Səni sevməyən adam sevgilin olur indi… - Mirbağır

Səni sevməyən adam sevgilin olur indi… - Mirbağır

Qaynarinfo.az Mirbağırın şeirlərini təqdim edir:

Saat

Olmalıdır, əlbəttə, olmalıdır

Bu taleyin ümid verən xoș yeri...

Hardasa müharibələrdən,

siyasətdən uzaq

dünyanın bir yelləncək

boyda boş yeri...

Bu həyat belədir, Kadir,

gül becərə bilmədinsə,

heç olmasa, bir qanqal

böyütmək olmalı

bir kişinin ən qanayan düş yeri...

Nəfəsimə toxundur əllərini,

gözlərimdə gəzdir,

bəlkə, quruda bildin

ovcundakı yaş yeri...

Kimsə səndən saatı sorușanda

kaș göstərə biləsən

uşaq vaxtı biləyinə qoyduğum

o diş yerin...

------------------------

Ömür şəkli

Ömür də yaşamadım,

bir qızın saçı boyda...

O gün şəklini gördüm -

bir az böyük düşmüsən;

çəkdiyim acı boyda...

Mən də düşdüm bu yerdə

hey dilə-dişə, qaldım.

Dizlərimin altında

bir ovuc şüşə qaldın...

Babamın yaddaşında,

qaldım, həmişə qaldım,

mən əl ağacı boyda...

Çox da böyümədim heç…

Açığı istəmədim.

İnsan nə boyda olar?!

Uzağı, içi boyda...

Ordan bir öpüş göndər;

Çox böyük istəmirəm:

burnunun ucu boyda...

------------------------

Leyla

Səmadakı göy qurşağını körpü bil, Leyla,

ordan keçib gəl mənə...

İstəsən, buludları yeyib, yağışları içib gəl...

Göyü buludsuz, yeri yağışsız,

dünyanı viran burax, məni eşqsiz buraxma!

 

Ən gözəl donunla gəl!

İnsanların əvvəli eynidir, Sonunla gəl!

Sevgilin varmı, Leyla,

nə gözəl, onunla gəl...

Eybi yox, qoy dişlərin qar kimi soyuq,

külək kimi iti olsun...

Ama mütləq gəl, elə gəl, məsələn,

ayaqların yoxdursa, sürün gəl.

Payız kimi sərin, qara xurma kimi şirin gəl.

Qırışmış barmaqlarım sinənə ütü olsun!

Sevgilini düşünmə, düşünmə qucağımda,

ona da yer tapılar mənim sığınacağımda...

Sevgilin qorxaqdımı,böcəklərdən qorxurmu?

Yalanlardan bəslənib, gerçəklərdən qorxurmu?!

Səhərlər tellərinə çiçəkləri toxurmu,

sarmaşıq nəğmələri qulağına oxurmu,

göbəyindən öpürmü, topuğuna baxırmı...

yanında ola-ola yanına darıxırmı!!!

Nə isə, qoy cəhənnəm olsun sevgilin də!

Sənin təmiz havanla ciyərim dolur indi.

Bəlkə neçənci dəfə, bəlkə neçənci dəfə,

səni sevməyən adam sevgilin olur indi!

Leyla, burda sən yoxsan, bəs bu Günəş kimindi,

bütün qanlı savaşlar kimin üçündür, söylə!

Kimədi bu çiçəklər, bu ağaclar kimədi,

süd rəngində döşlərin kimin üçündür, söylə,

bu yırtıcı dişlərin kimin üçündür, söylə!

Məni soraqlasan, beynim sənin,

boynum edamlıq üçün, çiynim sənin,

bədənim çarmıx üçün, əynimsə sənin üçündür,

gətir geyinim səni, ölüm günümdü bu gün!

 

------------------------

Röya...

Bədənimi hiss eləmirəm daha,

ağrılarımı keyitməyin yolunu tapdım, adamım!

Barmaqlarından yayılan istilik alnında

soyuq tərə döndükcə, unudursan...

Sən unutduqca hamı geri dönür, əslində!

