" Al, bu da, sənin vicdanın" -Hekayə

" Al, bu da, sənin vicdanın" -Hekayə

Bir dəfə kəndə getmək qərarına gəldim, dekabrın 30-u soyuq bir qış günü idi.
Bakı çox darıxdırıcı idi, ailəm və qohumlarıma da söz vermişdim ki, işdən vaxt edən kimi gələcəm sizi görməyə.
Düşündüm ki, 31 dekabrı kənddə ailəmlə və qohumlarıma birgə keçirim. Onsuz da, iş də yoxdur, boşuna şəhərdə qalmaq mənasız idi, xeyli zaman idi ki, kəndə getmirdim, hamı deyirdi ki, gəl.
İş yoldaşım Qorxmazla birlikdə kirayə qalırdım. O, 31 dekabrı Bakıda keçirməyi üstün tuturdu və ona görə də rayona getməyəcəkdi.
Burada özünə planlar qurmuşdu, deyirdi, Bulvara gedib atəşfəşanlıqda iştirak edəcəm, ordan canlı yayım edib kənd uşaqlarına göstərəcəm, görsünlər atəşfəşanlığı.
Dedim ki, onsuz da televiziyalarda canlı verirlər və hamı da görür.
Qorxmaz dedi ki, qoy mən etdiyim canlı yayımı görsünlər.
Dedim, Qorxmaz, sən atəşfəşanlığı yox, özünün atəşfəşanlıqda oluduğunu göstərib lovğalanmaq istəyirsən!
Qorxmaz gülərək nə desə yaxşıdır?
Nə fərqi? Sən get rədd ol kəndə, başımı xarab eləmə!
Dedim, sən o fərqi hələ də, anlamırsansa həqiqətən də mən rədd olum kəndə.
Paltarlarımı yığıb, Qorxmazla sağollaşıb gəldim "20 yanvar" metrostansiyasının yanına, bizim rayona maşınlar ordan gedir.
Gəldim, amma həmişə ki, əhval-ruhiyyəni görmədim. Taksi çox az idi, getmək istəyənlərsə çox, amma getmək istəyənlərin çoxu küskün şəkildə dayanmışdı.
Taksi şoferlərisə əvvəlki kimi "klent" çağırmırdı.
Birinə yaxınlaşıb dedim, çıxırsansa gedək.
Dedi, hə, gəl.
Oturduq maşına, məndən başqa 3 nəfər vardı, biz söhbət edirdik, şofersə bacardıqca maşını yüksək sürürdü, hərdən "bu zibili biraz yavaş sür" deyirdik.
O, isə bizə "yaxşı" desə də, heç, it yerinə də qoymurdu.
Həmişə üç saat yarıma gəldiyim yolu iki saat yarıma gəldim.
İlk düşən mən oldum.
Əlimi cibimə salıb müdirdən borc aldığım 10 manatı çıxarıb şoferə uzatdım.
Şofer üzümə baxaraq əsəbi halda dedi, Bu nədir? Təəccübləndim, amma tez cavab verərək dedim, pul.
Şofer dedi, bu nə puldu?
Düzü qiymət danışmamışdım, həmişə də 10 manata gəlib-getdiyim yol idi...
Dedim, qardaş, necə yəni nə puldu? Azərbaycanın milli pulu olan 10 manat.
Həmişə gələndə verdiyim 10 manat.
Şofer dedi, Azərbaycanın 10 manatı bundan artıq olmayacaq ki...
10 manat nədir? 25 manat verəcəksən.
Dedim, ay qardaş, mən qiymətin belə olduğunu bilmirdim.
Nə maaş qalxıb, nə pensiya, nəyə görə qiymət qalxsın ki?!
Adətən maaş, pensiya qalxanda qiymətlər də, qalxır.
Dedi, bilirəm qalxmayıb, amma bu gün ayın otuzudur!
Sabah bayramdı, hamı rayona, rayondan Bakıya gəl-get edir, ona görə də, klent bel-belə qalıb.
Dedim, qardaş, olanım budur, eyni yoldur, nə olsun ki, bayramdı, bu günün sabahı da var, maaşım da karta axşama köçəcək.
Şofer bərk səslə dedi, mən bilmərəm, mənim pulumu ver!
Dedim, vallah, olanım budur, bunu da müdirdən borca almışam.
Vicdanın olsun, vallah yoxumdur.
Şofer dedi, Pulumu ver vicdanım olacaq.
Dərindən ah çəkdim, çox pis ilişdiyimi bir daha başa düşdüm.
Dedim, vallah, pul axşam köçəcək.
Nə edim bəs?
Dedi, nə edəcəksən? Klent var, otur gedək onu da götürüm çıxaq, Bakıda pulumu ver.
Dedim, mən evimizə gəlmişəm, bir rayonluyuq, sənin etdiyin vicdansızlıqdı, ləyaqətsizlikdi.
Dedi, düz deyirsən, Pulumu versən o saydıqların yerinə də olacaq.
Başımı qaldırıb rayonmuza baxdım, ah çəkib, doğma havadan biraz udub oturdum maşına.
Başqa əlacım yox idi, heç, evə də deməmişdim gəldiyimi.
O biri "klent"lər də şoferi qınadılar ki, qiymət danışmamısız, bu da, bilməyib, gərək yoluna qoyardın.
Şoferin vecində də olmadı.
Beləcə" klent" ləri düşürdü, o biriləri götürüb qayıtdıq Bakıya.
Axşam saat 8 olardı çatdıq Bakıya. Bankamatın yanında saxladı, gedib pulu çıxarıb gəlib dedim, borcum nə edir? Dedi, gedib gəlmək 50 manat.
Pulu iki 20-lik və bir onluq edib, hissə-hissə verərək dedim, bu, sənin namusun, bu, sənin şərəfin, al, bu da, sənin vicdanın.
Amil İbişov Baycan

Mənbə: avropa.info