AKİ təqdim edir: "Yevgeni Matveyevin Azərbaycanlı tələbələri"

AKİ təqdim edir:  "Yevgeni Matveyevin Azərbaycanlı tələbələri"

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) "Yevgeni Matveyevin Azərbaycanlı tələbələri" məqaləsini təqdim edir:

1968-ci ildən “Mosfilm” kinostudiyasında çalışan, 1975-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyor sənəti emalatxanasına rəhbərlik edən Yevgeni Matveyevin SSRİ Kinematoqrafçılar İttifaqının sədri (1976-1986) olduğu illər onun sənətkar kimi fəaliyyətinin zirvə nöqtəsi hesab olunsa da, İttifaqın V qurultayında vəzifədən və ən əsası fəaliyyətdən uzaqlaşdırılması və bundan sonrakı illəri əzmkarlıq nümayiş etdirərərk yenidən başlamsının bariz nümunəsaid hesab olunur. Onun teatr və kino yaradıcılığı paralel şəkildə yüksəlib və müxtəlif xarakterli rollar, ssenarist tapıntıları və rejissor yozumları ilə zəngindir.

Azərbaycan milli kursu Yevgeni Matveyevin yaradıcılıq emalatxanasında ilk ustad təcrübəsi idi.

1975-ci ildə Azərbaycandan bir qrup gənc Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olmaq həvəsi ilə Moskvaya üz tutmuşdu. Onların arasından 15 nəfər seçilib Matveyevin tələbəsi olmaq şansını qazanır: Həmidə Ömərova, Sonaxanım Mikayılova, Ötkəm İsgəndərov, Fərhad İsrafilov, Ömür Nağıyev, Vəliəhd Vəliyev, Mahirə İsgəndərova, Mikayıl Kərimov, Elmira Səfərova, Tamilla Əhmədova, Fərqanə Quliyeva, Züleyxa Zülfüqarova, Əliqulu Səmədov, ibrahim Əliyev və Gürcüstandan bu qrupa daxil edilmiş Georgi Qucuciani. Təbii ki, ötən əsrin 70-ci illərinin Azərbaycan gənclərinə belə imkanı o vaxtkı Azərbaycan SSR-in birinci katibi Heydər Əliyev yaratmışdı.

Aki.az olaraq Yevgeni Matveyevin xatirə günündə onun azərbaycanlı tələbələrinin bir neçəsi ilə söhbətləşdik ( Vəliəhd Vəliyev və Ömür Nağıyev təəssüf ki, dünyalarını dəyişiblər. Elmira Səfərova, Tamilla Əhmədova, Züleyxa Zülfüqarova, Mikayıl Kərimov, İbrahim Əliyev Avropa və Amerika qitəsinin müxtəlif ölkələrinə köçüblər.

Maraqlısı odur ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 1979-cu il məzunlarının əksəriyyəti ustadları kimi pedaqoji fəaliyyətlə məşğuldurlar.

