Sabirə qoyulan heykəl illər sonra niyə dəyişdirildi? – SƏBƏB

Sabirə qoyulan heykəl illər sonra niyə dəyişdirildi? – SƏBƏB

1922-ci ildə Sabirin anadan olmasının 60 illiyi münasibətilə Nəriman Nərimanovun sərəncamı ilə Sabirə heykəl qoyublar və müəllifi yəhudi əsilli heykəltaraş Yakov İosifoviç olub. Həmin heykəl 1958-ci ilə qədər həmin məkanda qalıb.

Məsələ ilə bağlı şairin nəvəsi Sevda Tahirli maraqlı faktları dilə gətirir. Onun dediklərinə görə, sonradan heykəltaraşlar belə qərara gəliblər ki, həmin heykəldə milli cizgilər, Sabirdəki əzəmət yoxdur. Bir sözlə həmin heykəli Sabirə yaraşdırmırlar. Sabirdə bir başqa əzəmət olub, onun varlığı, mövcudluğu belə başqa mesaj idi:

“Görünür həmin əzəməti hiss etmədiklərinə görə belə fikrə gəliblər. Və ya nəyə görəsə Sabirin heykəlini milli heykəltaraşlarımızdan kimsə işləməlidir deyə düşünüblər. Dəqiq bilmirəm ki, həmin fikrin arxasında daha hansı qərarlar olub, amma fakt odur ki, 1958-ci ildə heykəl dəyişdirilib. Əvvəlki heykəlin yerində heykəltaraş Cəlal Qaryağdının hazırladığı heykəl qoyulub. Birinci heykəldə Sabir ayaq üstdə dayanmış vəziyyətdə təsvir edilmişdisə, yenisində oturmuş halda təsvir olunub.

Bir neçə il öncə yazılmışdı ki, Sabirin heykəli dəyişdiriləndən sonra Hüseyn Cavid gəlib heykələ baxıb və deyib ki, vay-vay, Sabiri də otuzdurdular. Çox maraqlı bir fakt idi. Ancaq məsələ burasındadır ki, Hüseyn Cavid 1941-ci ildə vəfat edib, həmin heykəl isə Cavidin vəfatından 17 il sonra qoyulub”.

Qeyd edək ki, əvvəlki heykəl də indi qalır, Balaxanıdakı Sabir bağındadır və Balaxanı sakinləri həmin heykəli qoruyur.

Mənbə: modern.az