Azərbaycanlı alim beynəlxalq onlayn elmi konfransda məruzə ilə çıxış edib

Bakı, 31 may, AZƏRTAC

Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti "Orta Asiyada mədəni həyat və bəşəriyyətin həyatındakı müasir problemləri" adlı beynəlxalq onlayn elmi konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, konfransa dəvət alan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Əlişir Nəvainin “Məhbubul-qulub” əsəri: ümumtürk tarixinin əxlaq dərsliyi – siyasi estetikasi" adlı məruzə ilə çıxış edib. A.Ülvi məruzəsinə başlamazdan əvvəl AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin universitetin rektoru Şöhrət Siracəddinova və konfrans iştirakçılarına salamlarını diqqətə çatdırıb.

Nəvaişünas alim məruzəsində Əlişir Nəvainin “Məhbubul-qulub” (“Könüllərin sevgilisi”) əsərinə istinadən qeyd edib ki, bu əsər orta əsr klassik bədii nəsrinin ilk kamil nümunəsi sayılır. Ömrünün son illərində yazdığı bir neçə əsərindən biri, bəlkə də elə son günlərində yazdığı “Məhbubul-qulub” mədəniyyət tariximizdə, ümumtürk ədəbiyyat tarixində ən ali etika dərsliyi, nəsihətlərlə dolu müdrik kəlamlar kitabıdır.

Əlişir Nəvai fars nəsrinin ən yüksək ənənələrindən bəhrələnərək bu əsərində dövlət idarəçiliyi və ailə məişət məsələlərinə dair həyat təcrübəsini hekayələr şəkilində, həm də türk dilində yazıb. Eyni zamanda, XV əsrdən sonrakı bədii nəsr nümunəsinin inkişafına öz yüksək təsirini göstərib. Akademik Həmid Araslının bu mənada yazdığı, “Əlişir Nəvai “Məhbubul-qulub” əsəri ilə özbək bədii nəsrinin əsasını qoyub”, – kimi fikri ədəbiyyatşünaslıq tarixində qiymətli qeydlərdir.

“Məhbubul-qulub” dahi mütəfəkkirin yaşadığı və ictimai xadim kimi fəaliyyət göstərdiyi zamanın – cəmiyyətin güzgüsüdür, bütövlükdə isə bir əxlaq dastanıdır.

Sonra konfrans müxtəlif mövzularda məruzələrin dinlənilməsi ilə davam edib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzda intihar olub

SONRAKI XƏBƏR

Köhnə fotoşəkillərin rənglənmiş halı