50 il “Səhranın bəyaz günəşi” altında - Fotolar

Başıbəlalı filmi Brejnevin zəngi xilas edib "Səhranın bəyaz günəşi»ni sovet kinosunun vesterni adlandırırlar. Düz yarım əsr əvvəl məşhur film kinoprokatda göründü. Amma filmin taleyi, məşhurluğu qədər də maneələrlə dolu idi. Xoşbəxtlikdən, film nəinki ekranlara yol tapdı, hətta sovet ekranının ən sevilən və baxılan kinosuna çevrildi. 1969-cu ildə ekranlara çıxan filmi 100 milyondan çox tamaşaçı izlədi. Səhrada hərəmxana hekayəti
1968-ci ildə «Mosfilm»də maksimum "izləyici” toplayacaq Eksperimental Yaradıcılıq Birliyi yaradıldı.
Birliyin rəhbərləri Qriqori Çuxray və Vladimir Pozner cəsarətli, rəngarəng və cazibədar qəhrəmanlar canlanacaq filmlər çəkməyə qərar verdilər. Onlar ssenari üçün Andrey Konçalovskiyə müraciət etdilər. O, Fridrix Gorenşteynlə birlikdə "Quldurlar”in ssenarisini yazdı, lakin bu ssenari işə yaramadı (yalnız bir neçə il sonra "Özbəkfilm”də "Yeddinci güllə” adı altında ekranlaşdırıldı).
Ssenarinin yazılışı ərəfəsində ilkin variantda filmin adı "Hərəmləri qoruyaq” seçilsə də, SSRİ-nin Dövlət Kino İdarəsi "İnqilabi mövzu və belə qeyri-ciddi ad…” deyərək etiraz edir. Ad seçimi müzakirə edilir və ssenaristlərin istəyi ilə "Səhranın bəyaz günəşi” üzərində dayanırlar. Həmin ərəfədə Konçalovski filmi çəkməkdən imtina edir. Əhvalını pozmayan Birliyin rəhbərləri yeni bir briqadanın yaradılması ideyasını irəli sürürlər. Kinodramaturq Rüstəm İbrahimbəyovla təcrübəli yazar Valentin Yejova müraciət edirlər. Süjet axtarışında olan müəlliflər vətəndaş müharibəsi veteranlarına müraciət edərək "Müharibədə gülməli hadisələr olurdumu” sualını verirlər. Həmin veteranlardan biri səhrada hərəmxanaları qoyub qaçan dəstədən danışır və çadrada olan həmin qadınların səhrada bir çox çətinliklərlə üzləşdiklərini deyir.
Bu hekayə film üçün süjet xətti rolunu oynayır. «İnqilab filmin mövzusu deyil. Bu, müəyyən bir fondur. Filmdə həmin bölgədə bir rus əsgərinin həyatı və sərgüzəştləri göstərilir. O, öz inqilabi borcunu ödəməklə vəzifəlidir, çalışır ki, bu doğma keyfiyyətini, həqiqi xalq qəhrəmanlığını qorusun. Filmin çəkildiyi yerlərdə də, ətraf ölkələrdə də bu xüsusiyyət sevilir. Elə başqalarında olduğu kimi...”- deyə filmin ssenari müəllifləri bildirirdilər. "Bəyaz günəşin...” şansı
Çuxray filmin çəkilişi üçün kinorejissor V.Motılı studiyaya dəvət edir. Motıl ən istedadlı sovet rejissorlarından biri idi - sadəcə, çox şanslı deyildi. Əvvəlki filmlərindən "Jenya, Jeneçka və Katyuşa” sovet ordusuna böhtan sayılaraq çətinliklə yayımlanmışdı. O, SSRİ Nazirlər Sovetinin Kino üzrə Dövlət Komitəsinin rəhbəri Filipp Yermaş tərəfindən şəxsən sevilmədiyinə görə, problem yaşayırdı. Motıl etibarsız rejissor sayılırdı. Buna baxmayaraq, ona "Səhranın bəyaz günəş”ni çəkmək şansı verildi. Lakin onun Qərbdən əl çəkmək fikri yox idi - dekabristlər haqqında bir film çəkməyi xəyal edirdi. Bir neçə il sonra "Xoşbəxtliyin cazibədar ulduzu”nu çəkməyə nail oldu. Ona elə gəlirdi ki, Böyük Vətən müharibəsi haqqında filmin fəlakətli qəbulundan sonra yuxarı orqanlar ona mülki film çəkməyə heç vaxt imkan verməzlər. Amma ona pul çox lazım idi. O, həmin vaxtı az qala səfalət içərisində yaşayırdı. ETO-nun rəhbərliyi vəziyyəti düzəltməyə razılaşdı.
