Məşhur aktrisa anası haqqında çəkiləcək filmin ssenarisini yazır

Məşhur aktrisa anası haqqında çəkiləcək filmin ssenarisini yazır

Türk kinosunun sevilən aktrisası, "Yeşilçam"ın tanınmış siması Müjde Ar, musiqi sahəsində özü qədər məşhur olan anası Aysel Gürel haqqında çəkiləcək filmin ssenari müəllifi olacaq.

Open.az xəbər verir ki, Aysel Gürelin həyatından bəhs edəcək "Aysel-Ne Kavğam Bitti Ne Sevdam" adlı filmin ssenarisinin ilk variantını bəyənməyən Müjde Ar, anasının həyat və yaradıcılığını əks etdirəcək filmin ssenarisini özü yazacaq.

BKK Film şirkətinin çəkəcəyi filmdə Aysel Gürelin musiqi dünyasında birlikdə çalışdığı məşhur sənət adamları da yer alacaq.

Uzun illər Sezen Aksu ilə yaradıcılıq bağları olan Aysel Gürelin həyatını əks etdirəcək filmdə, Sezen Aksunun şəxsən rol alacağı gözlənilsə də, Müjde Ar son qərarı Sezen Aksunun verəcəyini deyib: "Ssenarinin böyük qismi Sezenlə bağlıdır. Çünki Sezenin ən məşhur mahnılarının söz yazarı, musiqi müəllifi anam olub. Amma özü bu filmdə oynamaq istəsə, təbii ki, şad olarıq. Amma şəxsən iştirak etməsə belə mahnıları filmin bəzəyi olacaq. Anamın həyatının böyük zaman kəsiyi Sezen Aksu ilə bağlıdır" deyən Müjde Ar : "Mən adımın önünə "dəli" sifətini qoymaq üçün çox çalışdım" demiş Yunus Əmrə- "Dəli" olmaq üçün "Vəli" olmaq gərək" deyərək düşüncələrini bildirən aktrisa, səbirsizliklə filmin çəkilişlərinin başlanacağı günü gözləyir.

Qeyd edək ki, hazırda Bodrumda tətildə olan Müjde Ar, xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Mehtap Arla bərabər istirahət edir.

Bacısına maddi- mənəvi dayaq, dəstək olduğunu bildirən aktrisa: "Bu xəstəlikdə əhvalı yüksək tutmaq, ruhdan düşməmək lazımdır. Ona görə də bacımı hər gün dənizə aparıram, suya atıram, dəniz sahilində gimnastika hərəkətləri edirik, dincəlirik" deyib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az