Görkəmli qazax yazıçısının “Kızıl cebe” romanının təqdimatı olub

Görkəmli qazax yazıçısının “Kızıl cebe” romanının təqdimatı olub

Görkəmli qazax yazıçısı Şerhan Murtazanın “Kızıl cebe” romanının virtual təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən təşkil olunan təqdimatın açılışında çıxış edən AYB-in sədri Yaqub Öməroğlu Şerhan Murtazanın həyat və yaradıcılığı barədə qısa məlumat verib.

Sonra Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulugbek Esdayletov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və başqaları böyük ədibin çətin və şərəfli ömür yolundan, nadir yaradıcılıq üslubundan danışıblar. Diqqətə çatdırılıb ki, Şerhan Murtaza yalnız bədii əsərlər yaratmaqla deyil, ictimai-siyasi fəaliyyəti, publisist yaradıcılığı və tərcümə işləri ilə də qazax xalqının inkişafına və müstəqilliyinin əldə olunmasına böyük töhfələr verib.

“Kızıl cebe” romanı ilə bağlı fikir və mülahizələrini bölüşən tədqiqatçı Ataman Kalebozan deyib ki, bu roman real hadisələri əks etdirən bədii əsər kimi hər zaman oxucular üçün cəlbedici olacaqdır.

Virtual təqdimatda yetmişdən yuxarı şəxs, o cümlədən tanınmış şair və yazıçılar iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az