Polisin cərimə kəsmək səlahiyyəti var? - Dəyişdirilən qanunla bağlı anlaşılmazlıq

Polisin cərimə kəsmək səlahiyyəti var? - Dəyişdirilən qanunla bağlı anlaşılmazlıq

Milli Məclisin iyun 2-də qəzbul etdiyi qanunla İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə dəyişikliklər edib. Bu dəyişikliklərə görə Məcəllənin 211-ci maddəsinin mətni 211.1.-ci maddə hesab edilib.Yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Daha sonra Məcəlləyə aşağıdakı məzmunda yeni 211.2.-ci və 211.3.- cü maddələr əlavə edilib: Bu maddələr özlərində nəyi ehtiva edir?

211.2: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə edilir."

211.3: Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə dörd yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyi şərh edən Hüquq və ictimai İnkişaf Birliyinin rəhbəri, tanınmış hüquqşünas Hafiz Həsənov bildirir ki, Milli Məclisin 2 iyun tarixli qanununda bu dəyişiklilərə uyğun olaraq İnzibati Xətalar Məcəlləsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyəti olan inzibati xətalar sırasındakı 211-ci maddə 211.1.-ci maddə ilə əvəz olunub:

"Bununla yanaşı İXM-nin 43.2.-ci və 43-cü maddələrinə müvafiq olaraq Prezidentin 3 may 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda (Siyahı) İXM-nin 211-ci maddəsi də 211.1.-ci maddə ilə əvəz edilməlidir. Lakin bu Siyahıda İXM-nin 211-ci maddəsi Siyahı təsdiq ediləndən bəri ümumiyyətlə olmayıb və indi də yoxdur. Bu isə o deməkdir ki, İXM-nin 211-ci maddəsi ilə (indiki halda 211.1.-ci maddəsi ilə) işin məhkəmədə baxılması üçün inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edilməyib. Halbuki, indiyədək bu maddə üzrə bütün inzibati xəta protokolları Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilərək məhkəmələrə göndərilib.

Maraqlı burasıdır ki, adıçıkilən Siyahıya İXM-nin 211.1.-ci maddəsi əlavə olunmasa da, indi də bu maddə üzrə inzibati xəta üzrə protokolları polis əməkdaşları tərtib edir. Bundan əlavə, İXM-nin 44-cü maddəsinə müvafiq olaraq Prezidentin 27 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1., 2.2., 2.4. və 2.5.-ci bəndlərində müvafiq olaraq İXM-nin 211-ci maddəsi 211.1.-ci maddəsi ilə əvəz edilməli və həmin bəndlərə 2.11.2.-İXM-yə yeni əlavə olunan 211.2. və 211.3.-cü maddələri əlavə edilməlidir. Lakin indiyədək həmin Siyahıda müvafiq dəyişikliklər edilməyib".

Hüquqşünasın sözlərinə görə, bu da o deməkdir ki, İXM-nin 211.1.-ci, 211.2.-ci və 211.3-cü maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edilməyib: "Halbuki, adıçəkilən qanun qüvvəyə mindikdən indiyədək İXM-nin 211.1.-ci, 211.2.-ci və 211.3-cü maddələri üzrə polis əməkdaşları tərəfindən onlarla şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarlar verilib".

AzPolitika.info

Mənbə: azpolitika.info