Xalq artisti Həmidə Ömərova: “Yadıma bir atalar məsəli düşdü – “dağın üstündə və ya yaxınlığında olanda onun əzəmətini görmək, duymaq mümkün deyil. Mən bu məsəli Yevgeni Semyonoviç Matveyevə aid edirəm, ona ithaf edirəm. O, bizim müəllimimiz olanda, bizə aktyorluq sənətinin incəliklərini öyrədəndə, xatirələrini danışanda bunları adi qəbul edirdik. İllər keçdikcə şəxsən mən dərk edirəm ki, biz necə də gənc və düşüncəsiz olmuşuq, onunla ünsiyyətimizin önəmini, qarşımızdakı insanın necə böyük şəxsiyyyət, necə möhtəşəm sənətkar olduğunu dərk etməmişik. Mənim heç yadımdan çıxmaz, birinci kursda oxuyanda bir dəfə o bizə belə bir sual vermişdi: siz mənim filmlərimə baxmısız? Bilmədik nə cavab verək, bir-birimizin üzünə baxa-baxa qaldıq. Halbuki o zaman onun baş rolda iştirakilə artıq “Qaraçı” filmi bütün SSRİ-də rəğbət qazanmışdı. Və hətta biz birinci kursda olanda onun quruluşçu rejissoru və baş rolun ifaçısı olduğu “Любовь земная” filmi də ekranlara çıxmışdı. Əksəriyyətimiz heç onu da görməmişdik. Mən xəcalət hissi ilə etiraf edirəm ki, şəxsən mən görməmişdim. Müəllim kimi son dərəcə ciddi və tələbkar idi. Onun 3 nəfər sanballı pedaqoqdan ibarət köməkçiləri var idi – Lyudmila Borisovna Çirkova, Yelena Vladimirovna Savçenko və Aleksandr Sergeyeviç Novosadov. Dərs otaqları və ya auditoriyalarda biz tələbələr sıra şəklində oturmurduq, dairəvi formada otururduq. Orta hissə səhnə kimi quraşdırılmışdı və müəllimlər o səhnə ilə üzbəüz əyləşirdilər. Səhnədə etüdlər göstərirdik. Aktyor sənətinin əsası etüd-pantomimadı. Və Yevgeni Semyonoviç bütün bu cür dərsləri əyani şəkildə özü göstərirdi. O, bizə yaxşı kinonu pis kinodan, səviyyəli aktyor oyununu səviyyəsiz aktyor oyunundan ayırmağı öyrədirdi. Deyirdi ki, siz yaxşı filmlərə də baxmalısız, pis filmlərə də. Pis filmlərə, səviyyəsiz aktyor oyununa ona görə baxmalısız ki, ordakılar kimi oynamayasız. Hər həftənin çərşənbə axşamı və cümə günü kino nümayişləri olurdu. Çərşənbə günləri SSRİ kino tarixinə həsr edilirdi. Cümə günləri isə institutun ünumi akt zalında sosialist və kapitalist ölkələrinin ən yeni filmlərinə baxırdıq.
Yevgeni Semyonoviçin ad günü martın 8-i idi. O gün Beynəlxalq Qadınlar Günü olsa da, biz qızlar oğlanlardan xüsusi bir hədiyyə görmədik. Çünki hamılıqla sevimli müəllimimizi təbrik etməyə köklənirdik.
Üçüncü kursdan aktyor sənətinin incəliklərini daha dərindən öyrənməyə başladıq. Çünki məzun olana qədər 4 tamaşa təhvil verməliydik. Bizim kurs “İki veronalı”, “Zorən təbib”, “Həyatın dibində” və “Lyubov Yarovaya” əsərlərini hazırlamalı idi. Aktyor sənəti dərslərinin birində Yevgeni Semyonoviç Mixail Şveytserin Lev Tolstoyun “Dirilmə” romanının ekranlaşdırılmasında knyaz Nexlyudov obrazı üzərində işləməsindən danışanda demişdi ki, o filmdə Nexlyudovun gözündən yaş süzülməli idi, məndə isə bu heç cürə alınmırdı. Nəhayət, bir çəkiliş günü yadıma anamın vəfatı günü düşdü. Həmin gün mən onun əlindən tutmuşdum, gözünü açıb son dəfə mənə baxmışdı, o baxışlardan ürəyim elə sarsılmışdı ki, gözümdən yaş süzülüb anamın əlinin üstünə düşmüşdü. Nexlyudov obrazının ağlamalı olduğu epizod çəkiləndə həmin günü, həmin anı xatırladım və gözümdən yaş süzüldü. Bu məqamı danışmaqla o bizə həyatımız boyu gördüyümüz, duyduğumuz situasiyaların emosional yükünü unutmamağı öyrədirdi. Bir də heç yadımdan çıxmaz Fərqlənmə diplomunu mənə təqdim edəndə dediyi sözlər. Əvvəla onu deyim ki, son ana qədər məhz mənim Fərqlənmə diplomuna layiq görüləcəyimi heç ağlıma da gətirmirdim. Çünki ilk kurslarda mən ” VQİK”də özümü çox yad hiss edirdim – filologiya fakültəsindən gəlmişdim, həddindən artıq utancaq idim, hətta birinci kursda mənim institutdan xaric olunmaq məsələm qalxmışdı, amma Savçenko ilə Çirkova Matveyevi yola gətirib dedilər ki, bəlkə ikinci kursdan açılışacaq və təhsilimi davam etdirmək şansı verdilər. Yəqin ki, bu şansın verilməyində zahiri görünüşüm də rol oynamışdı. Fərqlənmə diplomunu mənə təqdim edəndə Matveyev demişdi ki, Həmidə, mən səhv eləmişəm, sən xarakter aktrisası imişsən. Bu sözlər mənə qol-qanad verdi və sırğa kimi qulağımdan asıldı. Yaxşı ki, Azərbaycana qayıdandan sonra bəxtim gətirdi ilk rollarım məhz bu cür oldu. Məsələn, “Anlamaq istəyirəm”dəki Çinarə, və ya “Qorxma, mən səninləyəm”dəki Telli. Təəssüf ki, bizim ssenaristlər xarakter qadın obrazları yaratmağa meylli deyillər. Amma hər bir rolum üzərində işləyəndə mən əziz və hörmətli müəllimim Yevgeni Semyonoviçin sözlərini xatırlamışam ki, canlandırdığım obrazlar bayağı, sönük alınmasınlar. Mən fəxr edirəm ki, Rusiya və dünya aktyorluq sənəti tarixində öz təkrarsız dəsti-xətti olan belə bir sənətkar və pedaqoq mənim də müəllimim olub. Ruhu şad olsun”.

