Direktor: "Qardaşı nəvəsi Asəf Zeynalının qəbrinin üstünü təmizlətdirir”

Direktor: "Qardaşı nəvəsi Asəf Zeynalının qəbrinin üstünü təmizlətdirir”

"Bu saat Asəf Zeynalının qardaşı nəvəsi onun qəbrinin üstünü təmizlətdirir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazmov hüquq müdafiəçisi Aslan İsmayılovun sosial şəbəkədə Azərbaycanın birinci bəstəkarı Asəf Zeynalının qəbrinin baxımsız vəziyyətdə olması ilə bağlı fikirlərini şərh edərkən deyib.

"Oktyabrın 27-də Asəf Zeynalının anım günüdür. Aprelin 5-də isə onun ad günüdür. Ötən il onun 110 illiyi qeyd edilib. Kollektiv, qardaşı oğlu, nəvələri hamlıqla qəbrinin üstündə olduq. Bu dəfə onun ad günü karantin vaxtına düşdü. Koronavirusla bağlı insanlar heç dədəsinin qəbrinin üstünə getməyib. Bu saat qardaşı nəvəsi Asəf Zeynalının qəbrinin üstünü təmizlədirir” deyə Nazim Kazmov bildirib.

Direktor onu da qeyd edib ki, Asəf Zeynalının qəbrinin köçürülməsi ilə bağlı aidiyyatı qurumlara müraciət edilib:

"Nurulla Əliyev var, məktub yazıb ki, onun qəbri Fəxri Xiyabana köçürülsün. İndi görək məktuba nə cavab verəcəklər. Amma bəstəkarın qəbiri həmişə ziyarət olunur”.

Qeyd edək ki, Azərbaycan dahi bəstəkarlarından olan Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir. Bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında foto paylaşıb. O, bildirib ki, Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəstəkarın məzarının belə vəziyyətdə olması utanc saçan görüntüdür.

Mənbə: qaynarinfo.az