"20 ildir sənətdəyəm, maşın nədir, təyyarəm də olmalıdır" - AFƏT FƏRMANQIZI - VİDEOMÜSAHİBƏ

"20 ildir sənətdəyəm, maşın nədir, təyyarəm də olmalıdır" - AFƏT FƏRMANQIZI - VİDEOMÜSAHİBƏ

O, bir mahnı ilə 7-dən 77-yə kimi hər kəsin dilinə düşdü. Kimisi ona qarşı çıxdı, kimisi də dəstəklədi. Bəziləri isə onun İmadəddin Nəsiminin yaradıcılığını təhqir etdiyini iddia etdi. Söhbət, müğənni Afət Fərmanqızıdan gedir.
Müğənninin News24.az-a verdiyi müsahibəsini təqdim edirik.
- Karantin günlərinizi necə dəyərləndirdiniz?
- Karantin günlərindən də səmərəli faydalana bildim. Yeni mahnılar yazdırdım, xeyriyyə məqsədi ilə köməyə ehtiyacı olan insanlara yardım əlimi uzatdım, fortepiano arxasında musiqilər ifa edib bunu izləyicilərimlə bölüşdüm. Bu yaxınlarda da yeni mahnımın klipi üçün kamera qarşısına keçəcəyəm. Bilirsiniz, mən bəzi müğənnilər kimi “Youtube” üçün qeyri-peşəkar kliplər çəkdirmirəm. İldə iki dəfə amma peşəkar, bahalı və keyfiyyətli şəkildə klip ərsəyə gətirirəm.
- Yeni mahnınız yenə də İmadəddin Nəsimi yaradıcılığından olacaq?
- Bəli, yeni mahnım “Şah Nəsimi” adlanır. Növbəti dəfə ona müraciət etməyim məhz sevgimdən irəli gəlir. Kim bunu qəbul edə bilmirsə bu onun öz problemidir. Bu yaxınlarda sənət yoldaşlarımdan birinə efirdə sual veriblər ki, “Məndə sığar iki cahan” qəzəli kimə aiddir? O da cavab verir ki, Fizuliyə (gülür) Bir ildən çoxdur bu ifam ətrafında müzakirələr səngimək bilmir, amma buna baxmayaraq, hələ də o qəzəlin məhz İmadəddin Nəsimiyə aid olduğunu bilmirlər. Təbliğatın özü nəyi pisdir ki? Bilməyənləri də mən maarifləndirirəm. Baxın, mən bu yaxınlarda sosial şəbəkə hesabımda bir video paylaşmışdım. Orda 20-yə yaxın balaca uşaq mənim mahnımı əzbərdən oxuyub rəqs edirdilər. Bunun nəyi pisdir? Yəni, mən də təbliğatımı bu cür aparıram. Hər kəs sənət əsərinə qulaq asa bilməz. Ağır mahnılar yalnız 10% tərəfindən qəbul olunur. Bəs, digərləri? Hələ düşünürdüm ki, disko ritmində də mahnı oxuyum ki, bu janrı sevənlər dinləsin. Maarifləndirmə hər yöndən ola bilər, amma təbii ki, əxlaq normaları çərçivəsində. Müraciət etdiyim mahnı isə dünyəvidir. Bu yaxınlarda sosial şəbəkədə bir yazıya fikir verdim. Orda türkmənlər iddia edirdi ki, İmadəddin Nəsimi əslən türkməndir. Bu düzgün deyil. Mən oxuyandan sonra hər kəs bildi ki, Nəsimi bizimdir. Düzdür, məndən öncə qəzəli müğam şəklində ifa ediblər, amma bu tanıtım tərəfindən düzgün olmayıb. Çünki çox təəssüf ki, bizim gənclərə muğam çatmır.
- Bu qədər qınaqdan sonra yenidən Nəsimiyə müraciət etdiniz...
- İnkişaf varsa orda tənqid də olmalıdır. Siz təsəvvür edin ki, dünyaca məşhur müğənnimiz Zeynəb Xanlarovaya da arada söz atırlar. Yəni ki, məndən status və yaş baxımından böyük sənətkarlar da daşlanır. Ya bu sahəyə gəlməməliydim, ya da dözməliydim.
- Sizə qarşı bu qıcıq nədən irəli gəlir?
- Paxıllıqdan. Mən qəzəli oxuyub pul qazanmasaydım, bunların heç biri bu qədər danışmazdı. Əksinə, məni dəstəkləyərdilər, çünki bunu xalq edir. 30 günün 28-ni məhz bu mahnıya görə məni toya dəvət edirlər. Özü də mən aşağı qiymətə məclislərə getmirəm. Məni də toya öz millətim dəvət edir. Qanunvericiliyə uyğun şəkildə qəzəli oxumuşam. Əgər, qəzəlin yaşı 70-80-i keçibsə, deməli o xalqa məxsusdur.

