddüd etmədən müəllim olardım - deyərdim. Çünki, mən öz arzum və istəyimlə müəllim peşəsini seçsəm də, müəllimlik peşəsi üzrə ali təhsil alsam da, 5 illik təyinat müddəti istisna olmaqla, bu şərəfli peşədə çalışmaq mənə müyəssər olmadı, yalnız müəyyən dairələrdə təhsil eksperti kimi tanınmağımdan savayı, peşəkar müəllim səviyyəsinin dərinliklərinə nüfuz etmədi.

Baxmayaraq ki, bu sahə üzrə akademik təhsil belə aldım, müxtəlif ali məktəblərdə, müəllimlərin və rəhbər pedaqoji işçilərin ixtisasartırmə və yenidən hazırlanma kurslarında mühazirələr oxudum, təhsil sahəsi üzrə müxtəlif təlimlərə və treninqlərə cəlb olundum, Respublika səviyyəli və beynəlxalq miqyaslı diplomlara və sertifikatlara layiq görüldüm. Bununla belə bunların heç biri sıravi müəllim peşəsi sahəsində əldə edə biləcəklərimi əvəz edə bilməyəcəkdi. Mən, məndən asılı olmayan bir sıra obyektiv və subyektiv səbəblərdən əvvəlcə o qədər də həvəsində olmayan məmur, sonradan isə mücərrəd xarakter daşıyan ekspertə çevrildim.

Nə dərəcədə etibarlı mənbəə olub-olmadığını dəqiq deyə bilmərəm, ancaq maraqlıdır ki, ABŞ konqresi Kitabxanasının konkret şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilən və 2008-ci ilin əvvəlinə aid kataloqlarının məlumatları əsasında hazırlanan, İmmanuel Kant, Avraam Linkoln, Fridrix Hegel, Ziqmund Freyd, Fridrix Nitsşe kimi digər onlarla tanınmışların yer aldığı, Onore de Balzak və Fridrix Şellinqin müvafiq olaraq 271 və 270 səslə qapandığı “Tarixdə ən çox öyrənilən şəxsiyyətlər siyahısı”nda 3180 səslə birinci yerə layiq bilinən alman filosofu Karl Marksla bağlı gənclik illərimdə oxuduğum bir əhvalatı xatırladım.

Jurnalistlər Marksa bir neçə sualla müracət edərkən, yadımda qaldığığı qədər “Qiymətləndirdiyin ən insani keyfiyyət” sualını- “səmimiyyət”, “Ən çox sevdiyin müəllif və əsər” sualını- “Homer, İliada”, “Ən çox bəyəndiyin insan adları” sualını – “Janna və Laura” (öz qızlarının adları) “Ən çox xoşladığın rəng” – “qırmızı”, “Ən çox meyl etdiyin qida” – “balıq əti” və s. kimi cavablandırıb.

Indi, özümü Marksa oxşatmaq anlamına gəlməsin və sabiq nazirin cavabına bənzəməsin, mənim də şüurlu fəaliyyətim boyu insanlarda qiymətləndirdiyim ən yüksək keyfiyyət səmimiyyət olub və daim səmimi insanların əhatəsində olmağıma səy göstərmişəm, baxmayaraq ki, müəyyən məqamlarda yanıldığım hallar da olub. O ki, qaldı yenidən dünyaya gəlsəydim, hansı peşəni seçəcəyimə - birmənalı şəkildə müəllimliyi. Çünki, bir vaxtlar seçim etməkdə elə də bir müstəqilliyimiz olmayıb. Başqa sözlə pariya nə məsləhət bilibsə, o da olmalı idi. Sən partiyaya orda yox, burda lazımsan prinsipinə tabe olmamaq isə karyerana baha başa gələ bilərdi. Başqa sözlə, “Ağa deyir sür dərəyə, sür dərəyə!”

Kimlərə qəribə və təəccüblü görünsə də, ən sevdiyim və bu gün də təkrarən oxumaqda olduğum müəlliflər Fyodor Dostoyevski və Frans Kafka olub. İnsanda pessimiz meyllərini gücləndirsə də, həyatı daha dərindən, bütün həqiqətləri ilə olduğu kimi dərk etməkdə mənə yardımçı olub. İndi, daha dərindən dərk etməyə başlamışam ki, “Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım."

Nadir İsrafilov

Mənbə: moderator.az