“Biz “ay ana” deyəndə, anamız yanımıza gəlmirdi” - Debüt

“Biz “ay ana” deyəndə, anamız yanımıza gəlmirdi” - Debüt

Vaxtilə uşaq evinin sakini olmuş aktyor Ramiz Qəmbərov: Təhsil aldıqdan sonra anladım ki, hər səhnəyə çıxan aktyor deyilmiş 25 yaşı var. Həyatının ən gözəl və seçim etmək üçün həssas dönəmini yaşayır. Həyatla arasında bir ədavəti olduğu gözlərindən sezilir. Həyata 1:0 geridə başlayıb. Ancaq məqsədi, hədəfi və seçdiyi yol onu önə çəkməyi bacarıb. Missiyaları, amalı və niyyəti uğrunda dayanmadan çalışır. 25 illik ömrünə bir çox xatirələr sığdırıb. Elə xatirələr ki, uşaq yaşlarından onu tərk etmir. 5 yaşında uşaq nə xatırlaya bilər ki? O isə elə bu yaşından Nizami rayonu 1 nömrəli uşaq evinin sakininə çevrilib. Ta müstəqil həyata atılana qədər.
Bu gün Ramiz Qəmbərov Abdulla Şaiq adına Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Peşəsi isə uşaqlara gülüş bəxş etmək, onlara mənəvi zənginlik aşıqlamaqdır. Uşaqların dünyasında o, nağıllardan çıxıb gələn bir qəhrəmandır. Teatrın səhnəsində irili-xırdalı bir çox tamaşalarda rol alıb. "7 nar çubuğu”nda aparıcı, "Piter Pen”də hindu, "Cırtdan”da div, "Qırmızı papaq”da ovçu, "Zınqırovlu pişik”də pişik, "Cippolino”da Kral Limon, "Karlson”da və "Ələddin” tamaşalarında epizodik obrazları canlandırır. - Uşaqlıq illəriniz yaddaşınızda necə qalıb? - Uşaqlığımla bağlı yaxşı və pis xatirələrim var. Belə ki, o illərdən özümə yaxşı dost qazanmışam. 19 ildir ki, teatrımızın aktyoru Yasin Abbasovla dostluq edirəm. Böyüdüyüm 1 nömrəli uşaq evində bir neçə sənətə yiyələnmişəm. Orada rəqs, rəsm, heykəltəraşlıq, xalçaçılıq dərnəklərinə getmişəm. Bu dərnəklərdə bir çox sənətlərə yiyələnirdik. Uşaq evində elələri vardı ki, həvəsi olmadan dərnəklərə qatılırdılar. Mən isə çox həvəsli idim.
- Aktyor olmağı nə vaxtdan hədəfləmişdiniz? - Uşaqlıqdan. İncəsənətə böyük marağım olub. Aktyorluq dərnəyinə də getmişəm, eyni zamanda yaxşı rəqs etməyi də bacarıram. Universitetə imtahan verəndə, sənədlərimi Xoreoqrafiya Akademiyasına vermək istəyirdim. Bildirdilər ki, Xoreoqrafiya məktəbini bitirməmiş bakalavr oxuya bilməzsən. Mən də hazırlaşıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr” ixtisasına daxil oldum. Düşündüm ki, burada həm musiqi ilə məşğul olmaq imkanım olacaq, həm də aktyorluq sənətinə yiyələnəcəm. Mərhum sənətkarımız Telman Əliyev kurs rəhbərimiz idi. Bir müddət sonra xalq artisti İlham Namiq Kamal bizə dərs keçdi. Telman müəllim xoreoqrafik tamaşalarda mənə daha çox diqqət yetirirdi və bu sahədə istedadımın olduğunu bildiyi üçün hər zaman məni önə çəkirdi. - Uşaq evi, universitet, Kukla Teatrı... Hansı böyük məktəb olub? - Uşaq evində həyatı dərk etmişəm. Bura mənə həyatla mübarizə aparmağı öyrətdi. Əslində həyatımın bütün mərhələlərində öyrəndiyim və özüm üçün böyük təcrübə olan hadisələr olub. Bir fərd kimi formalaşmağımda hər birinin təsiri danılmazdır. Ancaq məni mən edən böyüdüyüm uşaq evi olub. Orada böyüyən uşaqlar, uşaq yaşlarında prinsiplərlə üzləşirlər və bu prinsiplərə riayət etməyə məcburdurlar. - Hansı prinsipləri nəzərdə tutursunuz? - Həyat prinsiplərini. Nəyisə əldə etmək üçün əziyyət çəkmək lazımdır və biz bunu uşaq yaşından dərk etməyə başladıq. Valideyn qayğısı ilə böyüyən uşaqların bizdən çox fərqi var.
- Arada o qədər də çox fərq olmamalıdır. Çünki sizin az əvvəl sadaladığınız dərnəklərə heç atalı-analı uşaqlar getməyib. - Çünki uşaq evindəki uşaqları ələ almaq və onların başını qatmaq lazım idi. Həm başımız qarışırdı, həm də sənət öyrənirdik. Təsəvvür edin ki, siz təksiniz və 30 nəfər uşaq var, onları idarə etməlisiniz. Məcbursunuz ki, onların başını qatasınız. Onları dərnəklərə yönləndirirsiniz və beləliklə, ortada sakitlik yaranır. - Uşaq yıxılanda, "ay ana” deyib ağlayır. Belə anlarda kimi köməyə çağırırdınız? - Biz də "ay ana” deyirdik, çünki bu, bir vərdişdir. Ancaq biz "ay ana” deyəndə, anamız yanımıza gəlmirdi. Bundan da nəticə çıxarırdıq ki, yıxılanda ağlamamaq lazımdır. Ağlamaqla nəsə həll olunsaydı, hamılıqla ağlayardıq. - Bəs özgüvən baryerini necə aşdınız? - Təsəvvür edin ki, sizi kiçik bir otağa salıblar və bununla barışmalısınız. Nə qədər çabalasanız da boşunadır, bu otaqdan çıxmaq mümkün deyil. Ona görə məcbur qalıb, o mühitdə yaşamağı, uyğunlaşmağı öyrənirsiniz. Biz də o mərhələləri keçmişik. Bizim düşdüyümüz mühit elə idi ki, hər hansı bir dərdimiz, problemimiz olanda, yaxud da ki, imdad edəndə ata-anamız yanımızda olmurdu.
Özgüvənə gəlincə isə, əlbəttə, bu bizdə bir qədər tez formalaşır. Bir də insandan-insana fərq var. Eləsi var, düşdüyü situasiyanı gec qavrayır. Uşaq vaxtı mən belə şeylərə görə tez-tez ağlayırdım. Sonradan gördüm ki, ağlamaq işə yaramır. Bunu dərk edəndə, mənim 10 yaşım vardı. Daha sonra özüm qərarlarımı sərbəst verdim. Bilirdim ki, nəyi etmək olar, nəyi yox. Əgər bunu etsəm, hansı cəza ildə üzləşəcəm və s.
- Sizi çox cəzalandırırdılar? - ... Hər bir valideyn öz övladını cəzalandırır. Normal həyatı götürəndə, uşaq dəcəllik edəndə, valideyn nə qədər desə ki mən uşağımı cəzalandırmıram, onun səmimiyyətinə inanmıram. Hər ailədə olur. - Biri var, ana tərəfindən şiddətə məruz qalasan, bir də var ki, yad biri tərəfindən... - Biri də var ki, həmin insan sənə öz anan kimi yaxınlaşır, diqqət, qayğı göstərir. Biz tərbiyəçimizi hələ də unutmamışıq. Görüşməyi və ona baş çəkməyi planlaşdırırıq. - Tələbəlik illərinizdə özünüzə nələr qatdınız? - Tələbəlik həyatı əvvəldən öyrəndiklərimin üzərinə gəldi və məni insan kimi daha da bərkitdi. Aktyorluq sənəti haqda səthi şəkildə məlumatlı olsam da, universitetdə bu sənətin dərinliklərinə vardım. Elə hesab edirdim ki, aktyor səhnəyə çıxdısa, elə aktyordu. Təhsil aldıqdan sonra anladım ki, hər səhnəyə çıxan aktyor deyilmiş. - Bəs Kukla Teatrı? - Kukla Teatrı həyatın mənə verdiyi bir hədiyyə oldu. Kuklaçı olmaq çox çətindir. Fərz edin ki, sizə kiçik bir rol veriblər, onu yaşamaq, təqdim etmək, rolu dərindən öyrənmək, xarakterini tapmaq həm çətin, həm də maraqlıdır. Bu xüsusiyyətləri kuklaya köçürmək çox çətindir.
- Böyüdüyünüz uşaq evinin indiki sakinləri sizi səhnədə izləyirlərmi? - Bir dəfə səhnəyə çıxmışdım, obrazımı canlandırırdım, ordan zala baxanda gördüm ki, uşaqların yarısı mənə tanış gəlir. Onlar mənim böyüdüyüm uşaq evinin sakinləri idi. Artıq tərbiyəçini görəndə bildim ki, mənim böyüdüyüm həmin uşaq evinin kollektividir və səhnədən onlara əl etdim. - Necə hiss idi? - Çox gözəl. O hissi sözlə ifadə edə bilmərəm. Mən heç vaxt görməmişəm ki, bizim kimi insanlar səhnəyə çıxsınlar. Mən özümü hansısa bir işdə görürdüm, ancaq belə bir səhnədə heç vaxt görməmişdim. - Sizi teatra necə qəbul etdilər? Adətən dövlət teatrında ştata qəbul olmaq heç də asan məsələ deyil. - Abdulla Şaiq adına Dövlət Kukla Teatrına müraciət edərək, teatrın direktoru Rəşad Əhmədzadə ilə görüşdüm. O bildirdi ki, teatrda aktyor ştatında yer yoxdur, ancaq bir boş yer var, o da rejissor assistentidir. Düşündüm ki, yəqin məni o işə qəbul etməyəcək. Sonda bildirdi ki, əgər bacararsansa, işləyə bilərsən. Teatrda bir il rejissor assistenti kimi çalışdım və daha sonra aktyor ştatına keçdim. - Teatrla ilk tanışlığınız nə zamana təsadüf edir? - Bir dəfə uşaq yaşımda Kukla Teatrında olmuşam. İllər sonra Kukla Teatrına iş üçün müraciət edəndə, teatrın girişində - divarın üzərindəki o rəsmi görəndə, sanki o günü xatırlamış kimi oldum. Yadıma düşdü ki, uşaq vaxtı cərgə ilə düzülüb, bu rəsmin qarşısından keçmişik. - Hədəfləriniz nələrdir? - Hədəflərim özüm üçün normal həyat şəraiti yaratmaqdır. Bir də ən əsası, mənim kimi insanlar üçün nələrsə etmək istəyirəm. - Misal üçün, nələr? - Hər hansı bir dərnək ola bilər. O dərnəkdə bizim kimi uşaqlar üçün təmənnasız layihələr həyata keçirmək. - Siz də uşaqların başını qatacaqsınız? - Yox, mən heç zaman uşaqların başını qatmağa çalışmıram. Mən o uşaqlara kənar insanların davrandığı kimi davranmıram. Bir uşaq səhv edəndə, izah edir, başa salıram. Axı o, uşaqdır.
- Sizə başa salmayıblar? - Bizə də izah ediblər, amma... Hərdən başqa cür də olur. Uşaqlar zahirən gec, daxilən isə tez böyüsələr, daha düzgün seçimlər edərlər. Bu dünyada uşaqlara qarşı o qədər də ədalət yoxdur. Çox şükür ki, biz əmin-amanlıq içində yaşayırıq. Ancaq müharibə olan ölkələrdə uşaqlar güllələrin altında qalırlar. - Nələri unutmursunuz? - Uşaq evinə düşəndən bu yana hər şey yadımdadır. Məni incidən çox şey olub. Uşaq evinə düşməyim özündən başlayaraq. Ondan sonra yaşadıqlarım isə bunun törəmələri olub. Bu da ki, ilahinin təqdiridir. Yəqin ki, bu yolu keçməliydim. Bəlkə də bu yolu keçməsəydim, burda olmazdım. - Və siz bu teatrın bir parçası oldunuz. Səhnədə obraz canlandıranda, uşaqların sevgisini hiss edirsinizmi? - Əlbəttə. Bu, sözlə ifadə edilə bilməyəcək qədər gözəl hissdir. Biz zaldan reaksiya görməyəndə, istər-istəməz pis oluruq. Onda aktyor düşünür ki, görəsən harda səhv edirəm, niyə mənə reaksiya verilmir. Uşaqlar bir-birilərinə baxıb hərəkət edirlər. Onların içində diribaşı nə edirsə, digərləri də ona baxıb hərəkət edir. Ən diribaşı gülməyəcəksə, digərləri də gülməyəcək. - Uşaq vaxtı mərhum olduğunuz sevgi və sevinci uşaqlara aşılamaq da yəqin ki, fərqli bir hiss olar. - Təbii ki, uşaqlarla təmasda olmaq gözəl duyğudur. Hərdən fürsət olduqca, səhnədən düşüb uşaqlarla görüşürük. Uşaqlar ən həssas tamaşaçılardır və biz bu məsuliyyəti dərk edirik. Xəyalə Rəis

Mənbə: kaspi.az