"Ad günü"nün məşhur aktrisasından İLGİNC ETİRAF

"Ad günü"nün məşhur aktrisasından İLGİNC ETİRAF

Xalq artisti Şükufə Yusupova Real TV-də yayımlanan "Profil" verilişinin qonağı olub.

"Ölkə.Az" xəbər verir ki, veriliş ərzində dəfələrlə Azərbaycan mediasına müsahibə verməkdən qaçdığını bildirən aktrisa, bunun səbəblərini belə izah edib:

"Yaradıcılığımdan başqa hər hansı suallara cavab vermək istəmirəm. Ona görə də tamaşalardan və film çəkilişlərindən savayı, digər təkliflərdən imtina edirəm. Çünki suallar məni qane etmir".

Xalq artisti bildirib ki, istər sovet dönəmində, istərsə də son illər xeyli film və tamaşadan imtina edib:

"Ürəyimcə olmayan heç bir işi görmürəm. Bilirəm ki, gec-tez onu dayandıracağam, davam etdirə bilməyəcəyəm. Ona görə də istəmədiyim işlə əvvəlcədən razılaşmıram".

Yusupova aktyor və aktrisalarının qonorar problemlərindən də söz açıb:

"Heç vaxt qonorar söhbəti etməmişəm. Çünki işimi çox sevdiyim üçün bunlar mənə maraqlı olmayıb. Ola bilər ki, ortada cüzi məbləğ var və mənə veriləcək qonorar o qədər də yüksək deyil. Belə olan halda pulsuz da çəkilmişəm. Amma görsəm ki, büdcə yetərincədir, o zaman öz qonorarımı deyib, sonra çəkilirəm. Və demək olar ki, həmişə də mənim tələb etdiyim qonorar məbləği verilir".

Xalq artisti proqramda bir maraqlı etiraf da edib. O bildirib ki, çəkildiyi filmlərə demək olar ki, baxmır:

"Öz oynadığım rollara baxmağı xoşlamıram. Məsələn, "Ad günü" filminə 25 il sonra baxmışam".

Mənbə: olke.az