Folklor İnstitutunun alimləri beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər

Folklor İnstitutunun alimləri beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər

Bakı, 6 iyul, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun alimləri Türkiyədə onlayn təşkil edilmiş Dədə Qorqud Beynəlxalq Elmi Simpoziumunda məruzə ilə çıxış ediblər.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin əvvəllərində “Dədə Qorqud” eposunun İranda yeni əlyazmasının aşkarlanıb nəşr edilməsi böyük marağa səbəb olub. Bununla bağlı, Azərbaycan, Türkiyə, İran və Türkmənistanda maraqlı tədqiqat işləri yazılıb, eləcə də bir-birinin ardınca beynəlxalq tədbirlər təşkil edilib. Yeni tapılan Dədə Qorqud əlyazmasının ilk çapının bir ilinin tamamında keçirilən “Dədə Qorqud elmi Simpoziumu" Türkiyənin Süleyman Dəmirəl Universitetinin Ədəbiyyat fakültəsinin “Sosial elmlər” jurnalı və AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud şöbəsi" və “Dədə Qorqud” elmi-ədəbi jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Türk dünyasının tanınmış alimlərinin qatıldığı onlayn beynəlxalq simpoziumda Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlı “Dədə Qorqud” eposunun yeni əlyazmasının funksional struktur tipologiyası”, folklor tədqiqatçısı İlkin Elsevər “Kitabi-Dədə Qorqud” eposunda ov törəni” adlı məruzələrlə çıxış ediblər.

Yeni əlyazmanın janrı, məlum Drezden və Vatikan nüsxələri ilə bağlılığı barədə müzakirələrdə Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy əsas çıxışçılardan olub. O, əlyazmanın dastanın üçüncü nüsxəsi olması fikrinin düzgün olmadığını və nüsxənin birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən epoxasındakı davamı olduğunu bildirib.

Beynəlxalq elmi simpoziumda ümumilikdə 44 məruzə dinlənilib. Tədbirdə Vəli Məhəmməd Xoca tərəfindən tapılan əlyazmanın mətninin mövcud olan “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi deyil, ayrı bir “Dədə Qorqud” əlyazması olması məsələsinə aydınlıq gətirilib, nüsxənin Türkmən Sahra və ya Günbədkavus adlandırılması təklif edilib.

 

Mənbə: azertag.az