“Bizi sevən, ucaldan bu xalqa hər zaman borcluyam, qarşılarında baş əyirəm...”

“Bizi sevən, ucaldan bu xalqa hər zaman borcluyam, qarşılarında baş əyirəm...”

Xalq artisti Gülyanaq Məmmədova Moderator.az-a açıqlamasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə onları təbrik edib:

“Bu gün bütün uşaqların bayramıdır və bu münasibətlə bütün uşaqları təbrik edirəm, hər birinə sağlam, xoşbəxt gələcək arzu edirəm. Bütün ata-anaları, nənə-babalara da arzu edirəm ki, sağlam olsunlar ki, övladlarını da bu həyat, cəmiyyət, vətən üçün sağlam ruhda böyüdə bilsinlər. Uşaqlar bizim gələcəyimizdir və arzum odur ki, onlar da böyüyüb bizim milli-mənəvi dəyərlərimizi qorusunlar, dövlətimiz üçün yararlı olsunlar”.

Sənətçi 28 illik səhnə fəaliyyəti ilə bağlı hazırlanan verilişi haqda da danışıb və əməyi keçən hər kəsə təşəkkür edib:

“Artıq 28 ildir ki, səhnə fəaliyyətindəyəm və eyni zamanda, 16 ildir ki, müəllim kimi tələbələr yetişdirirəm. Mən hər zaman bir az təvazökar, çəkingən olmuşam. Elə həmişə oxumuşam, yaradıcılıqla məşğul olmuşam, çalışmışam bir əsər ortaya çıxarım, konsert verim. Özünüz də bilirsiniz ki, illərlə bütün xarici ölkələrdə yorulmadan Azərbaycan musiqi mədəniyyətimizə xidmət etmişəm, ölkəmizi layiqincə təmsil etmişəm və bu işimdən də həmişə zövq almışam. Mən ATV telekanalının rəhbərliyinə, əzizimiz Nanə xanıma təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bütün televiziyalarımız bizi hər zaman işıqlandırıblar, dövlət televiziyamız başda olmaqla hər birinə minnətdaram. Onlar məxsusi olaraq Gülyaz xanıma və mənə ayrı diqqət yetiriblər. Nanə xanım çox sağ olsun öz diqqətini bizdən əsirgəməyib, haqqımızda gözəl verilişlər edib. Artıq beş ildir ki, “Nanəli” verilişində çıxış edirəm və özümü o ailənin bir üzvü kimi hiss edirəm. Onlar həmişə bizi böyük sevgilərlə xalqa təqdim edib. Nanə xanım bizimlə yanaşı, gənclərə də böyük diqqət göstərir. Özünüz də bizim tələbələrimizin verilişdə iştirakının şahidisiniz. Bu dəfə verilişi mənim yaradıcılığıma həsr edəndə bir az tərəddüd etdim, dedim ki, hələ mən neyləmişəm ki? Nanə xanım dedi ki, “siz çox işlər görmüsünüz xalqımız üçün, mən çox məmnuniyyətlə sizi verilişə çəkmək istəyirəm”. Buna görə mən Nanə xanıma öz təşəkkürümü bildirirəm. Gözəl də veriliş hazırladı. İstəyərəm ki, efirə çıxa bilməyən tələbələrimiz də o ekranlarda görünsünlər, çünki onların da istedadlıları çoxdur. Mən böyük sənətkarımız Nürəddin Mehdixanlıya minnətdaram. Onun da gəlişi, sənətimə verdiyi dəyər verilişi çox gözəlləşdirdi. Eyni zamanda, sizlərə də diqqətiniz üçün təşəkkürümü bildirirəm. Tələbələri yetişdirmək mənim borcumdur. Bizi sevən, ucaldan bu xalqa hər zaman borcluyam, qarşılarında baş əyirəm”.

Mənbə: moderator.az