Köhnə fotoşəkillərin rənglənmiş halı

Köhnə fotoşəkillərin rənglənmiş halı

Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə əlaqədar son günlərdə həm saytlarda, həm də sosial şəbəkələrdə Məhəmməd Əmin Rəsulzadənin 23 yaşında, yəni 1907-ci ildə çəkilən fotoşəklinin ranglənmiş variantı yayımlanır. Rəsulzadənin digər rənglənmiş (rəngli yox, məhz rənglənmiş) fotoşəkilləri də artıq orijinallarının yerini tutublar.

Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin qətlə yetirilməsinin 100 illiyi ilə bağlı yazılar da sosial şəbəkədə onun rənglənmiş şəkli ilə yerləşdirilib. İnternetdə axtarsanız, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Hacı Zeynalabidin Tağıyev, Ağa Musa Nağıyevin də rənglənmiş fotoşəkillərini tapa bilərsiniz.

Texnologiyanin indiki mərhələsində ağ-qara şəkillərin rənglənməsi elə də çətin iş deyil. Dünyada bu işə çoxdan başlayıblar. Hazırda Bakıda da bununla məşğul olan mütəxəssislər və studiyalar var. İstəyirsinizsə, ailə albomunuzdakı ağ-qara rəngli şəkilləri aparıb rənglətdirə, yaxud xüsusi proqramların köməyi ilə bunu kompüterdə özünüz də edə bilərsiniz. Bu artıq bir zövq məsələsinə çevrilib. Kim özünün, valideynlərinin, baba və nənəsinin nə zamansa çəkilmiş fotoşəklini rənglətmək, onu sanki bu günlərdə çəkilmiş hala gətirmək, bununla şəkildəki insanları həm də bir az cavanlaşdırmaq istəyirsə, buyursun. Bu onun şəxsi işidir. Şəxsən mənim belə bir niyyətim yoxdur. Uşaq ikən, sonra orta məktəbdə oxuyanda çəkilən 5-6 fotoşəkil həmin illərin yadigarı kimi mənim üçün ag-qara rəngi ilə də qiymətlidir.

...Rəsulzadə, Topçubaşov, Xoyski, Hacı Zeynalabidin Tağıyev kimi şəxsiyyətlərin fotoşəkillərinə münasibət isə şəxsi məsələ ola bilməz. Bu sadəcə, zövq məsələsi də deyil. Çünki həmin şəkillərin hər biri həm də tarixdir. Hansısa ilin, hadisənin, anın tarixi. Ona görə də həmin ağ-qara rəngli şəkillərin rənglənməsi onlarda yaşanan tarixin də rənginin dəyişdirilməsi, bir az sərt səslənsə də, tarixin (eləcə də fotoqrafiya tarixinin) rənglərlə saxtalaşdırılmasıdır. Köhnə fotoşəkillərin bərpası və rənglənməsi iki fərqli prosesdir. Bu şəkilləri bərpa etmək, artıq solan qara rəngini tündləşdirmək mümkündür, amma rəngləmək Bakının tarixi binalarının divarlarının qaşınıb ağardılması kimi xətalı və ziyanlı bir işdir. Baxın, indi Bakıda İçərişəhərdəki bir neçə qədim tikilini, o cümlədən də Qız Qalasını çıxmaq şərti ilə gözlə tanılası tarixi bina demək olar ki, qalmayıb. Hamısının rəngi dəyişdirilməklə “müasirləşdirilib”, onları tikildiyi dövrə bağlayan tellər də qırılıb...

Hələ yaxşı ki, 19-cu əsrin axırlarında çəkilən “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” kinoxronikalarını rəngləmək heç kimin ağlına gəlməyib. Yenə nə yaxşı ki, 20-ci əsrin əvvəllərində dünyada və ölkəmizdə çəkilən səssiz filmləri “danışdırmaq” kimi absurd bir işə girişən də hələ yoxdur. O ki qaldı ağ-qara bədii filmlərin rənglənməsinə, bunun da tərəfdarları ilə yanaşı xeyli əleyhdarının da olduğunu nəzərə çatdırmaqla bu prosesin bum mərhələsini çoxdan keçən Hollivud təcrübəsini xatırlatmağın faydası var. Bu təcrübəyə əsasən demək olar ki, rənglənmiş filmlərin guya gəncləri də maraqlandırmaqla daha çox tamaşaçısının olacağı barədə ehtimallar özünü doğrultmadı. Hazırda ABŞ-da belə filmlər əsasən kabel televiziyalarında, həm də bir qayda olaraq “rənglənmişdir” titri yazılmaqla nümayiş olunur. Bu qayda tarixi şəkillər üçün də keçərlidir. Rəsulzadənin 1907-ci ildə 23 yaşında çəkilən fotoşəklini çap edəndə də altında çəkilmə tarixi və “rənglənmişdir” xəbərdarlığı mütləq qeyd olunmalıdır. Tarix bunu tələb edir.

Və sonda. Siz Leonardo Da Vinçinin çəkdiyi məşhur “Mona Liza”nın nə zamansa sifəti ənlikli-kirşanlı, dodaqları qırmızı boyalı, qaşlı və kirpikli variantlarının da olmayacağına əminsinizmi? Köhnə fotoşəkillərin rənglənmiş halını görəndən sonra şəxsən mən əmin deyiləm.

Mənbə: teleqraf.com