Mədəniyyət və İncəsənət Universitetinin dosenti onlayn beynəlxalq simpoziumda məruzə edib

Mədəniyyət və İncəsənət Universitetinin dosenti onlayn beynəlxalq simpoziumda məruzə edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin dekanı, Təsviri sənətin tarixi və nəzəriyyəsi kafedrasının dosenti Sevil Kərimova Ankara Hacı Bayram Vəli Universiteti və UNESCO üzrə Türkiyə Milli Komitəsi tərəfindən təşkil olunan I Beynəlxalq Gənc Elm və Sənət Adamları simpoziumunda iştirak edib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, pandemiya vəziyyəti ilə əlaqədar "Zoom" platforması üzərindən onlayn formatda keçirilən simpoziumda Sevil Kərimova “Azərbaycan sənətşünaslığı fənlərarası yanaşma kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi dəqiq elmlər və sənət sahələrinin bütövlüyünün milli sənətşünaslığımızda xüsusi yer tutmasını və qədim tarixə əsaslandığını vurğulayaraq, dekorativ-tətbiqi sənət nümunələrində bu vəhdətin təzahürləri haqqında məlumat verib: “Fənlərarası yanaşma müxtəlif elm və sənət sahələrinə aid nəzəri və təcrübi elmi bazanı birləşdirmək və səmərəli istifadə etmək üçün yeni, konseptual yanaşmadır. Sənətşünaslıq tariximizin multidissiplinar aspekti XX əsrin ikinci yarısında intensiv tərzdə inkişaf edib”.

Lətif Kərimovun, Xudu Məmmədovun araşdırmaları haqqında danışan məruzəçi, müasir mərhələdə Azərbaycan təsviri sənətinin rəqəmsal imkanlarını, yeni aspektlərini də təqdim edib.

Qeyd edək ki, hər il fərqli məkanlarda təşkil edilməsi planlaşdırılan simpoziumun məqsədi müəyyənləşdiriləcək mövzu çərçivəsində elm və sənət adamlarını bir araya gətirməkdir. Simpoziumun ilk mövzusu ictimai fənlər və incəsənət sahələrində “Fənlərarası qarşılıqlı əlaqə” kimi təyin olunub və fənlərarası metodikaların tarixi və tətbiqi kimi müəyyən edilib.

Mənbə: azertag.az