Əməkdar artist Ötkəm İsgəndərov: “Dördillik Moskva həyatında Yevgeni Semyonoviç bizdə şəxsiyyət tərbiyə edirdi. Matveyevin tələbəsi olmaqla biz istər-istəməz xüsusi status qazanmışdıq. Kurs rəhbəri kimi onun dərsləri həftədə iki dəfə keçirilirdi. Bizim bu saatları necə səbirsizliklə gözləməyimizi çatdırmaq mümkün deyil. Çalışırdıq, onun saatlarında əvvəl öyrətdiklərinin hamısını qaytaraq ki, yeni-yeni mövzulara, ideyalara, axtarışlara keçək. Yevgeni Semyonoviç dərs otağına xüsusi addımlarla daxil olurdu. Hesab edirdi ki, başqa yerdə addımladığın kimi bu otaqda addımlamaq qətiyyən düzgün deyil. Həmişə deyirdi ki, mən özüm də sizdən öyrənirəm. Bizim ictimai nəqliyyatda qadına, yaşlı adama yer verməyimizi tərbiyənin, ədəb-ərkanın yüksək dərəcəsi hesab edirdi. Bizə çox bağlı idi. Tələbəlik illərimizdə o bizə həm atalıq edirdi, həm ustadlıq. Biz ona o qədər doğma olmuşduq ki, bizdən sonra yalnız iki milli kurs götürdü, daha istəmədi. Matveyev xasiyyətcə prinsipial, hətta sərt adam idi. Onun sənətə münasibətdə qənaəti bu idi ki, səhnədə, ekranda yalnız estetikaya xidmət edən obrazlar canlandırılmalıdır. Deyirdi ki, tamaşaya, kinofilmə baxan tamaşa orda mərifətli, xeyirxah, gözəl insan xarakterləri görməlidir ki, özü də belə olsun. Daha insanlığa sığmayan əməllərə həvəs göstərib bunu diqqəti cəlb etməyin yeganə yolu hesab etməsin. Milli kursların qaydası belə idi: kursu bitirəndə həmin redpublikadan ssenari göndərilirdi ki, kurs rəhbəri tələbələrinin hamısını bu ssenari üzrə çəkəcəyi filmdə rol verə bilsin. Lakin təəssüf ki, Azərbaycandan ssenai göndərən olmadı.”

