Göstəriş qurbanı uşaqlar

Göstəriş qurbanı uşaqlar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Sosial şəbəkədə gördüyüm qədərilə bu günü xatırlayan xeyli insan var. Uşaqlarının şəkillərini paylaşaraq onlara sevgilərini, arzularını xoş sözlərlə ifadə edən kifayət qədər valideyn var. Çox xoş mənzərədir. Lakin məni düşündürən görünüşdə bu qədər sevgi dolu valideynlər olduğu halda necə qəddar, bir-birini incitməkdən həzz alan insanların cəmiyyətimizdə çoxluq təşkil etməsidir. Əlbəttə, mənim əlimdə indiki və keçmiş nəsillər arasındakı fərqi obyektiv dəyərləndirən statistika yoxdur, buna görə yanaşmamın obyektivliyi sual altına düşür, lakin subyektiv olsa da, müşahidələrimdən yola çıxaraq təhlilimi, fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Əvvəlcə sosial şəbəkələrdən başlamaq istəyirəm. Sosial şəbəkələr bizə canlı təmas olmadan da insanlarla ünsiyyət şansı verir. Fikirlərimizi, emosiyalarımızı üz-üzə gəlmədən də qısa müddətdə çatdıra bilirik. Bəzən bizə elə gəlir ki, insanlar sosial şəbəkələrdə canlı ünsiyyət zamanı olmadıqları qədər səmimi, yaxın ola bilirlər. Məsələn adi həyatda əks cins olaraq kiminsə ərinə/arvadına “yaraşıqlısınız/gözəlsiniz” desəniz, güman ki, sevgilisində aqressiya yarana bilər. Amma sosial şəbəkələrdə şəkillərinə ürək atsanız və ya bəyənsəniz, təbii qarşılanacaq, hətta onlar da sizin paylaşdığınız şeylərə elə reaksiya verməyə başlayacaqlar. Çünki sosial şəbəkələrdə birbaşa təmas olmadığı üçün hər hansısa “təhlükə” də birbaşa, dərhal hiss olunmur. İnsanlar daha səmimi görünərək daha çox qoruna, gizlənə bilirlər. Virtual dostluqlar daha rahatdır, çünki sənin haqqında təəssüratları sənin yaratdığın, kontrolu əldən vermə şansın, demək olar ki, nadirən baş verən ideal profildən ibarətdir.

Valideyn olan kəslərin ideal profillərinin əsas elementlərindən biri də uşaqlarıdır. Onların əksəriyyəti uşaqlarına olan sevgilərini uşaqlarından çox başqalarına isbatlayanda daha rahat olurlar. Çünki uşaqları balaca olanda, onsuz da onların pis valideyn olduqlarını, adətən, hiss etdirmirlər. Necə hiss etdirsinlər, axı uşaqların öz valideynlərini başqalarıyla müqayisə edəcək eqosu birbaşa formalaşmır. Amma böyüklərin kimisə yaxşı və ya pis valideyn olaraq dəyərləndirəcək şəkildə müqayisə imkanları, ittiham edə biləcək eqoları formalaşıb. Ona görə də başqalarının gözündə yaxşı valideyn olmaq öz uşaqlarının gözündəkindən daha dəyərlidir.

Kifayət qədər insan var ki, uşaqları barədə əvvəlcədən öyrənməli olduğu şeyləri onlar üzərində qurbağalar tək təcrübə keçə-keçə öyrənir, əsəbləşəndə uşağı döyür, vaxtı-vaxtında havaya çıxarmır, sağlam qidalandırmır, çoxlu öpmür, ona kitab oxumur, əyləncəsinə xüsusi diqqət ayırmır, uşağını yaxşı müşahidə edərək nəyə daha çox yatqın olduğunu görüb onu o sahəyə yönləndirmir, lakin tez-tez oxumaq-yazmaq bilməyən, sosail şəbəkə hesabları olmayan uşağının şəklini ona xitabən paylaşaraq “ana/ata səni çox sevir, yaxşı ki, varsan” yazır. Bu tip valideynlərin çoxu bir dəfə olsun uşaqlarının üzündən öpərək təşəkkürlərini birbaşa onların özlərinə bildirməyiblər. Ola bilər ki, o tipli valideynlərdən kimsə yazını oxuyanda düşünər ki, uşaq indi görmür, lakin xatirədir, gələcəkdə, böyüyəndə görəcək və xoşuna gələcək. Təəssüf ki, bu, hər zaman keçərli deyil. Necəki bəzi vitaminlər məhz filan dövrdə inkişafa yaxşı təsir edir, sonra əhəmiyyət kəsb etmir, eləcə də sevgi də ən çox uşaqlıq dövründə olduqca böyük əhəmiyyət kəsb edir. Əgər uşaqlar xüsusilə anaları tərəfindən bol, mümkün qədər şərtsiz (insan övladının tam şərtsiz sevdiyinə inanmıram) sevgi ilə böyüdülsələr, onların boşluq doldurmaq üçün xatirələrə ehtiyacı olmayacaq. Keçmişə dair xatirə həm də o halda insana böyük həzz verir ki, keçmişdə həmin hadisəni yaşayanda biz xoşbəxt olmuş olaq. Bu gün bir çox uşaq o xatirə şəkillərini çəkdirəndə xoşbəxt olmaq bir qırağa, əzab çəkir. Bəzi valideynlər sırf uşaqlarını başqa insanlar bəyənsin deyə onlara dar, incidici, sintetik məhsullardan paltarlar geyindirirlər. Bunun adı sevgi ola bilməz. Olsa-olsa, öz natamamlıqlarını uşaq vasitəsilə doldurmaq olar.

