Pandemiya gündəliyi...

Pandemiya gündəliyi...

Axır ki, könlü durulub gözləri güldü, bekarçılıqdan az qala havalanan Qalibi də müjdələyən tapıldı. Daha evə qapılıb qalmayacaqdı. Bir il yeddi ay sürən işsizliyin utanc verən əzabından qurtulduğu gün gəlib yetişmişdi. Axşam saat 5-ə qalmış, küləkli fevral ayının 24-də, tələbəlik illərinin dostu "Buynuz" Çingiz onun mobil telefonuna zəng eləyib salamsız-filansız ərkyana səslə: "Bəsdi yanına yerə qoyub şişdin ə, bütün günü yeyib yatmaqdan bezməmisən hələ, hıı?! Sabahdan işə çıx, eşitdin?! Səhər saat səkkizdə ol bizim ofisdə, gecikmə, tez gəl! Vaxtında gəl, səninlə müqavilə bağlayaq. Yaxşı? Eşidirsən də məni! Bax, gecikmə ha! İnşallah, sabahdan işə başlayırsan... 650 manat alacaqsan, razısan?" söyləyib, Qalibin nə deyəcəyini, nə cavab verəcəyini belə gözləmədən şad xəbəri birnəfəsə dostuna çatdırandan sonra dilucu onunla sağollaşdı. Daha heç nə söyləmədi, "İşim var" dedi və mobil telefonu hövlnak elə bağladı ki, sanki əli yanırdı. Macal tapıb ona quruca sağ ol da deyə bilmədi. Xəbər qəfil oldu deyə elə çox sevinə də bilmədi. Yorğun idi, çox yorğun. İşsizlik onu əldən salıb boynubükük düşgünə döndərmişdi. Söhbət bitəndən sonra əlindəki "Nokia"nın bozaran qara üzünə xeyli baxdı, köhnə telefona tamaşa eləyə-eləyə ilk ağlına gələni dili pıçıldadı: "Hə... Belə... Deməli, iş var... İşə çıxdığım gündən... Mütləq yeni gündəlik yazacam. Mütləq! Ancaq işə aid olanları, bir də gündəlik iş həyatı barədə fəlsəfi, poetik düşüncələri. Müşahidələr, hadisələr, tiplər... Bu da tarixdi də, yazıb yığaram, bəlkə gələcək romanım üçün material oldu... Axır ki... İndi isə eyvana çıxmaq və Allaha şükür eləmək zamanıdı". Doqquz mərtəbəli, otuz üç yaşlı binanın üçüncü mərtəbəsindəki beşotaqlı ata evinin dəmir məhəccərli eyvanına çıxanda masanın üstündəki siqaret qutusunu, alışqanı da götürüb göy idman şalvarının dar cibinə dürtdü. Adəti idi, həmişə eyvana çıxanda gərək bir siqaret yandıraydı, amma bu dəfə siqaret çəkməyə tələsmədi, başını göyə qaldırdı. Qüdrətli və sirli göy üzünə xeyli baxdı. İşi düzələn adam heyranlıqla Bakının dəli küləyində yellənən, elə bil qara buludların arasında tıxanıb çabalaya-çabalaya qalan üzü ləkəli Aya baxa-baxa başladı sidq-ürəkdən Allaha dua eləməyə. Uzun-uzadı dua elədi, əl açıb yalvardığı, onu niyyətinə qovuşdurduğu ulu Tanrıya, Yaradana dönə-dönə şükür eləyəndən sonra gözləri də doldu hələ və köksünü ötürüb əlini saldı cibinə, bayaq xanımının ona aldığı ağ, qalın "Vinston" qutusunu çıxartdı...

Şad xəbəri evdə də bildilər... İşə çıxmışdı. Redaktor kimi öz işinə və iş yoldaşlarına elə alışmışdı ki, elə bil yüz il idi tanıyırdı bu adamları. Televiziyalarda virus barədə eşidəndə, saytlarda adı Kovid-19 olan koronavirus bəlasından bəhs eləyən yazıları oxuyanda, Çində baş verən kütləvi yoluxmadan xəbərdar olanda nədənsə çox kədərləndi və bir gün işsizliklə vidalaşdığı həmən axşamı, evinin eyvanında özünə verdiyi sözü, unutduğu əhdini xatırladı: "Vay! Vay! Mən axı özümə söz vermişəm ki... Mən axı işə çıxdığım gündən gündəlik yazmalıydım, eh, vəfasız adam..." Sonuncu dayanacaqda əsnəyə-əsnəyə düşdü avtobusdan və ayağı yerə dəyən kimi telefonunu çıxarıb yenə arvadına deyil, oğluna zəng vurdu, "İgidim" deyə oğlunu dindirdi, evdə çörək olub-olmadığını soruşdu. Oğlunun səsini eşitməkdən ötrü hər gün ona zəng eləyib eyni sualı vermək vərdişi olsa da, hər dəfə eyni cavab almırdı. Oğlu tez anasına səslənər, arvadı da düşünmədən əzbərçi şagird kimi alınası ərzaqları tək-tək sadalayardı. Telefonda arvadının süst səsini eşitsə də, bütün bunları oğlu Azərin dilindən eşidəndən sonra "Çatmışam" dedi və telefonu söndürüb döndü marketə. Deyilənləri alıb bazar çantasına gündəlik yazmaq üçün qara bloknotu da əlavə eləməyi unutmadı. Öskürə-öskürə qapını döyəndə burnunu çəkə-çəkə iki dəfə asqırıb içəri keçsə də, kimsə halını sormadı. Hər gün eşitdiyi suallara yenə cavab verməli oldu: "Yemək verim, yoxsa çay?" Süfrədən qalxan kimi çəkildi təkliyə, gündəliyinə iki cümlə yazdı: "Çində koronavirus yayılıb. Allah bilir, yenə nə oyundu!" Ardını yazmağa halı da olmadı. Köksündə közərən ağrıdan nəfəsi daraldı...

 

Mənbə: moderator.az