“Əbülfəs müəllimdə günah görmürəm, bu günə kimi neyləyib, günahı öz boynuna...”

“Əbülfəs müəllimdə günah görmürəm, bu günə kimi neyləyib, günahı öz boynuna...”

"Anam ev deyə-deyə erməninin çirkli divanında dünyasını dəyişdi, bunu hələ də özümə bağışlaya bilmirəm və..."

Bir müddətir ki, evsizlikdən və imkansızlıqdan əziyyət çəkən Əməkdar artist Ədilə Əflakidən xəbər var. Əməkdar artist Moderator.az-a açıqlamasında millət vəkili Qənirə Paşayevanın köməkliyi ilə prezident mükafatına layiq görüldüyünü bildirib:

“Çox sağ olsun hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva mənə köməklik etdi və prezident mükafatına layiq görüldüm. Mənzil məsələm isə hələ ki, qalıb və bununla bağlı da müraciətlər etmişəm. Mənim üçün bu mükafat böyük şeydi, tək anayam, həyat yoldaşım dünyasını dəyişib, himayəmdə əlil övladım var. Buna görə ölkə başçımıza təşəkkür edirəm”.

Əməkdar artist buna görə sabiq mədəniyyət nazirində günah görmədiyini deyib:

“Mədəniyyət nazirimiz mənim prezident mükafatı almağımla bağlı təqdimatıma imza atıb vəzifədən getdi, amma bu günə kimi bunu niyə imzalamamışdı bilmirəm. Bunu Prezident Aparatından Mədəniyyət Nazirliyinə deyirlər və mən Əbülfəs müəllimdə günah görmürəm, bu günə kimi neyləyib, günahı öz boynuna. Əlbəttə, evin kişisi bilmirsə ki, evindəkilər hara gedib-gəlir, bu onun günahıdır. Əbülfəs müəllimin müavinləri nə iş görüb ona cavabdehdir. Qaldı ki, Əbülfəs müəllim pis adam deyildi, o, nazir təyin olunanda kabinetə girməmiş məni qəbul etdi”.

Sənətçi bu dəfə babasının şəxsi əşyalarıyla bağlı ölkə başçısına müraciət etdiyini deyib:

“İndi yenidən ölkə başçısına müraciət etmişəm ki, babamın şəxsi əşyaları etibar etdiyimiz dövlət muzeylərindən ermənilərə satılıb. Bununla bağlı 2015-ci ildə MTN-nə müraciət etsəm də Eldar Mahmudov buna baxmadı, başı başqa işlərlə qarışmışdı. Qənirə xanım dedi ki, mənzil probleminlə bağlı da köməklik edəcəm. Bu vətənimdə, yurdumda, dahi şəxsiyyətin ruhu şad olmaq üçün mənə bircə kvadrat yer tapılmayacaqmı? Kasıbçılıq məni hər sahədə alim etdi. Əşyalarımız Polad Bülbüloğlu mədəniyyət naziri olanda satılıb və hələ ki, mən onu sübut edə bilməmişəm. Amma satılan xalçalar Amerikada tapıldı və bu işdə əli olan xanım həbs edildi. O qədər pullara Xalq artisləri fəxri adı verdilər. Prezident aparatında işləyən həmin o qadının adını çəkmək istəmirəm, amma mənimlə qonşu yaşadığı üçün evini satıb burdan getdi. Çünki rastlaşanda xəcalətindən ət tökürdü. Demək istəyirəm ki, Polad Bülbüloğlu çox pulları götürüb Azərbaycandan getdi və indi də azərbaycanlıları qınayır ki, niyə məni toya çağırırsınız.

Mən son nəfəsimə kimi öz haqqımı tələb edəcəm. Əlimdən mülküm alınıb və bununla bağlı sənədlərim də var. Anam ev deyə-deyə erməninin çirkli divanında dünyasını dəyişdi. Bunu hələ də özümə bağışlaya bilmirəm və o divanda indi də mən yatıram. İki oğul böyütdüm əsgər yola saldım və biri də üstümə əlil qayıtdı”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az