Əməkdar artist Sonaxanım Mikayılova: “15 yaşında kinostudiyanın ikiillik aktyorluq kurslarında oxuyurdum. Bir gün mənə dedilər ki, Moskvaya tələbə qəbulu elan edilib, özü də Yevgeni Matveyevin sinfinə. Öz-özümə fikirləşdim ki, mütləq özümü sınamalıyam. İmtahan günü gəlib çatdı. Yüzlərlə gənc gəlmişdi bəxtini sınamağa. Cəmi isə 15 yer ayrılmışdı. Həmin o 15 yerə tələbə seçimi üçün Matveyevdən başqa bizim sənət ustalarımız da gəlmişdi – Həsənağa Turabov, Ziyafət Abbasov və başqaları. Təbii ki həlledici söz Matveyevə məxsus idi. İmtahan gedən otaqda balaca bir səhnə quraşdırılmışdı. Bizi bir-bir çağırıb hərəmizə bir tapşırıq verilirdi. Tapşırıqlar müxtəlif həyat situasiyalarında özümüzü necə apara biləcəyimizə aid idi. İkillik aktyorluq kursunda təcrübəm olsa da Azərbaycan bölməsini bitirdiyimə görə Moskvadakı ali məktəbə qəbul olacağıma inanmırdım. Düzdü, Bakıda doğulub-böyüyən əksəriyyət kimi mən də rus dilini yaxşı bilirdim. Amma sonradan aşkar oldu ki, qrammatika tərəfdən çətinliklərim var. Moskvaya çatdıq. Bizi iki-iki, dörd-dörd yataqxanaya yerləşdirdilər. Matveyev o dövrdə ən statuslu aktyorlardan və rejissorlardan idi. Müstəsna istedadından, bacarığından başqa Yevgeni Semyonoviç həm də sovet ideologiyasına səmimi-qəlbdən sadiq adam idi. Üstəlik bütün filmlərdə Brejnevin obrazını o canlandırırdı. “VDNX” bizim instituta yaxın idi. Bir dəfə bizi onun ərazisinə apardı. Çəmənlikdə piknik eləməyə hazırlaşırdıq. Birdən milis bizə yaxınlaşıb dedi ki, burda oturmaq olmaz, durmasanız cərimələnəcsiz. Matveyevi görən kimi sağ əlini gicgahına yaxınlaşdıraraq onu salamladı – onu Brejnev kimi qəbul edirdilər, birinci katibin rolunu oynadığına görə özünə də ölkənin birinci şəxsi kimi hörmət edirdilər. Belə anlarda çox qürurlu olurdum. Həm də o bizə ata kimi idi. Bizi anlayırdı. Problemlərimizə biganə qalmırdı. Bacardığı köməkliyi əsirgəmirdi. Bizi “Mosfilm”ə aparırdı. Filmlərinin səsləndirilməsində biz iştirak edirdik. Bizə deyirdi ki, təəssüf ki, başqa millətdən olan aktyorları filmlərə çəkməyə icazə vermirlər, yoxsa mən sizin hamınızı filmlərimə çəkərəm. Yalnız Züleyxa Zülfüqarova ilə Fərhad İsrafilovu çəkdi öz filminə. Ümumiyyətlə, o milli kursların qaydası belə idi ki, artıq 4-cü kursda tələbələrin təmsil etdikləri respublikadan ssenari göndərilirdi və onlar kino sənətində ilk addımlarını öz ustadlarının filmində atırdılar. Gerasimovun, Kulidjanovun, Bondarçukun kurslarının tələbələrinin belə bir imkanı var idi. Matveyev də Azərbaycana müraciət yollamışdı ki, ssenari yazıb göndərsinlər. Amma heç kim onun səsinə səs vermədi təəssüf ki… Matveyev özü müharibə iştirakçısı olduğuna görə ssenari müəllifi və quruluşçu rejissoru olduğu filmlərin əksəriyyəti Böyük Vətən