Daxili müqavimət nədir və bu, bizə yaxşılığa doğru dəyişməyimizə necə mane olur

Daxili müqavimət nədir və bu, bizə yaxşılığa doğru dəyişməyimizə necə mane olur

Daxili müqavimət nədir

Hamı təkmilləşmək istəyir, lakin çoxları bunu bacarmır: insanların 96%-i bu missiyanın öhdəsindən gələ bilmir. Bunun əsas səbəbi isə daxili müqavimətdir.

Bu termindən həm psixoanalitiklər, həm terapevtlər, həm də HR-mütəxəssislər istifadə edirlər. Dərinə getməsək, daxili müqavimət insana həyatında nəyisə dəyişdirməyə mane olur və tənbəllik çəkməyə məcbur edir.

Biz bununla tez-tez qarşılaşırıq. Gündəlik həyatda hər şey təxmini elə görünür. İnsan idmanla məşğul olmağı planlaşdırır, qarşısına məqsəd qoyur, məşqlər planını qurur, özünə yeni idman paltarını alır. Bəlkə də bir-iki dəfə məşq edəcəkdir, lakin bununla da həvəsdən düşəcək.

Kimsə buna tənbəllik deyir və hər şeydə zəif motivasiyanı günahlandırır. Əslində isə beynimiz və şüurumuz dəyişikliklərə müqavimət göstərir.

Daxili müqavimət öz əksini nədə tapır?

Onun bir çox səbəbləri var. Onlardan bəziləri aşağıdakılardır.

1) Prokrastinasiya və sabotaj

Oyunun bu raundunu da keçim və dərhal diplom işini yazmağa başlayacağam. Bəli, sabah son gündür və işi təhvil verməsəm, universitetdən xaric oluna bilərəm. Buna baxmayaraq, yenə də gecəyə qədər oyun oynayacağam və hər şeyi son ana saxlayacağam.

2) Boyun qaçırma və təxirə salma

İngilis dili təkmilləşdirməliyəm ki, vəzifəm qalxsın. Lakin indi buna vaxtım yoxdur. Və ümumiyyətlə, bu mövzuda danışmayaq.

3) Mükəmməlçilik

Əgər kitab yazası olsam, o mütləq mükəmməl olmalıdır. Elə olsun ki, “Buker” mükafatına layiq görülsün. Ya da yox, Nobel. Nə? Alınmayacaq? Onda heç nə yazmıram.

4) İnersiya və bəraət qazandırma

Telefona bir neçə məşq proqramı yazmaq istədim, amma məlum oldu ki, pulludur. Əlbəttə ki, pulsuz proqramlar da var, sadəcə oturub axtarmaq, araşdırmaq lazımdır. Ən yaxşısı başqa vaxt məşq edərəm.

5) İnadkarlıq

İnternet-marketinq kurslarına getmək istəyirəm, amma birinci seçdiyim məktəbdə kontekst reklam, ikincidə isə təhsil haqqı 300 manat bahadır. Və ümumiyyətlə, birdən bu yükün öhdəsindən gələ bilmədim. Yəqin ki, bir daha düşünüb bu ideyanın müsbət və mənfi tərəflərini düşünməliyəm.

6) Pessimizm

İmmiqrasiya etmək istəyirəm, lakin bu həm baha, həm də çətindir. Onsuz da heç nəyin alınmayacağına əminəm.

7) İnkaretmə və müdafiə

Mən düşündüm və başa düşdüm ki, iş yerimi dəyişməli deyiləm. Maaş sabitdir, sosial paket var. İndi böhrandır və yaxşısı odur ki, başımı çıxarmayım. Artım yoxdur? Bu vacib deyil, mən artıq narahat deyiləm buna görə.

8) Özünü tənqid etmək

Bu nədir ağlına gəldi? Rəqsə getmək istəyirsən? Bir özünə bax – nə musiqini eşidirsən, nə də ritmi tuta bilirsən. İnsanları güldürmə və get evin tozunu sil.

9) Qorxular və bloklar

Ağ vərəqə baxıram və nə çəkəcəyimi bilmirəm. Bəlkə, daha sonra məni tənqidə məruz qoyacaq bir şey alınacaq?

Niyə müqavimət göstəririk?