Başqa kədərli mənzərələrdən biri də valideynlərin öz ideologiyalarını, həzlərini uşaqlara sırımağı, onlara da tətbiq etdirməyidir. Məsələn milliyyətçi valideynlərin uşağa millət, bayraq haqqında şeir əzbərlətməsindən tutmuş hansısa siyasi liderə pərəstiş edən valideynin uşağına pafosla yaltaq çıxışlar əzbərlətməsinə qədər. Bir az da genişləndirmək lazımdırsa, öz futbol komandasını, dini inancını, inancsızlığını uşağa sırımağa qədər uzatmaq olar. Bu tipli adamlar uşaqlarına yol göstərmiş sayılmırlar, onları öz yollarında məcbur şəkildə yeritmiş olurlar. Uşaqları nədənsə agah etmək “yaxşı” və ya “pis” deyə dəyərləndirmədən bir neçə yolları göstərmək, riskləri, müsbət və mənfi tərəfləri maksimum obyektiv şəkildə izah etməkdir; əgər valideynin sadaladıqlarımı edəcək potensialı yoxdursa, o zaman işi bunları edə biləcək adama həvalə etməlidir. Təbbi ki, bəzi məqamlarda öz gücsüzlüyünü qəbul etmək üçün gərək uşaqdan əvvəl özün böyüyəsən.

Başqa bir ağrılı nöqtə isə zərurət olmayan məsələlərdə: sünnət, qulaq deşdirmək və s. uşağın yerinə qərar verərək, onun bədəninə müdaxilə edərək gələcək seçim imkanlarını onun əlindən almaqdır. Əgər tibbi zərurət yoxdursa, uşağın sünnət nəyinə gərəkdir? Uşağın yerinə qərar vermək az deyilmiş kimi onun bədəni ilə bağlı bir şeyi xeyli insana bildirmək, toy etmək, toydan pul yığmaq daha biabırçı bir şeydir. Həmçinin bir yaşı tamam olan kimi uşağın qulağını deşdirib qızıl sırğa taxmaq da uşağın marağında deyil. O, ümumiyyətlə, o yaşda nəinki qızıl, gümüş dərdindədir, heç aksesuar taxmaq belə istəmir. Əgər istəsəydi, qulağını deşəndə ağrıdan ağlamazdı, sırğanı dartışdırıb çıxarmaq istəməzdi. Axı o bizim kimi aksessuar taxaraq gözəlləşməkdən, bununla başqalarına fors etməkdən həzz almır. O, əlini, ayağını sovurmaqdan, pişiyin arxasınca düşməkdən, süddən və s. şeylərdən həzz alır. Niyə uşağa ona həzz verən şeyləri yox, özümüzə həzz verən şeyləri etməliyik?! Bu haqqı bizə kim verib?!

Mənə elə gəlir ki, valideynlərin çoxu uşağı dünyaya gətirməyin ona müdaxilə etmə haqqı tanıdığını düşünür. Nəzərə almaq lazımdır ki, bizim kimi cəmiyyətlərdə uşaqlar qohum-qonşunun ağzını yummaq üçün alət, vasitədir. Yəni o uşağı uşağın həyatı üçün yox, öz nüfuzun üçün dünyaya gətirib sonra uşağa minnət qoyaraq necə gəldi davranmaq, gələcək problemlər zamanı mövzu üzərindəki hakimiyyəti əldən verməmək üçün “səni mən dünyaya gətirmişəm” deyərək uşaqlarla manipulyasiya etmək etik deyil.

Bir günlük bayramla uşaq daim xoşbəxt olmur. Uşaqlar o halda xoşbəxt olur ki, o uşağı, sağlamlığını, əyləncəsini, təhsilini düşünən valideynləri var. O valideynlər ki, uşağını göstəriş xətrinə yox, həqiqətən sevir, çoxlu öpür, qucaqlayır. Problemlərini bacardıqca “mən sənə demişdim”-lərsiz, ittihamsız dinləyə bilir, yıxılanda ayağa qalxmaları üçün stimul verir, onlarla yanaşı özü də öyrənməyi, günbəgün dəyişən dünyaya ayaq uydurmağı seçir. Ən önəmlisi uşaqların üzərində tərbiyə adı ilə diktatura qurmur, avtoritarlıq etmir, uşaqlardan əvvəl özünü yenidən və sağlam tərbiyə etməli olduğunu bilir. Əgər bizim valideynlərimizin çoxu bizi tərbiyə etməzdən əvvəl özlərini tərbiyə etmiş olsaydılar, bu gün daha sevgi dolu, daha yaxşı cəmiyyətdə yaşamış olardıq.

Mənbə: azlogos.eu