Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu

Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyəti timsalında sözügedən mövzu ətrafında geniş müzakirə təşkil olunub.

Olaylar.az bildirir ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Azərbaycanın mədəni irsinin, mədəniyyət incilərinin ölkə daxilində və ölkədən xaricdə qorunması, təbliği məsələlərini özündə təcəssüm edən mövzuları daima araşdırır. Bu məqsədlə 6 iyul 2020-ci il tarixində Mərkəz tərəfindən "Mədəni identiklik" mövzusunda beynəlxalq videokonfrans təşkil olunub.

Konfrans çərçivəsində Gürcüstan Respublikasının Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Gürcüstan Respublikasının mədəniyyət xadimi, "Gürcüstanın incəsənət xadimi" fəxri adına və qızıl döş nişanına layiq görülmüş, David Ağmaşenebeli Akademiyasının fəxri professoru, Azərbaycan Respubikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuş Leyla Əliyevanın geniş nitqi dinlənilmişdir. Konfransda həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, N.Nərimanovun xatirə muzeyinin direktoru Rəna Darivalova, Biləsuvar Dövlət Rəsm qalereyasının direktoru Rövşən Cənnətov və digərləri çıxış ediblər.

Mərkəz tərəfdən konfransda elmi katib Cavid Əliyev, sektor müdiri Pakizə Almazova və digərləri mövzu ilə bağlı çıxış ediblər. Qeyd etmək lazımdır ki, Mərkəz P.Almazovanın timsalında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və onun filialı olan N.Nərimanovun xatirə muzeyinin mövzu-ekspozisiya planının hazırlanması və bədii tərtibatında iştirak etmişdir.

60-dan çox mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş konfransda çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni, dostluq əlaqələrinə, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mədəni irsinin qorunmasına, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, A.Şaiq və digər şəxsiyyətlərin irsinin ölkədən xaricdə təbliğ edilməsinə, muzey işinin inkişaf dinamikasına toxunmuşdur.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev konfransı yekunlaşdıraraq, muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulardan bəhs edib.

Mənbə: olaylar.az