Üç "AYN"

Üçlük şərtdir - əgər rəqəmlər və yaxud hərflər şərtdirsə. Ancaq görünən və dolayısı ilə müəyyən edilən hər hansı bir şey təməl səbəbolma dərəcəsinə yetişmişdirmi? Bunu bilmək çətindir. Ümumiyyətlə isə, vərdiş fenomeni ən çox fəlsəfənin qanına işləyib. Məsələn, səbəblə nəticənin bəlkə də heç bir əlaqəsi yoxdur. Lakin fəlsəfə tənbəl məfkurəni sevir. Tənbəlliyin isə, anası qorxaqlıqdır. Bəsit məntiqin özü də müəyyən mənada cəsarətin ölümündən yaranıb. Xaosu önləmək istəyi çox zaman fikir monarxiyasına gətirib çıxarıb. Halbuki xaotik düşüncə keçici və laboratuardır. Xaos xəlbir kimi bir şeydir. Yəni bir növ təbiətin filtridir. Kim nə deyir, desin, əbədi olaraq xaosda qalmaq heç şeytana da nəsib olmayıb.
Ancaq şeytan xaosdan deyil, müəyyənlikdən bəslənir. Çünki, dediyimiz kimi, təyinatda hakimiyyət var. Rəqəmlərin, hərflərin, işarə və simvolların hakimiyyəti bu dünyanın tarixindəki ən qəddar, ən yenilməz hakimiyyət növüdür - çünki zora deyil, düşüncəyə söykənir, ehtiyaca deyil, ağıla xitab edir. Şeytan isə yarandığı gündən bəri məhz belə bir hakimiyyət arzulayıb. Tanrının özünün 99 deyil, bircə sifəti var - o da qeyri-müəyyənlikdir. Məşhur Heisenberg təlimi əslində Tanrını vəsf edir.
Dünyadakı ən çətin və əksərən ən uğursuz başa çatan əməliyyat qeyri-müəyyən həqiqəti müəyyən etmək cəhdidir. Bəlkə də korların əlindəki çıraq daha çox işimizə yarayardı. Minlərlə əfsus ki, iki göz açıldığı zaman tək göz bağlanır - ya qəlbinlə görəcəksən, ya başınla!
Fəqət, qeyri-müəyyənliyin özündə də müəyyən qütbləşmə mövcuddur. Yəni müəyyən edilmiş qeyri-müəyyənliklər vardır. Bu nə qədər qəribə və məntiqsiz səslənsə də, eşqdə bunun adı rindlikdir. Susmağın belə yetərsiz olduğu, gücsüz qaldığı bu məqam başdan-ayağa sirdir. Özü də "sirri-pünhan" deyil, aşkar sirdir. Göz önündədir, aşkardadır, ancaq sirdir. Qütbləşmədə Şərqin damğası var - istəsək də, istəməsək də bu belədir. Qərbdə isə bu qeyri-müəyyənlik fəlsəfədən çox, incəsənətdə özünü göstərdi. Bilərəkdən yaradılan qeyri-müəyyənlik şeytani xaosdan başqa bir şey deyil. Halbuki, qeyd etdiyimiz kimi, xaosun özü tanrısal bir keçiddir. Xaosdan keçmədən yaradılan kosmos monarxiyadır və əslində sünidir. Əsl kosmos xaos mənzərəli kosmosdur!
İnsan qəlbinin hər saniyə dərindən nəfəs almağa ehtiyacı var. Bu mənada hər ah bir Allahdır! Qəlbin gözü ağlın gözünü bir anlıq kor edir - bu, şərtdir və dərmandır. Nəfəs təbiətin bir parçasıdır. Biz nəfəs almağı unuduruq. Halbuki, dünyanı böyük zənn etdikcə, o kiçilir, daralır, bizim də nəfəsimizi daraldır. Tiryək həyatın paralelindədir. Gerçəyin aldanışı aldanışın gerçəyi ilə bərabər hüquqlu yerdəyişmə əsasında mövcuddur. Axan bir zaman selinin qarşısında gerçək də aldanış da fəna dənizinə doğru gedir. Zamana qapılan heç nəyi xilas etmək mümkün deyil! Zaman sevənlərin qatili, unudulmuşların təsəllisidir...
