"Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki..."

"Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki..."

"Qeyri səlis məntiq bizə xalçanı dinlədib, muğamı görməyi öyrətdiyi kimi, bu böyük harmoniyanı da duymağı təlqin edir"

“Su kimi sakit və güclü” – kitab adı üçün çox maraqlı seçimdir... Kitabın hər bir fəsli, oradakı hər məqalə - istər Rafiq müəllimin öz publisistik yazıları, istərsə verdiyi müsahibələr, istərsə barəsində yazılanlar-bir sözlə, hər abzas, hər cümlə ümumilikdə bu ifadəninin təsdiqi rolunda çıxış edirlər... Zəncirin halqaları kimi “su kimi sakit və güclü” birləşməsinə bağlanırlar...

Rafiq müəllimin tez-tez işlətdiyi bir qeydi var: bəşəriyyətin inkişafı naminə ideya verən şəxslər iki faizdirlər, yerdə qalan böyük hissə isə həmin ideyaların icraçılarıdırlar...

Rafiq müəllim bir başqa kitabı– Lütfi Zadə ilə birgə yazdığı “Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqlər” - həmin o iki faizlik seçilmişlərin ikisi tərəfindən yazılıb.

Elə bu anda-yenidən suyun iki xassəsinə diqqət edək: Axan suyun qarşısını kəsmək mümkün deyil, o gec-tez qarşısındakı bütün maneələri sıradan çıxararaq varmaq istədiyi məqama varacaq... Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və Rafiq müəllimin həmin nəzəriyyəyə etdiyi mükəmməl əlavələr, onun əsnasında yaranan nəzəriyyələr də bu gün eynilə həmin sumisalı hərəkət edir: həm elm yolunda, həm qeyri-səlis düşüncə yolunda artıq qeyri-səlis məntiqin qarşısında heç nə dayana bilmir... Adıçəkilən əsər, Zadə ilə birlikdə yazılan möhtəşəm kitab əslində qeyri-səlis məntiq selinin, daşqınının əyani sübutudur...

Həmin kitabın ikinci hissəsində dünyanın müxtəlif yerlərindən olan fərqli–fərqli alimlər qeyri-səlis məntiqi dünyanın müxtəlif elmlərlə əlaqələnməsini aparıb, tətbiqini əsaslandırıblar... Dünya elmi, düşüncəsi də artıq çoxdan bu selə davam gətirmək gücündə deyil... Digər xassə isə qidalandırmaq, canvermək, cücərtmək bacarığıdır... – ilk hissədəki Zadə və Əliyev ideyaları dünyanın müxtəlif səmtindən olan alimləri qidalandırır, onların hərəkətverici qüvvəsinə çevrilir.

Ona görə də Rafiq müəllim haqqında yazılan kitabın “Su kimi sakit və güclü” adlandırılması çox uğurlu seçimdir... Rafiq müəllim də bu gün ustadı Zadə kimi eynən həmin su yolunu gedir... Sadəcə, ideya halında... hesab şəklində... Özü də sakit və güclü...

Kosmosun, kainatın, təbiətin, yaşıllıqların bir fon musiqisi var ki, onları bizim üçün ilahiləşdirir, ülviləşdirir. Təbii ki, əgər eşitməyi, dinləməyi bacarsaq...

Qeyri-səlis məntiq isə XXI əsrin özünün, bu əsrin qucaqladığı bəşəriyyətin fon musiqisidir... Tam mübaliğəsiz, Lütfi Zadə və Rafiq Əliyev də bu gün FON MUSİQİSİ kimi dünya elmini ülviləşdirirlər...

Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki, o həmin fon musiqisi timsalında həm də bir az muğamı xatırladır... Xarakteri, təmkini, genetik yaddaşı həmin fon melodiyasının muğam naxışına çevrilir... Qeyri səlis məntiq bizə xalçanı dinlədib, muğamı görməyi öyrətdiyi kimi, bu böyük harmoniyanı da duymağı təlqin edir.

Qeyri-səlis məntiqdə bir rəngin çox , xeyli çox, milyonlarla çaları var, funksiyası var... Əgər biz ELMi konkret bir obyekt kimi götürsək, deyə bilərik ki, çağdaş elm bu gün qeyri-səlis məntiqi fon musiqisi kimi dinləməyi bacarmasa, ağ rəngin insan həyatındakı ən sonuncu çaları, funksiyasından yararlanmalı olacaq. Ağ rəng bir insana ən sonda niyə lazım olur, bunu artıq hamımız bilirik.

Elm Qeyri-səlis məntiqdən, Zadədən Rafiq müəllimi fon olaraq dinləməsə üzəri ağ rəngə bürünəcək, yox, dinləsə, üzü ağ olacaq... Bu, dünya elminə də aiddir, elə biz də... Sadəcə bu yerdə yenə də qeyri-səlis məntiq yanaşmasına getsək “lazım” və “daha lazım” dərəcələrini tətbiq etməliyik...

Elm isə insanlar kimi özünə laqeyd qalmağı sevmir, hər zaman üzünün ağ olmasını istəyir...

Adıçəkilən kitab həm də Rafiq müəllimin bioloji ömrünün 78-ci ildönümünə həsr olunub.

Rafiq Əliyev ideyalar şəklində isə əsrləri adlayacaq bir yolu getməkdədir... Özü də necə? Su kimi... Sakit... Güclü....

Hə bir də musiqili...

Elmin Nuri, Azedu.az saytının baş redaktoru

 

 

Mənbə: moderator.az