Dünyada tanınan sənətkarlarımız niyə yoxdur?

Dünyada tanınan sənətkarlarımız niyə yoxdur?

Vətənini, millətini sevən hər kəs sidq ürəklə, təmənna ummadan Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği üçün çalışmalıdır Müxtəlif ölkələrdə doğulmuş, amma bütün dünyada məşhur olan kino və teatr xadimləri tanıyırıq. Musiqi dünyasında bizim də Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Müslüm Maqomayev kimi dəyərli sənətkarlarımızın imzası var. Amma təəssüf ki, dünya səviyyəli aktyor və rejissorlarımızın adlarına rast gəlməmişik. Bəs görəsən bizim dünyaya təqdim edəcəyimiz və sərhədlərimizdən kənarda da qəbul edilib seviləcək aktyor və rejissorlarımız niyə yoxdur?
Xalq artisti Rasim Balayev aktyorlarımızın beynəlxalq müstəvidə tanınmamasının müxtəlif səbəblərinin olduğunu vurğuladı: "Əlbəttə, hər bir sənətkar istəyər ki, onu bütün dünya tanısın. Bizim işimiz rejissorun dediyi obrazı canlandırmaqdan ibarətdir. Biz təşkilatçı deyilik, sadəcə icraçıyıq. Görünür, təşkilatçılıq qabiliyyəti və beynəlxalq kino təşkilatları ilə əlaqəsi olan prodüserlərimiz yoxdur. Bu sahə bizdə o qədər də inkişaf etməyib. Biz Sovet dövrünün insanlarıyıq. Gənc vaxtlarımızda çəkilən filmlər ən uzağı Rusiyaya gedirdi. Bizim özümüzün isə xaricə getmək, orda çalışmaq kimi imkanımız yox idi. Bu kimi məsələlər Moskvada həll olunurdu. Onlar da beynəlxalq festivallara öz filmlərini göndərirdilər. Ona görə də bu müstəvidə tanınmaq bizdən asılı olmayıb. Bizə o dönəmlər dünyada tanınmaq üçün şəraiti yaratmırdılar. Bu gün tamam başqa bir zəmanədir, hər bir gənc özü maraqlanır və dünyaya çıxır. Bir də əsas məsələ budur ki, bizim indi dünyaya çıxacaq filmlərimiz çəkilirmi?" Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov isə deyir ki, biz öz dəyərlərimizi və dəyərlilərimizi lazımınca tanıda, təbliğ edə bilmirik: "Bu yaxınlarda İsveçdə yaşayan rejissor dostumuz Əlif Cahangirlə danışırdıq. Əlif İnqmar Berqman və İsveç xalqının ona münasibəti haqqında danışdı və bir fikir səsləndirdi ki, əgər Vaqif İbrahimoğlu isveçli olsaydı, burada ona heykəl qoymuşdular. Bəs, biz dünya səviyyəli Azərbaycan rejissoru Vaqif İbrahimoğlu üçün neylədik? Hətta Səməd Səmədovun, Röyanın aldığı "Xalq artisti” adını ona layiq bilmədik. Azərbaycan teatrında inqilab yaradan, onlarla istedadlı sənətkarın yetişməsində müstəsna xidmətləri olan, milli teatr ənənələri ilə dünya təcrübəsini uğurla birləşdirən, bir çox məqamlarda dünyada gedən teatr proseslərini qabaqlayan rejissorumuz dünyadan "Əməkdar artist” kimi köçdü. Prezident təqaüdünə layiq görülməsi haqqında xəbəri isə ölüm ayağında aldı və Vaqif müəllim o təqaüdü nə özü ala bildi, nə də ailəsi. Heç AAK-dan professor elmi adı da almadı. Hərçənd ki, bu gün iki cümləni ard-arda qurmağı bacarmayan "manıs” təfəkkürlü adamların adlarını "Xalq artisti, professor” kimi titullar süsləyir. Təbii ki, məsələ fəxri adda, təqaüddə deyil, sənətə və sənətkara verilən dəyərdə, meyarlar sistemindədir".
E.Cəfərov Azərbaycanda bütün sahələrdə, o cümlədən teatr sahəsində dünya miqyasında təbliğ edilməyə layiq sənətkarlar və sənət təzahürləri olduğunu qeyd edir: "Sadəcə, nə mədəniyyət siyasətinin başında dayananlar, nə də həmin zəncirin daha aşağı həlqələri bu barədə düşünüblər. Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtmaq, dünya miqyasına çıxarmaq kimi bir vəzifələrinin olduğunu unudublar. Eyni zamanda, bəzi müğənnilərə xərclənən pullar gerçək mədəniyyət xadimlərinə, elm adamlarına xərclənsə idi, indi yəqin ki, Azərbaycan mədəniyyəti dünya çapında tanınardı.