Beynimiz belə qurulub

O bizi təhlükədən qorumağa və ətrafımızda sabitliyi qorumağa çalışır. Buna görə də emosiyalara görə cavabdeh olan limbik sistem – sağ qalmaq üçün ən vacib funksiyalardan biridir və o, bütün dəyişikliklərə artıq dərəcədə sərt cavab verir.

Bəzi insanların hətta qeyri-müəyyənliyə qarşı allergiyası var. Bir qayda olaraq, onlarda qorxu və narahatlığa cavabdeh olan beyin zonaları normadan artıq böyümüş olurlar. Bizi iradəsiz edən və nəfsimizə qalib gəlməyə mane olan dofamin hormonunu da unutmayaq.

Aldığımız tərbiyə bizi məhdudlaşdırır

Ailədə və cəmiyyətdə qəbul etdiyimiz müəyyən qaydalar və inanclar var. Bunların arasında zərərsiz və hətta faydalı olanlar da var: “kibrit çöpü uşaqlar üçün oyuncaq deyil”, “yeməkdən əvvəl əllərinizi yuyun”, “şübhəli görünən göbələk və giləmeyvə yeməyin”. Onlar arasında bizi geri çəkən və hərəkət etməyimizə mane olanlar da var, məsələn: “pul və əlaqə olmasa, heç bir şey əldə edə bilməzsən”, “qızlar riyaziyyatı pis başa düşürlər “. Bu cür məhdudlaşdıran inanclarla mübarizə asan deyil, lakin mümkündür.

Daxili müqavimətə necə qalib gəlmək olar

Yazıçı və məhsuldarlıq üzrə ekspert Mark Makqiness özünün “Yaradıcı insanlar üçün motivasiya” kitabında bunları tövsiyə edir.

Unutmayın ki, müqavimətdən qurtulmaq olmaz

O, məğlub edilə bilməyən hiyləgər çox başlı canavar bədheybət: bir başını kəssən dərhal başqası çıxacaq. Etiraf etməliyik ki, müqavimət bizim ayrılmaz hissəmizdir və biz buna birtəhər uyğunlaşırıq.

Düşməninizi tanımağı öyrənin

Əgər hər hansı bir işə başlaya bilmirsinizsə, özünüzü günahlandırmayın. Bunun müqavimət olduğunu xatırlayın və etdiyiniz səhvləri bir daha təkrarlamayın.

Zərəri qiymətləndirin

Bu suala cavab verin: müqavimətə müqavimət göstərə bilmədikdə nə itirirsiniz? Sizin üçün vacib olanı (dəyişmək, öyrənmək, riskə getmək) etməkdən imtina etdikdə itirdiyiniz nədir? Cavablarınızı yazın. Çox güman ki, bu siyahıda karyera və yüksək gəlir, maraqlı tanışlıqlar, sevgi və münasibət, sağlamlıq, həyatdan zövq almaq, özünəgüvən və s. yer alacaq. Bütün bunların əldən getdiyini başa düşmək bizi motivasiya edir.

“Peşəkar rejimi” ni işə salın

Daha doğrusu, məsələyə peşəkar gözlə baxın. Təsəvvür edin ki, çəkdiyiniz çətinliklər sizin üçün sadəcə rutin işlərdir. “Nə olsun ki, layihə çox böyük və mürəkkəbdir. Bu mənim üçün adi bir işdir. Və mən onun öhdəsindən gələcəyəm”.

Seçiminizi sadələşdirin

Vaxtınızı dəqiq və detallı şəkildə planlaşdırın. Əgər görüləcək bütün işlərinizi detallı şəkildə yazsanız, hər hansısa işlərdən boyun qaçırmaq mümkünsüz olacaq.

Daxili prinsiplərinizi formalaşdırın

Bu, deviz və ya prinsip kimi bir şeydir. Onlar sizə çətin və mürəkkəb görünən işlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Çalışın sizi motivasiya edən ifadələrdən istifadə edəsiniz. Məsələn: “Sadəcə başla. Bu iş cəmi 10 dəqiqə vaxtını alacaq. Əgər xoşuna gəlməsə – dayanarsan”. Və ya: “Mütləq deyil ki, bütün işləri mükəmməl görəsən, əsas odur ki, edəsən”.

Mənbə: banker.az