- Nəsiminin qəzəlinə bu şəkildə müraciət edəndə bu mahnının böyük səs-küyə səbəb olacağını düşünürdünüzmü?
- Əlbəttə, elə məhz buna görə də oxumuşam. Bununla bağlı özüm sözlər yazmışdım. Sözlər də belə idi “Aylı gecə, sərin külək” sonra isə düşündüm ki, bu sözlərə aid bir mahnımız var. Sonra özüm istədiyim şəkildə qəzəli dəyişdim, amma nəticədə ölçülər ona uyğun idi. O, qəzəl ən sevdiyimdir, yaradıcılığımda uğurlu bir imza kimi yazıldı və məni xalqa sevdirdi.
- Bu gündəm sizə lazım idi?
- Bəli. Arada kimsə məni məhkəməyə vermək istəyəndə, mən buna sevinirəm. Qoy versinlər, amma nəticəsiz bitəcək. Çünki, məni absurd məsələyə görə, yəni qəzəli oxuduğuma görə məhkəməyə verirlər. Bu isə gülünc və boş-boş söhbətdir. Afətə gündəm lazımdır. Gündəmi də özləri verirlər. İnanın, mənim elə sevənlərim var ki, onlar dar günümdə yanımda olarlar. Mənə sabah böyrək, qara ciyər lazım olsa, dərhal onu çıxardıb verərlər. Düzdür, onlar bir-birilərini qısqanırlar, amma məndən ötrü canlarından keçməyə belə razıdırlar. Buna görə də çox xoşbəxtəm.
- Sevənləriniz arasında təbəqəyə bölünənlər var?
- Mənim üçün əsas insan faktorudır. Fərqi yoxdur mahnımı nazir, ya fəhlə dinləyir. Əksinə, vəzifəli şəxslərdən hər zaman qaçmışam. Çünki, düşünərlər ki, onlara yaltaqlanıram. Mənim isə həyatda heç kimdən aslacağım yoxdur. Niyə kiməsə yaltaqlanım?! Amma səmimiyyətə ehtiyacım var. Mənə bir addım gələnə mən on addım ataram, amma bir addım geri çevirəndən on addım uzaqlaşaram. Yəni ki, istənilməyən yerdə bir dəqiqə belə durmaram.

