Mikayıl Müşfiq sovet rejiminə qarşı...

Mikayıl Müşfiq sovet rejiminə qarşı...

(Bu gün böyük şairin doğum günüdür)

 

Bu gün Azərbaycanın görkəmli şairi M.Müşfiqin doğum günüdür.Tanınmış şair Cəfər Rəmzi mənə danışırdı ki, M.Müşfiqin sovet rejimi əleyhinə olan “Tozanaq” və Üsyan” poemaları o dövrdə gənclər arasında çox məşhur idi. Ehtimal ki, böyük şairin həbs edilib güllələnməsinə də onun bu yazıları səbəb olmuşdu(baxmayaraq ki, istintaq materiallarında bu əsərlərin konkret adı çəkilmir). Aşağıda oxuculara təqdim etdiyim faktlarda onun taleyi haqqında yetərincə məlumatlar vardır.

MİKAYIL MÜŞFİQ REJİM ƏLEYHİNƏ YAZIR

Tanınmış şair Mikayıl Müşfiqin də yaradıcılığında sovet istila rejimindən narazılıq motivləri güclüdür. Bu illərdə Müşfiqin Azərbaycan Milli hərəkatına həsr edilmiş “Tozanaq” və Nuxa üsyanında (1930-cu ildə bolşeviklərə qarşı məşhur Şəki üsyanı – N. Y.) həlak olmuş qəhrəmanların xatirəsinə həsr olunan “Üsyan” poemaları xalq arasında geniş yayılmışdı.

1937-ci ilin iyun ayında həbs edilən M. Müşfiq “Müsavat” gənclər təşkilatı ilə əlaqədə, “Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə xalq arasında narazılıq yaratmaqda, millətçi fikirlərlə, əksinqilabi düşüncələri ilə ədəbiyyat sahəsində bu yöndə iş aparmaqda ittiham edilir. Buna görə də Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73 maddələri ilə təqsirli bilinir. SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il, 11:20 dəqiqədə başlanan məhkəməsi 11:40 dəqiqədə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatır. Hökm yanvar ayının 6-na keçən gecə həyata keçirilir.

M. Müşfiqə verilən ağır işgəncələrdən sonra o, əksinqilabi təşkilatın bütün qərarlarını yerinə yetirdiyini söyləmişdi. M. Müşfiqi sorğu-suala tutan, arayış tərtib edən Dövlət Təhlükəsizlik kapitanı Çinman olub.

1937-ci ilin noyabrında isə M. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə həbs edildi. Təhlükəsizlik leytenantı, erməni millətindən olan Q. B. Avanesov D.Axundzadəni sorğu-suala çəkir. Əzab-əziyyətlərə, işgəncələrə dözməyən D.Axundzadə psixi gərginliklər keçirir və onu 1 saylı Əsəb xəstəlikləri xəstəxanasına göndərirlər.

GETDİ YURDUM YAD ƏLLƏRƏ

Mikayıl Müşfiqin 1930-cu illərdə Sovet rejimi əleyhinə yazdığı və heç yerdə çap olunmayan əsərindən bir hissə

Dərə dedi: balqanlardan yuvarlandım.

Qolum qırıq, nəyim artıq.

Bir hıçqırıq.

Bu hicran duyan anlar,

Göz yaşı çağlayanlar.

Ağla dərə, ağla dərə,

Getdi yurdum yad əllərə.

 

Qeyd: Bu şeir yazıçı Əzizə Cəfərzadənin şəxsi arxivindəndir.Şeiri Ə.Cəfərzadənin baçısı qızı təqdim etmişdir.

BOLŞEVİKLƏRİN MİLLİ MƏDƏNİYYƏTƏ MƏNFİ MÜNASİBƏTLƏRİ:

 

OXUMA TAR, OXUMA TAR, SƏNİ SEVMİR PROLETAR!

Azərbaycanda qurulmuş Sovet rejimi yalnız siyasi həyatda deyil, milli mədəniyyətdə, ədəbiyyatda, musiqidə “sosializm realizmi” prinsiplərinə əməl olunmasını tələb edirdi. Ədəbiyyat, incəsənət, teatr dövlətin siyasətinin ifadəçisinə çevrilirdi. Sovetlər Birliyində yaradılan PYİA-nı (Proletar Yazıçılarının İnqilabi Assosiasiyası) bolşeviklərin liderlərindən olan Kamenev inqilabi avanqardçılığın qurbanları adlandırırdı. 1934-cü ildə isə İ. V. Stalin yazıçı M. Qorkinin irəli sürdüyü “Sosializm realizmi” prinsipini dəstəklədiyini bildirdi. Həmin prinsipə görə, “Sovet insanlarının xarakterinin təsviri bütün ədəbiyyat, dramaturgiya və incəsənət növlərində əksini tapmalı” və xoşbəxt gələcəyə inanan müsbət qəhrəman obrazı yaradılmalı idi. Əslində, bolşeviklər öz hakimiyyətlərini möhkəmləndirmək üçün mədəniyyət sahəsindən və incəsənət, ədəbiyyat adamlarından, onların əsərlərindən bəhrələnirdilər.