Müharibəsindən bəhs edən süjetlər idi. Aktyorluq peşəsini dəlicəsinə sevirdi və mütləq özünü də çəkirdi filmlərində, özü də baş rola. Mən ondan çox şey öyrəndim. Həmişə bizə deyirdi ki, bax, sizin boynunuzun ardında bir saxlanc nöqtəsi var, siz həyatda rastlaşdığınız müxtəlif situasiyaları, xarakterləri, davranış tərzlərini o nöqtəyə yığıb məqamı yetişəndə, yəni hansısa obraz üzərində işləyəndə ora yığdıqlarınızdan istifadə edə bilərsiz. Mən bu sözü indi öz tələbələrimə deyirəm. Yevgeni Semyonoviç bizim üçün doğma insan idi. Deyirlər, şagird, tələbə öz müəlliminə, ustadına oxşayır. Mən bunu dəfələrlə Fərhadda, Ötkəmdə, rəhmətlik Ömürdə müşahidə etmişəm – davranışlarının hansısa detalında Matveyevə çox bənzəyiblər. Biz məzun olandan sonra da onun gözü bizim üstümüzdə idi. Hətta Bakıda Heydər Əliyevlə görüşəndə demişdi ki, bizlərdən bəzilərimizin müəyyən məişət çətinlikləri var; mənzil və sairə, elə etmək lazımdır ki, belə çətinliklər yaradıcılığa mane olmasın. Və o söhbətdən 2-3 gün sonra kimin nə məişət çətinliyi var idisə həll edildi. Demək istəyirəm ki, Yevgeni Semyonoviç bizim haqqımızda düşünürdü. Amma SSRİ-də baş verən ictimai-siyasi dəyişikliklər imkan vermədi ki, sonadək düşünsün. Onu da deyim ki, əksəriyyətin partiya biletini cırıb tulladığı, hətta yandırdığı dönəmlərdə o sovet ideallarına sadiq qaldı. Bax, belə prinsipial, əzmkar, haqqını müdafiə etməyi bacaran insan idi. Bizə də bu cür olmağı öyrədirdi. Deyə bilmərəm ki, sənətdə onun öyrətdiklərinin hamısını realizə edə bildik. Müxtəlif maneələr və şəraitlər buna imkan vermədi. Məsələn, qızlar, elə mən özüm də ailə qurduq, sənətdən ya birdəfəlik, ya da uzun müddətə uzaq düşdük. Amma təbii ki, öyrəndiklərimiz hədər getməyib. Yevgeni Semyonoviçin dediyi o saxlanc nöqtəmdə topladıqlarımı indi tələbələrimə sərf edirəm. Həmçinin pedaqoji fəaliyyətlə məşğul olan digər kurs yoldaşlarım mümkün olan hər hansı formada özlərini realizə edib öyrəndiklərini yetirmələrinə ötürürlər. Tələbələrimiz nə dərəcədə bəhrələnə bilirlər bizim bilgilərdən artıq bu onların həvəs və bacarığından asılıdır. Şəxsən mənim üçün Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuduğum illər “qızıl” dövr idi. Tələbəlik illəri istənilən halda ən gözəl dövrdür. O cür mühitdə, elə möhtəşəm sənətkarların əhatəsində böyümək isə ikiqat gözəllik qazanır. Biz tamaşalara, filmlərə gedirdik, sənətin içində olduğumuzu hiss edirdik, bu sənətin necə dərin bir ümman olduğunun fərqinə varırdıq. Təsəvvür edin ki, dörd illik tələbəlik illərində yığdıqlarımızı biz indiyə qədər istifadə edirik. Matveyevdən sonra “YUĞ” teatrının yaradıcısı Vaqif ibrahimoğlunun məktəbini keçmək mənim üçün çox maraqlı bir şans oldu. Allah hər ikisinə rəhmət eləsin…