- Sizə görə verilişə gəlməkdən imtina edən sənətçilər olub?
- Olub. Əməkdar artistdir, qadın müğənnisidir. Mənə yuxarıdan aşağıya baxırdı. Ona təklif etdim ki, gəl, hər ikimiz canlı, ansamblılarımızla birgə verilişə gedək, amma o, imtina etdi. O, insanın bu gün sabah 60 yaşı olacaq, amma hələ də, xaric oxuyur.
- Bundan sonra başqa klassiklərə müraciət etməyi düşünürsünüzmü?
- Bəli, istəyirəm. Bu yaxınlarda bir qəzəl eşitmişəm, amma sözlərinin dəqiq kimə aid olduğunu bilmirəm. Qəzəl ya Seyid Əzim Şirvaniyə, ya da Xəqani Şirvaniyə məxsusdur. Orda “sənsən” ifadəsi tez-tez işlənir, bu isə mənim çox xoşuma gəlir. Bəlkə də bu sözlərimdən sonra da kimsə ideyamı oğurlayacaq.
- Vaxtilə sizə hədiyyə olunan avtomobil məsələsi çox müzakirə olundu...
- O veriliş şou xarakterli idi, ona görə də belə şeylər normaldır. Avtomobil mənə hədiyyə olunmayıb, onu özüm halal zəhmətimlə almışam. Həmin vaxtlarda birdən kefimə elə düşdü və dedim ki, maşını mənə bağışlayıblar. Maşınımı hər kəs yoxlaya bilər. Yəni nə hədiyyədir, nə də ki, kirayə. 10 KV002 öz adıma olan avtomobilimdir. 20 ildir sənətdəyəm. Mənim bu dəqiqə nəinki avtomobilim, hətta təyyarəm olmalı idi. Həyatım boyunca heç nəyi kreditlə əldə etməmişəm. Evimi, maşınımı kreditə alsam gecəni yata bilmərəm. Qorxaram ki, həmin anda işim yaxşı olmaz və pulumu vaxtında ödəyə bilmərəm. Hətta rəfiqələrim “lotoreya” oynayırlar, ona belə qoşulmuram. Ömrümdə heç kimdən borc belə götürməmişəm. Əksini iddia edən varsa, çıxsın desin.
- İndi toylar da yoxdur. Bəs nə ilə dolanırsınız?
- İşimi elə qurmuşam ki, bu gün heç toylara ehtiyacım yoxdur. Çünki, kənarda kiçik biznesim var. Oradan gələn qəlirim mənə kifayət edir. Bundan sonra 10 il də toy oxumaya bilərəm. Özümün dörd saytım, ev təmiri və satışı ilə məşğul olan şirkətim, xına biznesim var. İşlərimin hər biri çox uğurlu oldu. Əslində, mən heç vaxt toy müğənnisi olmaq istəməmişəm. Əvvəllər ailə üzvlərim toylara getməyi mənə qadağan etmişdilər. Hətta müğənni olduğuma görə bəzi qohumlarım bir müddət məni danışdırmadılar. Düşünürdülər ki, mən bu sənətdə olduğuma görə onlar başlarını qaldıra bilməyəcəklər, amma nəticədə mənim belə olmadığımı anlayıb ancaq qadın məclislərinə getməyimə icazə verdilər.

- Bir neçə il bundan əvvəl çox böyük depressiya yaşadınız və sizi o vəziyyətdən məhz Nazənin xanım çıxartdı...
- Ölənə qədər o xanıma borcluyam. Həmin vaxtlarda anamı itirdim, sənətimi qurban etdiyim sevdiyim insan tərəfindən xəyanətə uğradım.
- Bəs, o xəyanətdən sonra yenidən sevdinizmi?
- Nə ondan əvvəl, nə də sonra sevməmişdim. Məncə, insan həyatda bir dəfə sevir. Heç o insan da məndən sonra heç kimi sevə bilməz.
- Gələcəkdə ikinci dəfə ailə həyatı qurmağı düşünürsünüz?
- Düşünürəm ki, ola bilər, amma gərək, o kişinin pulu məndən çox olsun, yəni kasıb olmasın (gülür). Əvvəllər düşünürdüm ki, kasıb ola bilər, amma indi qətiyyən bu fikirdə deyiləm. Bəzi qadın həmkarlarım pulu qazanır, yanındakı da onu yeyir. Belə həyat olmaz, alınmaz. Gedirsən restorana hesabı ödəməlisən, amma yanındakının cibində pulu yoxdur. O zaman kişi də pərt olur. Elə kişi mənə rəhbərlik edə bilməz, onu qəbul etmərəm.
- Belə bir söhbət yayılmışdı ki, sizin rəsmi nikahdan kənar övladınız tələf olub. Bu doğrudurmu?
- Düzdür, istəyirdim ikinci dəfə ana olum, amma nəticədə gördüm ki, qarşımdakı insan məndən imkan baxımından aşağıdır, ona görə də bu qərarımdan vaz keçdim. Çünki, övladın xərcləri çoxdur. Mənim övladım var, amma sən uşaq istəyirsənsə, o zaman ona yaxşı baxmağı bacarmalısan. Sonra da “hacı” rəhmətə getdi, indi onun qırxının çıxmasını gözləyirəm.
- Gözünüzün ağı-qarası olan bircə oğlunuz üçün necə bir gəlin arzu edirsiniz?
- Tovuzlu, hətta öz kəndçim olsun, çoxbilmiş olmasın və sosial şəbəkələrdə yatmasın.