Bolşeviklər, xüsusən, gənc yaşlı ədəbiyyat və mədəniyyət adamlarını təsir altına salır, onları milli ruhda olan yazıçıların, şairlərin əleyhinə təbliğata yönəldirdilər. Onların fikrincə, hər yeni texniki maşından, hər yeni dəzgahdan yazmaq əsl şeir nümunəsidir. Çoxları üçün ədəbiyyat, mədəniyyət yalnız şüar xarakteri daşıyırdı. Yeni həyatı alqışlamaq, yeni həyatı müdafiə etmək işində sənət əsərinin, musiqinin başlıca rolunu dəmiri, texnikanı, pambığı, nefti tərifdə görürdülər. Yüksək istedadın məhsulu olan, xalqın çox ağrılarını özündə əks etdirən şeir, sənət nümunələrini qəbul etmirdilər. Xalqın keçmişindən, tarixindən tamamilə üz döndərirdilər.

1920-ci illərdə “yenilikçi” ruhda olan şairlərin belə misralarına çox rast gəlmək mümkün idi:

Varlıqdan yaz bizə, yoxluqdan yazma,

Xalqımıza dərin bir quyu qazma.

Ətrafına bir bax, yolunu azma

Ki, baharın sənin xəzanə bənzər!

Dövrün tənqidçiləri isə belə yazılarla mətbuatda çıxış edir, milli ruhlu şairləri ittiham edirdilər: “İndi bu bayquşlar uzaq guşəyə çəkilmişlər, onları elekrtik stansiyaları işıqlandırmır”.

Bolşevik şairlər isə yazırdılar:

Əgər mənim əlimdə olsaydı bir kəlbətin,

Keçmiş əsrin atının çıxarardım nalını.

Belə münasibət o dövrdə Azərbaycanın gözəl musiqi aləti olan tara da yönəlmişdi. Tarı bir musiqi aləti olaraq sıradan çıxarmağa və bununla da milli mədəniyyəti unutdurmağa çalışan bolşevik rejiminin ideoloqları gənc şairlərə tar əleyhinə belə fikirlər ifadə edən şeirlər yazmağa da şərait yaradırdılar.Süleyman Rüstəm yazırdı:

Ötmə dedim, ötmə dedim

ötmə tar.

İstəməyir proletar

Səndə çalınsın “Qatar”.

Qaldıraraq əlindəki çəkici

dəmirə vuran bir işçi nə söyləyir?...”

Qeyd: sonralar bu şeir “oxuma tar,oxuma tar, səni sevmir proletar” formasında xalq arasında yayılmışdı.

Milli ruhlu Azərbaycan şairi Mikayıl Müşfiq isə tara olan bu hücumlara cavab olaraq məşhur bir şeir yazmışdı:

Oxu tar, oxu tar,

De, səni kim unudar.

Oxu tar bir qadar.

1928-1929-cu illərdə Azərbaycana erməni Levon Mirzoyan rəhbərlik edən dövrdə “mədəni inqilab” şüarı altında milli musiqi alətlərimiz olan tara-kamançaya qarşı da hücum kampaniyası oldu. Həmin dövrdə Mərkəzi Komitədə tarın xalqa yad olduğu söylənilirdi.

Xalq Maarif Komissarı Mustafa Quliyev isə bu işin icraçısına çevrilir, tarın əleyhinə fitva verir və bu sözləri söyləyirdi: “... İşlətdiyimiz tar da İran musiqi alətidir... Tar bir el aləti olaraq Azərbaycanda inkişaf edə bilərmi? Tar İrandan gəlmişdir”.

Maraqlıdır ki, tara qarşı kəskin mübarizə aparılan 1938-ci ildə, repressiyalar başlayanda Mustafa Quliyevi də güllələdilər.

1929-cu ilin yanvarın 11-də “Kommunist” qəzetində Ə. Bədəlbəylinin “Tarın üzərində mühakimə” məqaləsi çap edilir. Hətta qəzetdə élan da verilir ki, D.Bünyadzadə adına Dövlət Türk Teatrında “tarın müzakirəsi-məhkəməsi” olacaq.

Bu kampaniyaya ilk qoşulanlardan biri - Mikayıl Rəfili olub. O, tarın əleyhinə yazırdı:

Bizi yormuş kar qulaqları qıdıqlayan

Keçi səsi,

Sədəfli tarın mələməsi (Bax: M. Rəfili. “Pəncərə” kitabı. B., 1929).

Digər şair Məmməd Rahim isə yazırdı:

İçindəki inləyəni

Deyirlər Şərqə məxsusdur.

Madam sıxır dinləyəni

Ağlatma, gəl onu susdur (Bax: M. Rahim. “Arzular” kitabı. B., 1930).