Müəyyənlik sərhəd tanıdığı zaman həqiqətini itirir. Bu tanış bəlaya təkrar-təkrar düçar olmamaq üçün isə hələlik üç şeyi nəzərdə saxlamaq lazımdır; müəyyənlik, qeyri-müəyyənlik və qeyri-müəyyən müəyyənlik. Bir az hürufata, bir az da yeni bir hürufiliyə meyl edərək söyləmək istərdik ki, bu nəsnələrin üçü də ərəb hərfi olan "ayn"la başlayır. Yəni müəyyənlik "elm", qeyri-müəyyənlik "eşq", qeyri-müəyyən müəyyənlik isə "irfan"dır. "Elm", "eşq" və "irfan" kəlmələrinin üçü də "ayn" hərfiylə yazılır. Hətta nə hikmətdirsə, bu üç nəsnəylə adlandırdığımız kök hücrə, yəni əsl mətləbin özü də "ayn" hərfinin üzərindədir. Kök hücrəmiz müəyyənlik və ya qeyri-müəyyənlikdir ki, bu sözün də dominant hərfi yenə də "ayn"dır. Çünki, "təyin" kəlməsi də, görmək anlamına gələn "eyn" kəlməsi də həmin hərflə, yəni "ayn"la yazılır. "Ali", "əla" və nəhayət "Əli" kimi eyni köklü sözlərin də baş hərfi "ayn"dır. Zəngin törəmə qabiliyyətinə malik olan ərəb sözlərinin hamısında həlledici bir samit səs olur. Bəli, "ayn" hərfi sait deyil, məhz samitdir. Çünki ərəb dilində heç bir sait səs törəmə, yəni söz yaratma qabiliyyətinə malik deyil. Bunu ancaq samit səslər bacarır.
Ancaq, hədəfimiz dil bilgisi və yaxud qrammatik şahmatın riyazi gözəlliyini vəsf etmək deyil. Hədəfimiz sözlərə yarıçılpaq şəkildə bürünmüş mənaları ifadə edə bilməkdir. Sabah xaosa qapılaraq, ölümə məhkum olan bu dəmdəki düşüncəmizə görə, hər üç bağlantı bir-birini həm tamamlayır, həm də itələyir. Elm ağlın, eşq qəlbin, irfan isə hər ikisinin bir-biriylə bağlantısıdır. Bu kəlmələrin şəxslənən versiyaları isə, "alim”, "aşiq” və "arif”dir. Sadə dillə desək, alim bilir, aşiq bilmir, arif isə bilmədiyini bilir. Yəni arifin bilgisi onun bilgisizliyidir. Bilgini müəyyənliklə eyniləşdirdiyimiz zaman fikir aydın olur. Yəni elmin müəyyənliyi, eşqin qeyri-müəyyənliyi, irfanın isə qeyri-müəyyən müəyyənliyi fikri hələlik əlimizdə olan və bizim yaratdığımız xaosdur. Bu həm də bizim kiçik kosmosumuzdur. Zatən hər kəs öz yaratdığı fəzada uçur. Fəzanin nisbiliyindəki məna və məzmun da budur. Sərhədi olmayan fəza xəyali fəzadır və mövcud deyil. Çünki şüuru yaradan kainat deyil, kainatı yaradan şüurdur - əvvəl düşüncə, sonra düşüncənin yaratdıqları. Düşüncənin cəhd etdiyi şey isə hər zaman sərhədsizlikdir. Lakin çox gülməli məntiqdir ki, özü özünə sərhəd biçib, sonra sərhədsizlik arzulayan bir düşüncəyə sahibik. Heç olmasa bədənimizin ölümlü olduğu kimi, düşüncəmizin də ölümlü olduğunu qəbul etsəydik, bu da bir irəliləyiş olardı. Ancaq nə yazıq ki, hər düşüncə sahibi özünü zamanın sahibi hesab edir. Düşüncə həyəcanlı bir şeydir. Həyəcan isə, illüziyanın babasıdır. Bu məqamdakı ən böyük yanlışlıq isə bu dəmi başqa bir dəmə daşımaq istəyidir. Halbuki hər dəm yenidir və öz yerini heç kimə verməz. Dünəndən bu gün olmadığı kimi, bu gündən də sabah olmaz. Məktəb yaradanlar məhz burada