Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyür. Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük zəhməti olub. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayıb.

İbtidai təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə yanaşı, rus dilini də mükəmməl öyrənmişdir. 1920-1927-ci illərdə əvvəlcə Bakı darül-müəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil alıb, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik edib.

Müşfiq poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün”şeiri ilə başlayıb. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunub. Şair öz yaradıcılığında uşaqlar üçün də yer ayırıb, bir-birindən gözəl əsərlər yaradıb. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında böyük məhəbbət qazandırmışdır.

Müşfiq M.Y.Lermantovun “Demon” poemasını (R.Rza ilə birgə), “Qafqaz” (M.Rəfili ilə birgə), “Şairin ölü-münə”, “Tənha yelkən ağarır” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini və s. tərcümə edib.

1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazıb olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları” , “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti”və digər şeir və poemalarını daxil edib.

Lakin kitabı nəşr etdirmək şairə qismət olmayıb. 1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Yazıçıların növbəti plenumunda Müşfiqə əks inqilabçı damğası vurulur. O, 1937-ci il iyun ayının 4-də evində həbs edilərək əksinqilabçı milli təşkilatın üzvü olmaqda ittiham edilir. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəmə-sinin 20 dəqiqəlik məhkəməiclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm 1939-cu il yanvar ayının 6-da Nargin adasında yerinə yetirilir. Böyük şair güllələnərək məzarı qalmasın deyə dənizə atılır. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət alıb.

Şairin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə mahnılar bəstələnib. Onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda yaşadığı binaya (S.Rəhimov küçəsi, 108) xatirə lövhəsi vurulub, büstü qoyulub. Şairin çalışdığı son iş yeri olan 189 saylı orta məktəb, həmçinin, Gəncə, Xızı, Sabirabad və digər şəhərlərdə fəaliyyət göstərən orta məktəblər görkəmli şairin adını daşıyır. Xızı rayonunun Sayadlar kəndində xatirə muzeyi yaradılıb.

Dilbərin doğma əmisi, İdris Axundzadə ədəbiyyat müəllimi idi və onun yaxın dostları Hüseyn Cavid və Əhməd Cavad idi. O Gəncəyə qardaşıgilə gəlir və görür ki, qardaşı qızı üçün ata evində ögey anası ilə çox çətindir. Çox düşünmədən onu özü ilə Bakıya gətirir. Əmisinin həyat yoldaşı onu özü ilə buraxılış gecəsinə aparır və orada Müşfiqlə tanış olurlar. Müşfiq ilk görüşdə Dilbərə aşiq olur və onun hörüklərinə şeir yazır. Bununla da dillərə dastan olan sevgi hekayələri başlayır. Onlar 3 il nişanlı, 4 il ailəli olurlar. Yalçın adında bir övladları olur lakin, xəstəlikdən dünyasını dəyişir.

Mənbə: qazet.az