Süleyman Rüstəmin tarın əleyhinə yazdığı şeirdə bu misralar var idi:

Kəs səsini, ötmə tar!

Ötmə dedim, ötmə tar!

Səni sevmir proletar,

Səndə çalınsın “Qatar”.

Həmin dövrdə çətinliklə də olsa, bəstəkarlardan A. Zeynallı, Ə. Bədəlbəyli tarı müdafiə edirdilər. Tanınmış bəstəkarlar Ü.Hacıbəyli (Hacıbəyov) və M.Maqomayev də tara yönəlmiş kampaniyanın qarşısını almağa çalışırdılar.

Belə bir vaxtda erməni tarçalanı S. Kasparov isə Azərbaycan tarzənlərini hətta yarışa çağırır, tarı “özəlləşdirməyə” çalışan Şərq Konservatoriyası və onun professoru S. Ohanezaşvili Ü. Hacıbəyliyə qarşı etikadan uzaq bir tərzdə hücum edirdi.

MİKAYIL MÜŞFİQ

TAR

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!..

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti –

Alovlu sənəti!

Gözləri qibləyə açılan hasarlı binalar

Dinləmiş əzəldən səsini.

Papaqlı atalar, çadralı analar

Ötürmüş sayəndə köksünü.

Düşmüşlər gah şirin, gah acı toruna,

Sevinə-sevinə, qoruna-qoruna.

Çarparaq çargahın divardan divara,

Yolçunu yolundan eyləmiş avara.

Çalxanmış dərələr, təpələr,

Səs vermiş səsinə ləpələr.

Oxu tar, fikrimdə oyansın

Baharın, Seyidin qəzəli;

Oxu, tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!

Damağdan düşənlər,

Ürəyi şişənlər,

İlk bahar seyrinə çıxmayan,

Özünü dağların döşünə yıxmayan

Sinəsi dağlılar.

Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,

Dəxilin olmuşlar,

Qapında təsəlli bulmuşlar.

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir “zərəfşan”.

Onunçun segahın danışır

Pərişan-pərişan.

Səsini dinləmiş

Şahların, xanların sarayı;

Səninlə birlikdə inləmiş

Əsirlər alayı.

Bəzən də simlərin qəmləri ovudar,

Olardın onların sirdaşı

Sən ey tar!..

Gülləri əməkçi barmaqlar qanından

Rəng alan xəlçələr,

Xəlçələr üstündə uzanmış –

Dodağı qönçələr,

“- Hey, saqi, mədəd qıl soğudu şərabın,

İncitmə könlünü bu xanə-xərabın!” –

Söyləyən tox sözlü şairlər.

Həvəsdən doymayan ac gözlü şairlər:

Nədimlər, Vaqiflər,

Gözəllik sirrinə vaqiflər

Həp səni dinləmiş;

Oxumuş, inləmiş.

İndi də bizimçin oxu, tar!

Səni kim unudar?

Sən qulluq etmədin məscidə, axunda.

Çalışdın həyatı sevməyin uğrunda.

Çoxları üzünə durdular.

Könlünü qırdılar,

Nə deyim o yekəbaşlara?!

Çaldılar ruhunu daşlara.

Üstündən bir qara yel kimi əsdilər.

Səsini kəsdilər.

Daşlandı çəkənlər nazını,

Böyləcə qırdılar aşığın sazını.

Sən xalqa “gül!” dedin,

“Ey qüssə, öl!” dedin.

Başladı məsciddə mərsiyə.

Sarıqlı çıxınca ərsəyə,

Qüssəmiz ölmədi,

Xalqımız gülmədi.

Ağladıq daima, ağladıq,

Ey qədim aşina, ağladıq.

Oxu, tar! Dəyişdi zamana,

Bax, indi radio səsini

Dağıdır cahana.

Ey tarçı, çal, oxu!

Könlümü al, oxu!

Vur sazı döşünə, ey aşıq!

Qalmamış nə aba, nə qəba, nə sarıq.

Oxu, tar! Alovlu izlərin

Əcəba, neçə şux dilbərin

Yasəmən üzünü pul kimi qızartmış?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

Oxu, tar! Mən səndə

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

Ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə

İstəsəm, çevirə bilərəm,

Qəlblərdə gizlənən keçmişi

Bir yeni nəğmənin əlilə

Devirə bilərəm!

Oxu, tar!

Fabrikdə, zavodda.

Traktor başında.

Bu saat qarşında

Nə qədər adam var!

Utanma, oxu, tar!

Mədənli Bakının,

Pambıqlı Gəncənin,

İpəkli Şəkinin

Acısı, şərbəti,

Alovlu sənəti!

Oxu, tar, oxu, tar!

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!..

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti,

Alovlu sənəti!.

( 1932-1933-cü illər).

NəsimanYaqublu

 

Mənbə: moderator.az