“Azərbaycanda da, Amerikada da uğurlu biznesim var” – Elariz Məmmədoğlu ilə MÜSAHİBƏ

“Azərbaycanda da, Amerikada da uğurlu biznesim var”  – Elariz Məmmədoğlu ilə MÜSAHİBƏ

“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən, yaradıcılıq fəaliyyətini orada davam etdirən müğənni Elariz Məmədoğlu vətəndən uzaqda həyatının necə keçdiyindən danışıb. Sənət fəaliyyəti ilə yanaşı Nyu-Yorkda dönərxana açan müğənni Yenisabah.az-ın suallarını cavablandırıb:

- Vətəndən çox-çox uzaqlarda yazıb-yaratmaq çətin deyil ki? Elariz Məmmədoğlu qərib eldə nədən və yaxud kimdən ilhamlanır?

- Vətəndən uzaqlarda yazıb-yaratmaq mümkündür. Məsələn, bəstəçi Sergey Raxmaninov da Amerikada yazıb-yaradırdı. Hər şey incəsənət adamının professionallığından asılıdır.

- Bakı üçün darıxırsınızmı? Azərbaycan yadınıza düşəndə özünüzü necə ovundurursunuz?

- Bakı və Azərbaycan üçün darıxıram. Azərbaycan yadıma düşəndə ya musiqi dinləyirəm, ya da köhnə dostları arayıram.

- Geriyə dönməyi, yenidən Azərbaycanda yaşayıb-yaratmağı düşünürsünüzmü?

- Mənim istədiyim vaxt Bakıya gəlmək iznim var. İndi çox gözəl zamandır.

- Elariz bəy, sənət dostlarınızın, azərbaycanlı həmkarlarınızın fəaliyyətini izləyirsinizmi? Azərbaycanlı müğənnilərin repertuarı, ifa tərzi sizi qane edirmi?

- Əlbəttə, sənət dostlarımın fəaliyyətini izləyirəm. Bəzilərinin repertuarı məni qane edir, bəzilərininki isə etmir, amma hər kəs öz işini daha yaxşı bilir. Görünür, belə lazımdır. İfa tərzi isə rəngarəng olmalıdır. Müğənnilər bir-birini təqlid etməməlidirlər. Əksər müğənnilərimizi bəyənirəm. Bəzilərinin ifa tərzi düzgün olmadığına görə sevmirəm.

- ABŞ-dakı işinizdən razısınızmı? Biznesdə uğur qazana bildinizmi?

- Azərbaycanda da, ABŞ-da da işimdən razıyam. Biznesdə uğurum var. Konsertlər, toylar, banketlər və restoran işi vaxtaşırı olur (koronavirusa qədər). Lakin hər şey yaxşı olacaq. (Everything will be fine!)

Əsmətxanım

Mənbə: yenisabah.az