yanılıblar. Bu dəmi bu gün zənn edib, onu sabaha daşımaq və onu bir şəkildə yaşatmaq istəyiblər. Halbuki, bu dəm bu gün deyil, hər gündür. Çünki bu gün bir ömür deməkdir. Dolayısı ilə hər gün son gündür. Müəyyənlik var. Ancaq o qanun deyil, çünki bir an üçündür. Qeyri-müəyyənlik də var. O da qanun deyil, çünki adı üstündədir -- qanun təyin edilir. Qeyri-müəyyənliyi təyin etmək isə, qanun deyil, bəlkə də bir yoldur. Yolları bitirən qanunlardır. Bitməyən yollar müəyyənliklərin qeyri-müəyyən bir şəkildə gedilməsiylə var olur. Xatirələr ağızda qalan dad kimidir. Onu yuxuda da xatırlamaq olar. Çox zaman yuxular həqiqətdən daha böyük həqiqət olur. Bu günün gerçəyiylə ölmək istəməyənlər dünənin xəyalıyla yaşayır. Nə bilim, bəlkə də bu onların haqqıdır. Yaşayanları öldürmək yerinə ölənləri yaşatmaq özü də bir növ tiryəkdir. Dediyimiz kimi, onsuz da zamanın seli ölünü də, sağı da yuyub aparır. Ölülər necə sağdırsa, sağlar da o cür ölüdür. Əgər klassik barokkodan gələn bir fuqa xatirəsi məni heç olmasa yarım gün yaşadacaqsa, niyə modernizmin gerçək qılıncının qarşısına bilə-bilə keçim?! Şüurun durğunluğu bəzən hərəkətin onsuz da bir gün gələcək olan ölümünü bir az daha yubatmaq üçündür. Sevgilisinin balkonu altında aşiqin işlətdiyi "tənbəl buludlara minib gəlsəm" ifadəsinin özü də eşqin fani Dünya qarşısındakı ironik üsyan səsidir.
Lakin arif eşqi toparlamaq istədi. Mənsuru dar ağacından qurtaran Şəmsin hekayəsini dinləmək nə qədər çətin və məşəqqətli olsa da, bilməzliyin özü də bir gün bilinən bir şeyə çevrilir ki, bunun da adı bilinməzlikdir. Bəli, bilməzlik ayrı şeydir, bilinməzlik ayrı şey. Bilməzlik aşiqin, bilinməzlik arifin sifətidir. Çünki arif həm də bilinəni bilir, yəni o həm də alimdir. Elmin eşqin içində ərimiş məhluludur irfan! Arif aşiqin alim halıdır! Eşqin xaosuna düşməyən elmin kosmosu heç bir işə yaramadığı kimi, aşiq olmadan alim olanların elmi də bir işə yaramır. Bəlkə mən də yanılıram. Bəlkə mənim də son sözlərimdən monarxiya qoxusu gəlir. Ancaq mən də ölümlüyəm. Yəni faniliyin ən bəlli sifətlərindən biri olan dəmin həyəcanı məni də yanılda bilər. El arasında bir söz var; "dəmdəməki". Xoşum gəlir bu sözdən. Çünki mənfi anlamda işlənən bu ifadənin arxasında böyük irfani bilgi dayanır. "Dəmdəməki" hər dəmdə ayrı bir dəm yaşayan, dəmdən dəmə düşən ariflərə verilən bir ünvandır. Ancaq bu, şeytanın heç xoşuna gəlmədiyi üçün onu xalqın gözündən salaraq, hər şey kimi, onu da ağlı gözündə olan xalqa yalan ərməğanı olaraq sundu. Şeytanın belə hədiyyələri çox olur. Məsələn, ariflər və hətta böyük övliya haqqında deyilən "tazıya tut deyir, dovşana qaç" ifadəsini də bayağı şəklə salan, daha doğrusu, rindlik, simiya və limiya kimi irfani elmlərini tək kəlmədə riyakarlıq və fırıldaq olaraq qələmə verən də odur. Ümumiyyətlə, bütün dayaz arxların memarı şeytandır! Dərin və səbirli düşüncənin qatili də odur.
