Nazarbayev koronavirusdan sağaldı - Eks-prezident xalqa müraciət edib

Nazarbayev koronavirusdan sağaldı - Eks-prezident xalqa müraciət edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

"Radio Azattık" xəbər verir ki, Nazarbaev xəstəliyə üstün gəldiyini, tamdəyərli işə başladığını bəyan edib.

“Təhlükəli koronavirus pandemiyası dünyanın bir çox ölkələri kimi Qazaxıstanı da bürüyüb. Milyonlarla insan bu ağır xəstəliyə tutulub və o məndən də yan keçməyib. Həkimlərin səyləri və onların tələb və tövsiyələrinin şərtsiz yerinə yetirilməsi, eləcə də dəstək və xoş arzular sayəsində xəstəliyə üstün gəldim, özümü yaxşı hiss edir və tamdəyərli işə başlayıram”, – Nazarbayev xalqa müraciətində deyib.

Gələn həftə 80 yaşı tamam olacaq keçmiş prezident son aylar ictimaiyyət arasında görünmür.

Nazarbaev Qazaxıstana 30 ilə yaxın başçılıq edib. O, ötən ilin martında istefa verməsinə baxmayaraq, hakim “Nur Otan” partiyasının sədridir, nüfuzlu Təhlükəsizlik Şurasına rəhbərlik edir, hakimiyyətdə dominant roldadır. Opponentlərinin fikrincə, Nazarbayev varisi Qasım- Comərd Tokayevi idarə edir.

Qazaxıstanda koronavirusa 44 mindən çox yoluxan olub, onlardan 188 nəfər vəfat edib.

Mənbə: azpolitika.info