Lap yaxınlarda öz təşəbbüsümlə Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, sizin qaldırdığınız məsələyə müvafiq, görkəmli sənətkarlarımızın dünya miqyasında tanıdılması istiqamətində bu günə qədər nə dövlət, nə ictimai təşkilatlar, nə də fərdlər səviyyəsində həyata keçirilməmiş böyük bir layihəyə başlamaq niyyətindəyəm. Ancaq bəri başdan bilirəm ki, nə aidiyyatı qurumlar, nə hansısa təşkilatlar, nə də pullarını mənasız, sosial şəbəkələrdə gülüş hədəfinə çevrilən əməllərə sərf edən imkan sahibləri bu layihəyə dəstək olacaqlar. Ümid qalır, yenə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevən və millətimizin imzasının imzalar içində olmasını istəyən bir ovuc həqiqi ziyalıya, entuiziast gəncə. Əlqərəz, başı dolu, cibi boş bir para fəqir-füqəraya. Halbuki, bu, milli qeyrət və heysiyyat məsələsidir və vətənini, millətini sevən, milli mədəniyyət və incəsənətinə dəyər verən və onun dünyada tanınmasını istəyən hər kəs belə təşəbbüslərə dəstək olmalı, quş qoymaq, xal qazanmaq, kiminsə gözünə girmək üçün yox, sidq ürəklə, təmənna ummadan Azərbaycan mədəniyyətinin inkişafı və təbliği üçün çalışmalıdır. Əgər bu gün Azərbaycan incəsənətinin nümayəndələri dünya miqyasında tanınmırsa, demək ki, biz bunu yetərincə istəmirik və milli mədəniyyətimizlə qürurlanmağa layiq deyilik". Gənc kinorejissor Amil Amal deyir ki, hər işdə effektivliyin 2 elementi var: əldə olunan nəticə və əldə etməyin resursları: "Resurs kimi isə 3 əsas tip var. Fiziki, maliyyə, insan. Adını çəkdiyiniz korifey sənətkarların dönəmində bu 3 əsas resurs tipləri bir yerdə mütəşəkkil olub, qərar tutub. Sənət nümunələri dünyanın hər bir yerində dinlənilsə, baxılsa, oxunulsa, öz aktuallığını və müasirliyini itirməz. Ancaq indiki kapitalizm dövründə 2 resurs olsa da, ən əsas resurs - insan amili geridə qalır. İnsan faktorunun resurs kimi ortaya çıxması üçün onun təhsili, dünyagörüşü və təcrübəsi çox mühüm şərtlərdən biridir. Bizdə incəsənətin bütün sektorlarındakı yaradıcı adamlara baxsanız görərsiniz ki, sənətkarların demək olar ki, hamısı özündən sonra iz qoymaq istəyir. Ancaq həmin yaradıcı adamlar bərkimiş daş kimi olan asfaltın üzərində olduqlarını nəinki görmək, hətta fərqinə varmaq istəmirlər. Sözün məcazi mənasında, bədii obrazlı şəkildə desəm, iz qoymaq üçün palçıqlı, torpaqlı yolda olmaq lazımdır. O palçıqlı, torpaqlı yol ki, yuxarıda bildirdiyim əsas insan faktorunu formalaşdıran amilləri - təhsili, dünyagörüşünü və təcrübəni özündə əks etdirir. O əksetdirmə, öz növbəsində zaman tələb edir. Yaradıcı adamın öz daxili dünyası olmalıdır. Bizdə nəinki öz dünyası olan adam, öz ölkəsini tanımayan, öz rayonunu tanımayan, öz kəndini bəyənməyən, öz ailəsini özündən uzaq tutan adam dünyaya çıxmaq istəyir. Yəni, öz dünyası olmayan adamlar belə, dünyaya çıxmaq istəyirlər. Anlamırlar ki, öz dünyam elə məndən, ətrafımdan başlayır. Dünya əslində elə mənim özüməm. Özündən Amerika kəşf edən kimi, özündən Azərbaycan kəşf etmək istəyirlər".
Rejissor qeyd edir ki, bu gün də ölkəmizi dünyada təmsil edən sənətkarlar kifayət qədərdir: "Onları qətiyyən danmaq olmaz, əksinə, onlarla fəxr edirik. Ancaq təəssüf ki, sayları azdır. Səbəblərdən biri də bizim sənət anlayışına sinergetikasız yanaşmağımızdadır. İstər kino, istər musiqi (orkestr), istər teatr, istər ədəbiyyat (dünya çapında dərc olunmaq), istər rəssamlıq (sərgilər) və s. bunlar sinergetikdir. Yəni kollektiv sənətdir. Düzdür, bu yerdə deyə bilərsiniz ki, ədəbiyyatda, rəssamlıqda nə kollektivlik? Ancaq yox. Heç də belə deyil. Bəlkə də elə belə düşündüyümüz üçün ciddi işlərimiz ortaya çıxmır. Hər hansı bir kitabın yazılmağı sırf bır yazıçıdan asılıdırsa, həmin kitabın bestseller olmağı və dünya çapına çıxmağı artıq marketinqin və dolayı dillə desəm, böyük bir komandanın işidir. Bizdə yazıçı bütün işi öz öhdəsinə götürür. Eləcə də rəssamlıq, musiqi və digər sahələr də onun kimi. Bütün bu kollektivsizlik isə öz növbəsində hər bir yaradıcı adamın ikinci, üçüncü və beləliklə, ömrü boyu bütün işlərinə maddi və mənəvi cəhətdən mənfi təsirlərini mütləq göstərir. Son vaxtlar eşitdiyim ən gözəl məsəllərdən birini qeyd etmək istəyirəm. Biri var fəhlə, biri var usta, bir də var sənətkar. Fəhlə işinə fiziki olaraq yanaşandır. Usta həm fiziki, həm də ağılla yanaşan, sənətkar isə həm fiziki, həm ağılla, həm də ürəklə yanaşandır. Bu üç əsas faktor olanda, qalır, o sənətkarı dünyaya çıxarmaq". Xəyalə Rəis

Mənbə: kaspi.az