Sən unutduqca ölüm də qorxur səndən, ayrılıq da..

Sən unutduqca akvariumda əyləncə üçün

adam saxlayır balıqlar...

Sən unutduqca tabutdan körpə qığıltısı gəlir

ovuclarından nəm torpaq iyi,

sükutundan külək uğultusu gəlir...

Sən unutduqca atasız doğulan

bütüm körpələr İsaya dönür...

Musa da Turdan çəkilir, çevrilib Əsaya dönür!

Sən unutduqca silahları göylərdə

çərpələng uçurur şəhid uşaqları...

Sən unutduqca buluddan alma dərir,

Günəşdən su gətirir nağıldakı nəhənglər!

Sən unutduqca yaralar sağaldır sarğıları,

daha sınmağa qoymur göllər öz qarğıların...

Sən unutduqa bütün itkin

adamlar tapılır yaddaşında...

Daha qan iyi gəlmir adamların "başından”

Gözlərinə ox batmır quşların qanadından,

gözəl sözlər eşidirsən ayrıldığın qadından...

Unudursan hər şeyi, adını unudursan,

külünü cəhənnəmə, odunu unudursan!

Bir də görürsən ki,

havadadır ayağın, havadadır qolların...

Əllərin günahdadır, gözlərinsə duada,

səndən başqa şəkildi hamı kiçik yuvada...

Baxırsan ki, ilahi, həqiqətin aldadır,

hər verdiyin cavablar növbəti sual dadır..

Harda ağacsan görən, hansı dənizdə ilbiz,

Harda tanrısan indi, indi hardasan, iblis!

Başdan – ayağa susan, axı necə oddasan?!

Başından yuxarıda, ayağından altdasan.

Unutduqca düzəlib, lal baxmağın da keçib,

gözünü döyməyin də, darıxmağın da keçib!

Unutduqca tapmısan özünü öz içində,

daha heç nə demirəm, bacarsan döz içində...

------------------------

Yadındadı, pəncərəzə daș atdım

Yadındadı, pəncərəzə daș atdım,

o gün - bu gün bağrım başı yandı ha!

Evinizdə xəbərləri olmadı,

anan dedi, pəncərələr köhnəlib,

atan yeni çərçivələr yondu ha!

Onda yoxdu sıx növbələr çörəkçün,

bircə baxıș bəs edərdi ürəkçün.

Sonra bir gün saxladığım göyərçin,

gəlib sizin damınıza qondu ha...

Ağrıyardıq, deyərdilər nəzərdi,

kimsə tapıb yandırardı üzərlik.

Böyüdükcə pəncərələr düzəldi,

ara - sıra ürəyimiz sındı ha…

Bir iynəylə qorxuzardıq cinləri,

bölüșərdik bir balaca kündəni,

ta düşünmə görəcəyin günləri,

bizimkisi bir yaşamlıq andı ha!

Böyüdükcə, pəncərələr düzəldi,

ara-sıra ürəyimiz sındı ha...

------------------------

Nağıl

Nağıl qəhrəmanlarımız divləndilər getdilər,

içdik, süfrə dostlarımız kefləndilər getdilər,

sevdiyimiz qızlar bir-bir evləndilər getdilər,

yolların tozu getmədi gözümüzdən, ilahi!

Bircə daş qoya bilmədik dağılandan vətənə,

Xəzər də yiyə durmadı boğulandan vətənə,

oğlumuzu şəhid verdik doğulandan vətənə,

heç olmasa, muğayat ol qızımızdan, ilahi!

Daşın nə ağırdı belə, a vətənə daş qoyan!?

Əlindəki lələk nədir, nədir, ay qəfəsin boş qoyan!?

Bu yaralı dizimizə kimdi axı baş qoyan,

kimin başı salamatdır dizimizdən, ilahi!?

Minimizi öyrəndilər, birimizi bilən yox!

Ölümüzə sevindilər, dirimizi bilən yox!

Hə, noolsun, hə, noolsun, yerimizi bilən yox!

Mən yenə də narahatam özümüzdən, ilahi!

Mənbə: qaynarinfo.az