Maddi - mədəniyyət abidələrimiz dövlətin diqqət mərkəzindədir

Maddi - mədəniyyət abidələrimiz dövlətin diqqət mərkəzindədir

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Res­publikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşın­maz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilmiş, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq da­şınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunmuşdur. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2013-cü il dekabrın 27-də imzaladığı “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”ndan

Bəlkə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparı­lan bərpa-konservasiya işləri ilə tanış olmalarının “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın yekun ilinə təsadüf etməsinin həmin tarixi sənədlə elə də bağlılığı yox idi. Amma fakt ondan ibarətdir ki, dövlət başçımız imzaladığı bütün proqram, plan və sərəncamların icrasını daim diqqət mərkəzində saxlayır. Üstəlik, tarixi abidələr məsələsi həm ulu öndərin, həm də cənab Prezidentin daim böyük önəm verdiyi istiqamətlərdəndir.

Hamının bildiyi faktdır ki, Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurətini yaradırdı. Ona görə də son 15-20 ildə əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qo­ruğu, “Atəşgah məbədi” Dövlət Tarix- Memarlıq qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart ta­rixli qərarı ilə “Abidə qoruqlarının nümunəvi əsasnaməsi” təsdiq olun­muş, 2000-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, o cümlədən, Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Dünyanın əksər tarixçi alimlərinin diqqət mərkəzində olan “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunun yüksək əhəmiyyəti nəzərə alınaraq, “Qobustan Dövlət Tarixi- Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 iyun tarixli sərəncamı imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 172 nömrəli qərarı ilə “Qobustan” Dövlət Tarixi- Bədii Qoruğuna milli qoruq statusu verilmişdir. Qoruğun ərazisində qo­ruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır.

Sonrakı dövrlər mədəniyyət nümunələrinmizdən olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu­nun və dünyanın ən qədim yaşayış məskənlərindən olan Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olun­muşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qala” Ar­xeoloji-Etnoqrafik Muzey Kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır. Bundan başqa, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli Sərəncamına əsasən qoruğun ərazisində genişmiqyaslı bərpa-konservasiya, elmi tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılmış, o cümlədən, yeni inzibati binanın interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının layihəsi hazırlanmışdır.

İyunun 29-da Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ziyarət etdiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu da milli memarlıq sənətimizin ən dəyərli nümunələrindəndir. Həmin ziyarət barədə verilən məlumatda bildirilir ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehri­ban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa qala qapılarını da əhatə edib.

Xatırladaq ki, bu qapılar sonun­cu dəfə 1956-1957-ci illərdə təmir edilmişdir. Mütəxəssislərin 2 il əvvəl apardığı müşahidələrin nəticəsinə əsasən abidədə həm daxildən, həm də xarici tərəfdən çatlar, deformasiyalar aşkar olunmuşdu. Qoşa qala qapıları­nın və qala divarlarının Əziz Əliyev küçəsinə bitişik hissəsinin bərpa və möhkəmləndirmə işləri 2018-2019-cu illərdə həyata keçirilib. Görülən işlər nəticəsində bu qapıların tağlı keçidlərinin hörgüsü möhkəmləndirilib, gözətçi qülləsinə qalxan yollar və pillələr, qala divarının bu hissədən keçən “əsgər yolu” bərpa edilib.

Tədbir zamanı bildirildi ki, burada həyata keçirilən təmir-bərpa işləri həm ilin sonunadək, həm də gələn il davam etdiriləcək. Üstəlik, burada XV əsr abidəsi olan “Buxara” karvan­sarasına bitişik ərazidə yardımçı sahə kimi istifadə edilən binada “Sənət və sənətkarlıq” adlı ənənəvi sənət mərkəzinin yaradılması planlaşdırılır. Mütəxəssislərin fikrincə, paytaxtda ilk olaraq belə bir mərkəzin yaradılma­sında məqsəd Azərbaycanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək, onların əl işlərinin satışı və sərgilənməsi, ustad dərslərinin keçirilməsi üçün vahid məkanın qurul­masıdır. Bundan başqa, “İçərişəhər” sərgi qalereyasının da yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı ildə Qoşa qala qapıları yaxınlığında aparılan ar­xeoloji qazıntılar zamanı XVII əsrə aid yeraltı hamam aşkar edilmişdi. Dövlət başçımız və birinci xanım həmin tarixi abidəyə də baxdılar. Prezidentə məlumat verildi ki, hamamın konservasiya-bərpa işləri iki il ərzində həyata keçirilib. Burada aparılan işlər zamanı xeyli sayda arxeoloji tapıntı da üzə çıxıb.

Daha bir maraqlı məqam isə XVII-XVIII əsrlərə aid Bakı xanlarının evi və ya Bakı Xan Sarayı komplek­si ilə tanışlıq idi. Bu kompleksdən xanlığın sonrakı hakimləri tərəfindən 1806-cı ilədək iqamətgah kimi istifadə olunub. Onun tərkibinə yaşayış bi­naları, Xan bağı, Yeraltı hamam, orta əsrlərə aid ovdan, dulusçuluq emalat­xanasının qalıqları, suarıtma sistemi, Xan məscidi daxildir. Burada bərpa və konservasiya, həmçinin abadlıq işlərinə 2018-ci ilin sentyabrından başlanılıb.

Bildirildi ki, Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Muzeydə audiobələdçilər, virtual reallıq texnologiyasının imkan­larından istifadə olunmaqla ayrı-ayrı mövzular üzrə ayrılmış otaqlarda tarixi keçmişi əks etdirən bədii-tarixi və animasiya filmləri təqdim olunacaq. Hazırda layihə üzrə işlər davam etdiri­lir və onun açılışı 2020-ci ilin sonuna planlaşdırılır. Burada aparılan işlər “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti milli-mədəni abidələrimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün lazım olan bütün addımları atır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com