Azərbaycan filmlərinin əcnəbi Təhminəsi, Afəti, Mətanəti... - BİZİM ARAŞDIRMA

Azərbaycan filmlərinin əcnəbi Təhminəsi, Afəti, Mətanəti... - BİZİM ARAŞDIRMA

1898-ci ilin avqustunda əsası qoyulan Azərbaycan kinosunda əcnəbi aktyorlar da çıxış edib. Bu zamana kimi çəkilən filmlərimizdə 281 əcnəbi aktyor çəkilib.

Azərbaycan kino tarixində ilk dəfə 1932-ci ildə “26 komissar”ı filminində əcnəbi aktyora yer verilib. Bu filmdə fəhlə arvadı obrazını SSRİ xalq artisti Veriko Ancaparidze canlandırıb. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan filmlərinə daha çox rus aktyorları cəlb edilib. Ancaq müxtəlif illərdə istehsal olunan Azərbaycan filmlərində rus aktyorlarla yanaşı, türk, amerikalı, gürcü, özbək, litvalı, inquş, ukraynalı, estoniyalı, belaruslu, moldovalı, çexiyalı aktyorlar çəkilib. Azərbaycanın ən məşhur filmlərindən olan “İyirmialtılar”da 17 əcnəbi aktyor çəkilib. Həmçinin 1971-ci ildə istehsal olunmuş “Ulduzlar sönmür” filmində isə 16 əcnəbi aktyor rol alıb.

Cebhe.info Azərbaycan kino tarixində adını yazdıran əcnəbi aktyor və aktrisalarla bağlı araşdırma edib. Həmin araşdırmanı diqqətinizə çatdırırıq.

Ukrayna aktyoru Viktor Demertaş “Bağlı qapı”, “Əlavə iz”, “Əzablı yollar”, “Özgə ömür” filmlərində oynasa da, daha çox “Ölsəm, bağışla” filmindəki Edik obrazıyla yadda qalıb.

Rusiyanın Əməkdar artisti İnara Quliyeva 1001-ci qastrol” (1974, İradə), “Alma almaya bənzər” (1975, Aişə), “Dədə Qorqud” (1975, Selcan), “Şir evdən getdi” (1977, epizod), “Qaynana” (1978, Afət-Zərifə) filmlərində rol alıb.

Rusiyanın Əməkdar artisti Nikolay Barmin Azərbaycanın 10 filmində əsas rolları yaradıb. O, müxtəlif illərdə Azərbaycanda “Səhər” filmində Smirnov (1960), “Bizim küçə” filmində Barışev (1961), “İyirmialtılar” filmində Funtikov (1966), “Səmt küləyi” filmində Fyodor (1973), “Sevinc buxtası” filmində Petroviç (1977), “Od içində” filmində Arseni, (1978), “On yeddi yaşlı oğlan” filmində hərbi həkim obrazlarını, (1986), “Onun böyük ürəyi” (1958), “Skripkanın sərgüzəşti” (1972), “Atları yəhərləyin” (1984) filmlərində isə epizodik rollar yaradıb.

Rusiyalı aktrisa Tamara Kokova bir çox Azərbaycan filmlərində oynayıb. Bunlardan ən məşhuru “Bir qalanın sirri” filmində Mətanət obrazıdır. Eyni zamanda o, “Bir məhəllədən iki nəfər” (1957, Həlimə), “İyirmialtılar” (1966, Caparidzenin arvadı), “Torpaq, dəniz, od, səma” (1967, Gülsüm), “Ulduzlar sönmür” (1971) filmlərində də yer alıb.

Rusiyanın Xalq artisti Sergey Yurski bir neçə Azərbaycan filmində müxtəlif obrazlar oynayıb. “Dərviş Parisi partladır” filmində Müsyö Jordan rolu bunlardan ən məşhurudur. O, həmçinin “Günlərin bir günü” (1976, epizod), “Şir evdən getdi” (1977, ovçu), “Bir ailəlik bağ evi” (1978, direktor), “Qorxma, mən səninləyəm!” (1981, pristav) filmlərində çıxış edib.

Türkiyəli müğənni, aktrisa Türkan Şoray Azərbaycan kinosunda “Məhəbbətim mənim, kədərim mənim” filmində baş qəhrəmanı oynayıb.

“Təhminə” filmində Təhminə obrazını canlandıran aktrisa da, əcnəbidir. Belə ki, bu obrazı türkiyəli aktrisa Meral Konrat canlandırıb.

Gürcüstanlı aktrisa Nona Paçuaşvilini “Əhməd haradadır?” filmində Ceyran rolu ilə yadda saxlamışıq.

Rusiya aktyoru Oleq Xabalov “Möcüzələr adası” (1963, Kamran), “Qaraca qız” (1966, Yusif), “Sən niyə susursan?” (1966, Nəcəf), “Yaşamaq gözəldir, qardaşım” (1966, İsmayıl), “Ulduzlar sönmür” (1971, Çotay) filmlərində çəkilib.

Amerikalı aktyor Piter Pikel 1996-cı ildə çəkilən “Dağıdılmış körpü” filminə dəvət olunub.

Nelya Ataullayeva. Bu özbək aktrisa “Görüş” filmində Ağahüseyn Cavadovun qəhrəmanının haqqında heyranlıqla “Nə qəşəng qızdır...” dediyi Lalə obrazını oynayıb.

Tamara Çernova. Rusiyalı aktrisa “Bəxtiyar” filmindən Saşa obrazı ilə bizə tanışdır.

1968-ci ilin istehsalı olan “Uşaqlığın son gecəsi” filmində Elya obrazını gürcüstanlı aktrisa Megi Kejeradze yaradıb.

Gürcü aktyoru Vaxtanq Pançuladze milli kinoda “Yol əhvalatı”ndakı Mustafa rolunda çəkilib.

Rusiyanın Əməkdar artisti Andrey Faytın milli kinoda Göygöz Kosa (“Bir qalanın sirri”), Mazelli (“Uzaq sahillərdə”) obrazları daha çox populyardır.

Gürcüstan aktyoru David Uplisaşvili “Ad günü” (1977) filmində rol alıb.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info