“Üç alov” adlı folklor, klassik və müasir yaradıcılıq üzrə beynəlxalq onlayn festivala yekun vurulub

“Üç alov” adlı folklor, klassik və müasir yaradıcılıq üzrə beynəlxalq onlayn festivala yekun vurulub

Bakı, 1 iyun, AZƏRTAC

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına onlayn platformada qala-konsert formasında yekun vurulub.

AZƏRTAC xəbər verir ki, karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycanın və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı, İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarus və Özbəkistandan iştirakçılar çıxış ediblər. Üç yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala Təhsil Nazirliyi sistemindəki və digər ölkələrdən müraciət etmiş ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, məktəbdənkənar təhsil müəssisələri dərnəklərinin üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 1750 uşaq və gənc müraciət edib.

Festivalın münsiflər heyətində tanınmış Xalq artistləri və Əməkdar artistlər, milli, müasir, bal rəqslərinin müəllimləri, baletmeysterlər, xoreoqraflar, sənətşünaslıq üzrə fəlsəfə doktorları, vokal və instrumental ifaçılıq üzrə müəllimlər təmsil olunub.

İyunun 1-də festivalın final mərhələsi 4 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən iştirakçılar canlı yayıma qoşulublar. Festivala təqdim olunan ifalar üzrə 1750 iştirakçıdan 250 nəfəri münsiflər heyəti tərəfindən seçilib və onların folklor, klassik, müasir bölmələrin hər nominasiyasında I, II, III və həvəsləndirici yerlər üzrə qiymətləndirilməsi aparılıb.

Qaliblər diplom, bütün digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Festivalın “Qran-Pri” mükafatına isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının vokal qrupu layiq görülüb.

Mənbə: azertag.az