Əməkdar artist Fərhad İsrafilov: “Bakıda Moskva mədəniyyəti ilə bağlı tədbirlər idi. Matveyev də gəlmişdi. Heydər Əliyevlə görüşdə qeyd etmişdi ki, kinoaktyor teatrı açılsa çox yaxşı olar. Bir müddət sonra belə bir teatr yaradıldı və biz orda fəaliyyət göstərməyə başladıq. Sonralar təəssüf ki, o teatr fəaliyyətini dayandırdı.

Matveyev qayğıkeşliyi ilə yadımda qalıb – həm müəllim, həm rejissor, həm də insan kimi. Tələbə ilə müəllim arasında mütləq simpatiya olmalıdır. Mən bunu artıq pedaqoji fəaliyyətlə məşğul olan insan kimi deyirəm. Yevgeni Semyonoviç çox tələbkar idi. Kompromisə getmirdi. Buna sübut olaraq məni ilk dəfədən öz kursuna qəbul etməməyini deyə bilərəm – ilkin müsahibədə məndən “Hərb və sülh” filminin quruluşçu rejissorunun kim olduğunu soruşmuşdu. Sualın cavabının Sergey Bondarçuk olduğunu və özünün də Pyer Bezuxov rolunda çəkildiyini bilsəm də, həmin filmə aid əlavə sualın cavabını bilmədiyimə görə “VGİK”-ə qəbulum əsgərliyə gedib qayıdandan sonra baş tutdu. İki ay idi dərslərimiz başlamışdı. Tapşırdı ki, hər birimiz sərbəst iş hazırlayaq. Hərəmiz bir əsərdən bir parça hazırladıq. Mənim işimi çox bəyənmişdi. Çox çalışqan idim, dərslərə çox ciddi yanaşırdım.
Voronejdə “Ən mühüm tapşırıq” filmi çəkiləndə yeməkxanada xörəklərin dadına baxırdı, əmin olmaq istəyirdi ki, aviasiya zavodunun işçilərinə verilən yemək ona verilən yeməklə eynidimi, yəni ayrı-seçkilik edib ona daha keyfiyyətli, daha dadlı yemək verməyiblər ki? Çəkiliş meydançasına getmək üçün ona “QAZ-24” markalı maşın ayrılmışdı. Hər dəfə məni də özü ilə aparırdı, halbuki hamı avtobusla gedirdi, hətta fəxri adı olan artistlər də. Bir neçə gün belə keçdi. Bir gün belə xüsusi münasibətdən sıxılmağım o həddə çatdı ki, avtobusla, hamı ilə birlikdə getməyi doğru saydım. Bir də gördüm Yevgeni Matveyeviç avtobusun pəncərəsini taqqıldadıb məni çağırır. Çıxdım avtobusdan. Soruşdu ki, niyə burdayam, niyə maşında deyiləm. Cavab verdim ki, “lyubimçik”, “sın polka” olmaq sıxır məni, fəxri adları olan o boyda artistlər avtobusla gedir çəkilişə, mən isə sizin maşınla. Təqdiredici ifadə ilə üzümə baxıb əlini çiynimə qoydu və dedi: “Dəyişmə, həmişə belə ol”. Münasibətimiz o dərəcədə səmimi idi ki, məni zarafatla “Farxad Yevgenyeviç” çağırırdılar. Mənim çalışqan, diqqətli olmağım onun nəzərindən yayınmadı. Və məni “Ən mühüm tapşırıq” filmində italyan fotomüxbir Dino Rossi rolundan başqa “Qələbə” filminə də çəkdi. Hətta sadəcə çəkmədi – ssenarini yazanda mənim üçün təyyarəçi Rüstəm adlı məxsusi rol yazdı. Başqa filmlərinə də çəkəcəkdi, amma imkan vermirdilər, deyirdilər ki, başqa respublikadan aktyor dəvət etmək baha başa gəlir… Ümumiyyətlə, kursumuzun bütün tələbələrini filmə çəkmək istəyirdi. Yalnız məni, bir də Züleyxa Zülfüqarovanı çəkə bildi.
…Bizim kursun tələbələrinin hamısı çox istedadlı idilər. Maraqlıdı ki, Matveyev biz hələ tələbə ikən söyləmişdi ki, Sonaxanımla (əməkdar artist Sonaxanım Mikayılova) Fərhad teatrda çalışacaqlar. Və belə də oldu – hər ikimiz artıq neçə illərdir “YUĞ” teatrının aktyorlarıyıq. Yevgeni Semyonoviç bizə nail olduğumuzla kifayətlənməməyi, yerimizdə saymamağı və hər bir işdə, hər bir addımda son dərəcə vicdanlı olmağı öyrədirdi. Özü əsl vətəndaş idi. Bizdən də yüksək dərəcədə peşəkar və dürüst olmağı tələb edirdi. Təbii ki, onun öyrətdiklərindən biz indi çox bəhrələnirik. Bakıda sonuncu dəfə 1996-cı ildə Rusiya mədəniyyəti günlərində olmuşdu. Çox duyğulu adam idi. Kino Evində bizimlə görüşəndə gözləri yaşla dolmuşdu. Ətrafdakılara riqqətlə deyirdi ki, onlar mənim tələbələrim olublar.”

Mənbə: open.az