“Niyə işdən çıxarılıb, özü yaxşı bilir...” – YAP-dan Musa Musayevə cavab

“Niyə işdən çıxarılıb, özü yaxşı bilir...” – YAP-dan Musa Musayevə cavab

"Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya onun deputat seçilməsinə mane olmuşuq. Mən parlamentə üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orada niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin, başqasını ittiham etməyə nə var ki..."

"AzPolitika.info" xəbər verir ki, bu sözləri YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov unikal.org saytına müsahibəsində bildirib.

O, daha sonra qeyd edib ki, Musa Musayev öz marağı təmin olunmayanda seçkinin üzərinə kölgə salır. "Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə çəkilib kənarda duracam", - S.Novruzov vurğulayıb.

Xatırladaq ki, keçmiş deputat, Naftalanın icra başçısı olmuş Musa Musayev mətbuata müsahibəsində hakim partiya rəhbərliyinin ünvanına bir sıra ittihamlar söyləyib. Habelə əvvəllər kəskin tənqid etdiyi AMEA prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında müsbət fikirlər səsləndirilib. Eyni zamanda AMEA rəhbərini tənqidi edən, onu ölkədə aparılan islahatlara maneələr yaradan şəxs kimi təqdim edənləri ittiham edib.

"AzPolitika.info"

Mənbə: azpolitika.info