Xatirəsi unudulmayacaq

Onu yaxşı tanıyırdım. Çəkilişlərində olmuşdum, şirin lətifələrini dinləmişdim. Çox baməzə insan idi. Hətta lətifələri ayrıca kitab halında nəşr olunmuşdu. Elə oynadığı rollarda da xarakteri aydın hiss olunurdu. Xalq artisti Muxtar Maniyev kinoya ən çox çəkilən aktyorlardan olub, 157 filmdə irili - xırdalı rollar ifa edib.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Burada da təhsil alıb. Deyilənə görə, uşaqlıq illərində heç aktyor olmaq istəməyib. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan akt­yorluq sənəti onu sanki ovsunlayıb. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İns­titutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

Kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə olub. Sonra biz onu “Koroğlu” filmində gördük. Kinorejis­sor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kurs­da oxuyurdu. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərində Muxtar çox uğurlu perso­najları ekranda canlandırmaqla özünü təsdiq edib.

Onun konkret ampluası yox idi, müxtəlif xarakterli insanların ob­razını ekranda uğurla yaradırdı. Qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı baca­ran dəyərli insan, bəzən isə şux za­rafatları ilə tamaşaçılara sevinc bəxş edən şəxslərdir. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.

“Bəxt üzüyü”ndəki “zırpı” rolunu xatırlayırsınızmı? Yaxud, “Ölsəm... bağışla” filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma “Bəyin oğurlanması” filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçı­sıdır. “Bakıda küləklər əsir”, “Bizim Cəbiş müəllim”, “Sizi dünyalar qədər sevirdim” və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanların çox maraqlı obrazlarını yarada bilmişdir.

O, məhsuldar çalışan sənətçilərdən idi. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərənTeatr studiyasında da çalış­mışdı. Demək olar ki, hər il bir-iki filmə çəkilirdi. “Mozalan” satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yad­daqalan rolları var.

Xalq artisti Muxtar Maniyev 2016- cı il dekabrın 22-də vəfat etmiş, Qala qəsəbəsində valideynlərinin məzarlarının yanında dəfn edilmişdir.

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Xalası qızını döyərək xəstəxanalıq etdi

SONRAKI XƏBƏR

Siqaret almağa parası yox idi, anidən 61 milyon udaraq zəngin oldu