"Ayn" hərfi bir tərəfi açıq dairə şəklindədir. Yenə də bir hürufi gözüylə nəzər salsaq, kabbalistlərin, dul qadının kisəsiylə boy verən baronların qarşısına maraqlı simvollarla çıxmaq olar. Elə o daşyonanların özləri demişkən, biz bir teatr oyunu sərgiləyirik. Ancaq bu, tamaşaçısı olmayan bir teatrdır. Nə olar, əgər hər kəs oynayırsa, biz niyə oynamayaq? Həyat səhnədirsə, biz niyə dekorçu, fəhlə, ya da işıqçı olaq? Bəlkə elə həmin aktyorların rejissorları da bizik?! Ola bilər, çünki həmin hərfin bir tərəfi açıq dairəsi mənim ağlımda qəribə şeylər çağırışdırır. Deyirəm bəlkə, tam dairənin özü də nə qədər sonsuzluq ifadə etsə də, nəticədə aldadıcı bir xaosdur?! Çünki, başqa həndəsi fiqurlardan fərqli olaraq, dairənin bitdiyi yer onun başlandığı yerdir. Bu mənzərə bir qədər müəmmalı və bir az da komik deyilmi? Sanki Tanrı bizi ələ salır! Zira, bir yerdə başlayıb başqa yerdə bitən sonluq mənə eyni yerdə başlayıb eyni yerdə bitən sonsuzluqdan daha məntiqli gəlir. Düzdü simvolikada sonsuzluğun işarəsi dairə deyil. Ancaq nə olursa olsun, sonsuzluğu simvollaşdırmaq cəhdinin özü bir uğursuzluqdur. Elə bu məqamda yapımqapalı dairə bizə ayrı şeylər deyir. Dairəvi hərəkət kamilliyin şərtidir. Ancaq dairəvi hərəkətin eyni yerdə bitməməsi, dolayısı ilə, başqa bir yerdə yenidən başlaması "ali"nin, "əla"nın, "Əli"nin ülvilik rəmzlərinə doğru aparan bir yol kimi gəlir mənə... yeri gəlmişkən, "ülviyyət" sözü də "ayn" hərfiylə başlayır. "Adəm" uzun "əlif"lə başladı. Lakin "əlif" bir saitdir. Yəni, təyinedici, həlledici keyfiyyətə sahib deyil. "Adəm" "Allah" kimidir - sifətdir, doğuluşdur, məfkurəvidir, düşüncənin məhsuludur. Allah Adəmi necə yaratdısa, Adəm övladı da "Allah"ı, yəni öz düşüncəsinin törəməsini o cür yaratdı. Necə etsək də, nə olsa da düşüncə öz yaratdığından əvvəl gəlir. Ancaq "düşüncə” sözünün də ərəb dilindəki qarşılığı "məfkurə"dir. Bu da "fikr" sözündən törəyib. Yəni buradakı dominant hərfin adı "fe"dir və yenə də samitdir. "Adəmdən Xatəmə" dedikləri şey bitiş deyil, sonsuzluğun formuludur. Çünki "Adəm" "əlif"dirsə, "Xatəm" "mim"dir, yəni "Mühəmməd"dir. Xatəmi bitiş zənn edənlər, bu yolun bitməsini istəyənlərdir. Yol isə bitməz. Çox az adam bilir ki, sonsuzluğun var olma səbəbi yoldur. Yol bitərsə, sonsuzluq bitər. Bu isə, məntiqsiz bir şeydir. Yəni ifadənin özü qüsurlu və gülməlidir. Sonsuzluq necə bitə bilər? Əgər bir gün bitəcəksə, adına niyə "sonsuzluq" deyirlər?!
Üç "ayn"ın qarşılıqlı və qarşılıqsız mövcudluğu haqqında xaotik, dolaşıq, bir az da poetik qələmimizin mürəkkəbi bir azdan bitəcək. Ancaq "məfkurə davam edir" deyərək, yanlış zənnə qapılmağa gərək yoxdur. Bu tərkib elə bu mürəkkəblə də bitdi. Çünki eyni samitlərdən törəyən "tərkib" və "mürəkkəb" bu dəmin tərkibi, bu anın mürəkkəbidir. Gəlin dəmdən dəmə daşınaq, ancaq dəmi dəmə daşımayaq. Sabah da bugünkü insan olmaq böyük qüsurdur. Ən azından ona görə ki, ümumiyyətlə sabahın olacağı heç kimə, heç zaman məlum deyil. Bu mənada və hər mənada dünən də bu gündür, sabah da. Alimi də, aşiqi də, arifi də bir vücudda birləşdirən bu dəmə, yəni gerçəklərin dəminə eşq olsun! Fəxrəddin Salim

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

"Təcili yardımda işləyən tələbəm zəng vurdu ki, virusa yoluxmuşam..." – Baş infeksionistlə MÜSAHİBƏ

SONRAKI XƏBƏR

AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb