“Əliqismət Lalayev teatrda hegemonluq edir” - Tanınmış aktyordan etiraz

“Əliqismət Lalayev teatrda hegemonluq edir” -  Tanınmış aktyordan etiraz

"Əliqismət Lalayev 12 ildir teatra gəlib, hələ indiyədək Xalq artisti adı almağım üçün namizədliyimi nazirliyə göndərməyib. Heç vaxt adımı bu siyahıya salmayıb".
Bunu Azvision.az -a açıqlamasında Əməkdar artist Çingiz Əhmədov deyib. Tanınmış aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyindən narazılığını dilə gətirib: "Bu teatrda əməyim böyükdür, baş rolların ifaçısıyam, Hacıbaba rəhmətlik mənim nazımı çəkə-çəkə teatra dəvət edib. Bundan əvvəl 3 il ardıcıl mükafat almışam. İndi isə haqqımı tələb edib Əliqismət Lalayevə dedim ki, niyə mənim adımı mükafat alanların siyahısına saldırmırsan? Dedi, qoy başqaları alsın. Mən nə deyirəm ki, başqaları da alsın. Ancaq sən orta nəslə, teatrın aparıcı simasına qiymət ver, gənclər də görsün ki, Çingiz Əhmədovun reytinqi var, mükafat alır, hələlik Əməkdar artistdir. Niyə mən iki ildir ki, mükafat almıram?

Koronavirusdan qabaq onun qəbuluna getdim. Dedim, problemlərim var, əvvəlki vəziyyət deyil, adımı Prezident mükafatı alanların siyahısına salın. Yenə də etmədi. Teatra yeni gələnlərə mükafatlar verilir, amma illərdir iş görənlər nəzərə alınmır. Tək mənim deyil, Nahidə Orucovanın, Novruz Qartalın da mükafatları başqalarına verilir. Onlar da almalıdırlar".

Ç.Əsgərov teatr rəhbərliyi tərəfindən haqqının tapdalandığını bildirib: "Mənim kimi 37 il işləyən bir adamın haqqının kəsilib, yeni gələn birinə verilməsi düzgün deyil. Orta nəsli tapdalayıb, haqqını cavan adama vermək hegemonluqdur. "Azdrama" 25-30 nəfərə mükafat verir, sən amma 7 nəfərə verirsən. Niyə? Rəsmiyyə Nur, Mölə Mirzəliyeva - onların da teatrda əziyyəti böyükdür. Ancaq ad vermir, mükafat vermir. Novruz Qartal ailəsi ilə kirayə qalır, həyat yoldaşı xəstədir. Bu il mükafatları elə adamlara verdi ki, çaşbaş qaldım. Bu teatrda 4 müdir görmüşəm, amma hələ beləsi ilə rastlaşmamışam. Aktyor gecikəndə və ya teatra bir gün gəlməyəndə maaşından 50 manat tutub, cibinə qoyur. Axı bura yaradıcı mühitdir. Teatr heç kimin şəxsi əmlakı deyil. Teatr tamaşaçınındır. Heydər Əliyev deyirdi ki, aktyora dəymək olmaz. Onu teatrdan çıxarsan, boğsan, o bir ay yaşaya bilməz. Həsən Məmmədov nədən öldü? O boyda teatrda bacara bimədi, dərddən, fikirdən getdi. Mən haqqımı tələb edirəm, heç kimdən heç nə ummuram. Dövlətin qayğısından niyə məni kənarlaşdırırsan?".

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az