Serenay Sarıkaya "Acıların Kadını" olmağa hazırdır

Serenay Sarıkaya "Acıların Kadını" olmağa hazırdır

Sevilən türk aktrisası Serenay Sarıkaya üç ildir üzərində çalışdığı "Acıların Kadını" bədii filminin çəkilişlərinə hazır olduğunu bildirib.

Open.az xəbər verir ki, ötən əsrin 70-80-ci illərində Türkiyənin məşhur müğənnisi, əsl adı Belgin Sarılmışer olan Bergenin faciəli həyat hekayəsini canlandıracaq Serenay Sarıkaya, çəkilişlərin yayın sonunda başlayacağı xəbərini verib.

Bergen 1958-ci il iyulun 15-də Mersində anadan olan və 1989-cu il avqustun 14-də 30 yaşında faciəli şəkildə həlak olan müğənni olub. Qatil ruhlu insanı sevən Bergen, sonralar sevgisinin qurbanına çevrilib. Belə ki, Halis Serbes adlı manyakla ailə quran müğənninin əvvəlcə üzünə sulfat turşusu atılıb. Ağır yaralar alan Bergenin sağ gözü kor olub. Halis Serbes Bergenin müğənnilikdən əl çəkmədiyini görəndə, bu dəfə onu sonsuzadək susdurmaq qərarına gəlib. 1989-cu il avqustun 14-də Bergen və anası Halis Serbes tərəfindən silahlı hücuma məruz qalıb. Qatil "ər" Bergeni 6 güllə ilə öldürüb. Anası isə ağır yaralansa da sağ qalıb.

Serenay Sarıkayaya filmin ilk ssenarisi 2018-ci ildə təqdim edilmişdi. Ssenarinin zəif olduğunu deyən Serenay, Bergenin faciəli həyatını mükəmməl formada tamaşaçılara təqdim etmək istəyirdi. Nəhayət Serenay arzusuna çatdı. Hazırda film üzərində qızğın yaradıcılıq prosesi gedir.

Serenaya xüsusi musiqi müəllimi ayrılıb və o, Bergenin mahnılarını oxumağa başlayıb. Həmçinin filmin kostyumları hazırlanır və məşqlərə başlanıb. Serenay, Bergenlə bağlı yazılan məqalələri və kitabları oxuyur, Türkiyənin arabesk musiqisinin tarixini araşdırır.

Serenay Sarıkayanın "Acıların Kadını" ilə bağlı irəli sürdüyü şərtləri də qəbul edilib.

Belə ki, aktrisa filmin çəkiliş meydançasında hər gün hərarətinin ölçüləcəyini və hər kəsin tibbi maska taxmasını, kostyumlar və qalacaqları (karavan) səyyar avtomobilin hər gün dezinfeksiya ediləcəyini və son olaraq da çəkiliş meydançasında həddən artıq adamın olmamasını tələb edib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az