Çəkilişlər çətinliklə keçdi. Fyodr Suxov roluna Georgi Yumatov təsdiq olundu. Ancaq onu sonradan əvəz etmək lazım gəldi. İşə başlamaq vaxtı çatanda Yumatovun dostu vəfat etdi. O, dərdindən içirdi. Sonradan o, Vladimir Motıl və həmkarları qarşısında çəkiliş üçün tamamilə yararsız vəziyyətə düşdü. Üzündəki qançırları və şişləri heç bir qrimlə ört-basdır etmək mümkün olmadı. Ona görə də rejissor "Yumatov həmkarlarına da mane ola bilər” deyərək, vəziyyətin ciddiliyindən ehtiyat etdi. Motıl təcili olaraq çəkilişlərə aktyor Anatoli Kuznetsovu dəvət etdi. Kuznetsov əvvəl də Yumatovla sınaq çəkilişlərində paralel iştirak etmişdi. Xoşbəxtlikdən, onu seçmədiklərinə görə inciməmişdi. Anatoli təcili yığışıb çəkiliş meydanına gəldi.
Vladimir Motıl tezliklə rus kinosunun şah əsərinə çevriləcək "Səhranin bəyaz günəşi”nin çəkilişlərinə başladı.
Leninqrad Kinematoqrafiya İnstitutunun aktyoru Pavel Luspekayev Verşaqin roluna təsdiq olundu. Aktyorun səhhəti ilə bağlı ciddi problemi vardı. Cəbhədə ayaqları donmuşdu və oynaqlarında ateroskleroz başlamış, bir neçə ildən sonra hər iki ayağında barmaqlarını amputasiya etmək lazım gəlmişdi. O, şikəst olmuşdu. Əməliyyatdan sonra da ona ağrıları əzab verirdi. O, yalnız ağrıkəsicilərlə sakitləşirdi. Luspekayevin evinə gələn rejissor onu ayaq üstə görüb təəccübləndi. O, aktyoru pavilyonda çəkilişlərdə iştirak etməyə dəvət etdi. Ancaq Pavel Luspekayev inadkarlıqla bildirdi ki, Verşaqin fiziki baxımdan güclü, sağlam adam olmalıdır. Əks halda, filmin finalında tamaşaçının yatmış şikəstə yazığı gələcək. Nəticədə, Dağıstanda çəkilişlər aktyor üçün çox əzabverici oldu. Mehmanxanadan çəkiliş meydanına qədər qumun üzərində piyada getmək lazım idi. Avtomobil oralara yaxınlaşa bilmirdi. Meydançada da yenidən addımlamaq tələb olunurdu. Fasilədə Luspekayevi sahildə oturub ayaqlarını dəniz suyuna salmaq xilas edirdi. Petruxa rolunu oynayan Nikolay Qodovikov ona protezlərini çıxarmağa kömək edirdi. O, özünə gələnə qədər Pavelin yanında oturur və göz yaşlarının yanaqlarından axdığını görürdü. Ancaq Luspekayev ona bu barədə danışmağı qadağan etmişdi. Qodovikov bu qadağanı yalnız bir neçə illər sonra – Pavelin ölümündən sonra pozdu. Luspekayev 1970-ci ilin 17 aprelində «Bəyaz günəşin» premyerasından 18 gün sonra aorta damarının partlamasından vəfat etdi. Kəsilən kadrlar
Film hazır olduqdan sonra bir çox kadrlar çıxarılır. "Kəsilən hissələrdə Abdullanın arvadının onun ölmüş cəsədinin yanında oturub ağlaması, Qırmızı Ordu əsgəri Suxovun səhrada xilaskar kimi yox, yeni başçı kimi dolanması kadrları vardı”- deyə ssenari müəllifi Rüstəm İbrahimbəyov müsahibələrinin birində deyib: "Bundan başqa, hərəmlərdən biri səhrada üzərində "Karl Marks” yazılmış kitabı oxuyur. Doğrusu, iki variant çəkilmişdi. Birində imza yaxşı görünür, ikincidə isə budaq onun üstünü örtür…Doğrudur, biz hesab edirik ki, kəsilən kadrlar film üçün itkidir. Ancaq Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Valentin Yejov filmin müzakirəsini belə bir elanla başladı ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur”. Brejnev filmin himayəçisi kimi
Aktyorlar Dağıstanda, Xəzər dənizinin sahillərində təbii səhnələrin çəkilişi zamanı xoş olmayan əlamətlərlə qarşılaşdıqlarını xatırlayırdılar. "Ritual şampan şüşəsi gəminin bortunda üçüncü dəfə sındı. Sonra çəkilişlərin ortasında birdən-birə hava qaraldı, günəş tutulması baş verdi”.
