Canlı efirdə Çingiz Əhmədovun mikrofonunu bağladılar - VİDEO

Canlı efirdə Çingiz Əhmədovun mikrofonunu bağladılar - VİDEO

Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevə qarşı ittihamlarını ATV-də yayımlanan “Şou ATV” proqramında da davam etdirib.

Axşam.az xəbər verir ki, sənətçi teatr rəhbərinin onun və bir neçə aktyorun haqqında girdiyini söyləyib:

“Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi vermir. Kimin bostanına daş atmışam bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimizin yolu ilə gedirəm. Sağ olsun ki, teatrımıza “Akademik” statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını yeyir? Mən artıq teatrın rəhbəri ilə müharibə edirəm”.

Daha sonra aktyor çıxışına davam etsə də, canlı efirdə onun səsi alınıb. Proqramın aparıcısı Nanə Ağamalıyeva isə “Anonsumuz var, qısa aradan sonra qayıdacağıq” deyə, bildirib. Fasilədən sonra isə Çingiz Əhmədovun əvəzinə verilişdə qonaq olan müğənni Səidə Dadaşovaya söz verilib.

Qeyd edək ki, aktyor bir neçə gün Axşam.az-a açıqlama verərək teatr rəhbərliyinin fəxri ad və prezident mükafatı almasına mane olduğunu bildirmişdi.

Mənbə: axsam.az