- Bu yaxınlarda Əməkdar artist Tahir İmanov sizin ünvanınıza "Estradamızda bir çox insanlar susurlar. Bir müğənni çıxmışdı, oxuyurdu: "Məndə sığar iki cahan..." Bilmirəm, o müğənnidir, nədir... Bir nəfər çıxıb deyərdi ki, bu, Azərbaycan musiqisinə zərbədir. Bu cür dırnaqarası müğənniləri efirə çıxarmaq olmaz. Hamı susdu" deyib...
- Məni yeddidən yetmiş yeddiyə hər kəs çox gözəl tanıyır. Onun bu cür fikirləri nə ilə bağlıdır bunu çox gözəl bilirəm. Nə xoşbəxt müğənniyəm ki, məni milyonların sevimlisi, ölkənin bir nömrəli aktyorları Rafael və Coşqun parodiya edib. O bəyi məhz bu sözlərim qıcıqlandırıb. Hər aşiqin bir dövranı var. Vaxtilə onlar yeddidən yetmiş yeddiyə hər kəs tərəfindən sevilirdi, indi isə digərləri. Tahir İmanov bu sözləri haqqımda deyəndə Tünzalə Ağayeva ilə canlı yayımda olub, amma Tünzalə Ağayeva onun bu sözlərinə susdu. Mən gözləyirdim ki, el qızım desin ki, Afətin janrı budur, amma o hər şeyi oxuya bilir. Halbuki bu yaxınlarda efirdə yıxılmışdı, mən isə onu müdafiə elədim. Yerigəlmişkən ilk qəzəli Tünzalə Ağayeva oxuyub. Biz ikimiz də eyni musiqi məktəbini bitirmişik. İkimizin də musiqi təhsilimiz fortepianodur. Hər ikisi gəlsinlər və üçümüz də gedək uçqar kəndlərə. Görək, xalq tərəfindən kim daha çox sevilir və tanınır.
- Afət Fərmanqızı fəxri ada layiqdir?
- İstəmirəm, versələr belə qəbul etmərəm. Mən Avropa düşüncəli insanam, orda da belə şeylər yoxdur. Bunlar rusdan qalma şeylərdir. Adətən Xalq artisti deyiləndə gözümüzün qabağına Zeynəb Xanlarova gəlir. O da Xalq artisti olsun, mən də?! Hansı xidmətlərimə görə bu ada layiq görülüm? Zeynəb xanım Azərbaycanı bütün ölkələrdə tanıdıb biz isə toy oxuyub qul qazanıb varlanmışıq. Xalqın puluna minnət. İstəsən bir dəqiqəyə fəxri ad alaram. Bu elə də böyük və çətin məsələ deyil. Müəyyən tədbirlərdə oxuyusan vəssalam. Sənət yoldaşlarım məhz bu yollarla fəxri adlara layiq görülüb. Biz də axı bu işin içindəyik. İnanın ki, elə Xalq artistlərimiz var ki, onları heç kim tanımır, amma sadə sənətçilər var onları çox sevirlər.
- Bundan sonra nə etməyi düşünürsünüz?
- Mənim fəaliyyətim toydadır. Aparmasınlar getməyim, amma nə qədər ki, istəniləcəm və tələb olunacağam o vaxta qədər də toylara gedəcəyəm. Toy ən müqəddəs yerdir. Əxlaqında problem olan insanı toya gətizdirmirlər, onları gecə klublarında oxutdururlar. Ona görə də özüm-özümə “Toyların kralıçası” adını vermişəm (gülür).

- Amma toy sənət deyil...
- Mən işimi sənətlə başladım, amma qəbul olunmadım. Ziyalı təbəqədə pul yoxdur. Mənə də mahnını, aranjımanı, klipi pulla edirlər. Mən ciddi əsərlərə müraciət edəndə insanlar tərəfindən istədiyim sevgini əldə edə bilmirdim.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov

Mənbə: news24.az