Əlamətlər "Bəyaz günəşin...” taleyindən yan ötmədi. Dağıstan pavilyonlarında çəkilən kadrlar Bədii Şura tərəfindən qətiyyən bəyənilmədi. Motılı bədxərclikdə günahlandırdılar. Çünki hələ qarşıda Özbəkistan və Türkmənistana ekspedisiyalar var idi. Bu çəkilişlər üçün pul, demək olar ki, qalmamışdı. Filmi başqa rejissora – Vladimir Basova vermək istədilər. Ancaq o, bunu həmkarlarına qarşı xəyanət hesab edərək imtina etdi. Sonra çəkilişləri, ümumiyyətlə, dayandırmaq və hazır materialları məhv etmək haqqında düşündülər. Ancaq Maliyyə Nazirliyi bundan imtina etdi. Çünki filmə çoxlu pul xərclənmişdi. Motılı filmdə saxladılar və Orta Asiyaya göndərdilər. Orada qrupu yeni xoş olmayan sürprizlər gözləyirdi. O əraziyə xas olmayan yağışlar üzündən Qaraqum səhrası yaşıllıqla örtülmüşdü. Onu təmizləmək üçün yerli hərbi hissənin əsgərləri cəlb edildi. Sonra Nikolay Qodovikov dizenteriya xəstəliyinə yoluxdu. Filmin başı üzərindən macəralar əskik olmurdu...
Ən pisi o idi ki, ekran əsəri əvvəlki kimi Bədii Şuranın xoşuna gəlmirdi. Artıq hazır filmi qəbul etməkdən, sadəcə, imtina edirdilər. Vəziyyəti, bağındakı şəxsi kinoteatrında filmi izləyən Leonid İliç Brejnev xilas etdi. Razılığa əsasən ona Hollivud vesterini nümayiş etdirməli idilər. Ancaq filmin surəti ilə hansısa problem baş verdiyindən «Səhranın bəyaz günəşi»ni gətirdilər. Baş katib filmdən böyük zövq aldı. Sonra Kinematoqrafiya Komitəsinin sədri Aleksey Romanova zəng edərək onu uğurlu işə görə təbrik etdi. Beləcə, «Səhranın bəyaz günəşi»nin bütün problemi bitdi.
Motıldan cəmi 3 az əhəmiyyətli düzəliş etməyi tələb etdilər. Məsələn, rejissor hansısa ədəbsiz kadrları kəsməyə razılıq verdi.
Film 1970-ci il martın 30-da ekranlara çıxdı. "Səhranın bəyaz günəşi”nin nümayişi əvvəlcə "Komsomolskaya pravda” qəzeti redaksiyasının mavi zalında göstərildi. Aprelin 9-da qəzetdə çıxan resenziyanın müəllifi Suxov haqqında az danışılmasından şikayətlənirdi: "Onu ekranda yenidən görmək istərdim. Çünki aktyorun macəraları və səyahətləri bitmir”. Motıl özü də Kuznetsovu yenidən çəkməyi düşünürdü, ancaq filmin üzərində işlərin nə qədər ağır olduğunu xatırlayıb bu fikirdən imtina etdi. Kosmonavtlar üçün talisman
"Səhranın bəyaz günəşi” ekranlara çıxandan sonra böyük əks-səda yaratdı. 1970-ci ildə filmin prokatı reytinqdə lider oldu. Zarafat deyil, filmi 100 milyon tamaşaçı izlədi.
Film ənənəvi olaraq, uçuşdan əvvəl sovet kosmonavtları üçün nümayiş olunurdu. Bu ənənəyə 1973-cü ildən –"Soyuz-12” gəmisinin orbitə hazırlaşdığı vaxtdan start verilmişdi. Ancaq həmin gəminin uçuşu faciə ilə nəticələndi və 3 kosmonavt həlak oldu. Amma filmin nümayiş etdirilməsi ənənəsi yenə də davam etdirildi. Beləcə, sovet kinosunun sevimli filmi kosmonavtlar üçün də talismana çevrildi. Rusiya mətbuatından tərcümə etdi Təranə Məhərrəmova

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ şokda: hərbi bazaya hücum - ölənlər var

SONRAKI XƏBƏR

Reyesin ölümü ilə bağlı şok gerçək 1 il sonra ortaya çıxdı – qohumu səbəb olub…