Sağlamlıq gözəl nemətdir... (Hekayə)

Sağlamlıq gözəl nemətdir...  (Hekayə)

AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bu mövzunu mənə danışan dostum, dəyərli ziyalı, gözəl insan, jurnalist Vəli Vəliyevə ithaf edirəm

Müəllif

Eşitmişdim ki, mənim müəllimim, elmi rəhbərim, həyatımda, inkişafımda böyük xidmətləri olan insanlardan biri, biologiya elmlər doktoru, professor, çoxlu əsərləri xarici ölklərdə çap olunan Musa Əlizadə xəstələnib. Hətta bir neçə gün xəstəxanada yatdığını da eşitmişdim, amma işimin çoxluğundan gedib görə bilməmişdim. Buna görə çox heyfislənirdim. Elə bil ki, hamımız bir tikə çörək pulu qazanmaqçün səhərdən axşama qədər işləyirik. Dost, tanış, qohrum yaddan çıxıb və ən əsası da istirahət eləməyi, öz sağlamlığımızın qayğısını çəkməyə vaxtımız qalmır. Ümumiyyətlə, biz insanların çoxu elə fikirləşirik ki, əgər biz olmasaq, bu iş görülməyəcək. Ya da bu işi heç kim bizim kimi görə bilməyəcək. Ona görə də başımız işə elə qarışır ki, çox şey yadımızdan çıxır. Hətta sağlamlığımız da...

Musa müəllim də belə insandı. Ömrünü elmə sərf eləyib. Çox vaxt da öz sağlamlığını yaddan çıxarıb. Keçən il onun 85 illik yubileyini keçirtmişdik. Mən də onun tələbəsi kimi haqqında bir yazı yazmışdım. Hamı deyirdi ki, maraqlıdı. Özünün də çox xoşuna gəlmişdi. Yazıya belə bir ad qoymuşdum: “Allahdan ömür istəyirəm”. Musa Əlizadə Təbrizdə anadan olmuşdu. Baxmayaraq ki, biz müstəqillik əldə eləyəndən və yollar açılandan sonra bir neçə dəfə Təbrizə getməyə cəhd eləmişdi, amma onlar siyasi mühacir olduğundan İran hökuməti ona Təbrizə getməyə icazə verməmişdi. Musa müəllimin də yeganə bir arzusu vardı. Yetmiş dörd il bundan qabaq ayrıldığı Təbrizi heç olmasa bir dəfə də gedib görmək. O, bu ümidlə yaşadığından, bütün gücünü sərf eləyirdi ki, sağlam olsun və gedib Təbrizi görə bilsin. Mənim yazım da bu ruhda köklənmişdi və onun necə xoşuna gəlmişdisə, sevincindən hönkür-hönkür ağlayırdı. İnsanda bir şəhərə necə belə böyük sevgi, istək olarmış İlahi. Onun sözünün əvvəli də, axırı da yalnız Təbriz idi... Mənim adım da Təbriz olduğundan Musa müəllim məni o biri tələbələrindən daha çox sevirdi. Özü də mənim adımı çox maraqlı bir vurğu ilə deyirdi. Elə bil bu sözlə Təbriz şəhərinə bir laylay çalırdı...

Bu gün zəng vurub hal-əhvalını öyrəndim. Çünki keçmiş iş yoldaşlarım deyirdilər ki, Musa müəllim yaman xəstələnib və deyir “belə getsə deyəsən Təbrizi gedib görə bilməyəcəm”. Çünki koronavirusla bağlı gedən söz-söhbətdən, dünyada baş verən dəhşətli hadisələrdən çox pərişan bir durum yaşayırdı. Yaman pessimist olmuşdu, stress, depressiya keçirirdi. Ürəyində problemlər yaranmışdı. Özü biologiya elmlər doktoru olduğundan, dərmanların tərkibini, tibb sahəsini həkimlərdən heç də az bilmirdi və özü-özünü müalicə eləyirdi. Üzürxahlıq elədim ki, xəstəxanaya gələ bilməmişəm. Ona çoxlu ürək-dirək verdim və sonda zarafatla dedim ki, “professor, bu gün Təbriz özü gəlib sizi görəcək”. Ona görə də bütün işlərimi kənara qoyub, yüngül bir bazarlıq eləyib, onlara getdim. Musa müəllimin hər iki oğlu evli idi. Öz evləri vardı. Ayrı yaşayırdılar. O, üç otaqlı mənzildə həyat yoldaşı Həcər xanimla birlikdə yaşayırdı. Bu qədər elmi əsərlər yazan bir insanın maliyyə imkanı olmadığından bağ evi də ala bilməmişdi. Qapını Həcər xanim açdı və məni görəndə sevindi.

- Səndən nə əcəb, ay Təbriz? Musa, Təbriz özü bizə gəlib. Daha rahat nəfəs ala bilərsən, - deyə Həcər xanım ucadan qonaq otağında olan Musa müəllimə səsləndi.

Bunu eşidən Musa müəllim qapıya yaxınlaşdı. Məni görüb gülümsündü.

- Səni verənə min şükür, ay Təbriz. Mən Təbrizi gedib görə bilməsəm də, sən Təbrizin gəlişi də elə toy-bayramdı. O, adəti üzürə sağ əlini sol çiynimə qoydi və sol əlilə sağ çiynimə vurdu. Musa müəllim hamı ilə belə salamlaşırdı. Kişilərin öpüşməsindən zəhləsi gedirdi. Sonra üzümə baxıb gülümsündü və dedi: - Bu koronavirusdan sonra yəqin ki, hamı bir-birilə görüşəndə mənim bu üsulumu tətbiq eləyəcəklər.

- Biz elə tələbəlik illərindən sizin bu üsulunuzu tətbiq edirik də, professor. Koronavirus başlayandan bu üsulu hamıya da təbliğ edirik.

- Düz edirsiniz.

Biz qonaq otağına keçdik. Gördüm ki, otaqda stolun üstünə süfrə salınıb və bəzi çərəzlər düzülüb. Başa düşdüm ki, professor mənim gəlişimi gözləyirmiş.

- Ay bala, yağlı əppəyə dönübsən. Neçə müddətdir ki, görünmürsən? Axı bilirsən ki, səninlə mənim söhbətim tutur. Həm də sənin adın Təbriz olduğundan mənə Təbrizin ətirini gətirirsən.

- Professor, özünüz görürsünüz ki, altı aydır dünya bir-birinə qarışıb. Yer-göy çalxalanır... Mənim də işlərim çox olur. İnanın bütün günü işdə oluram... Bir tikə çörək üçün inanın günün ən azından on altı saatını işləyirəm.

- Sizin qəzeti də, saytı da izləyirəm. Çox yaxşı yazılar verirsiniz. Əsl maarifləndirici işlər görürsünüz. Məddahlıq eləmirsiz. Hər şeyi olduğu kimi, bəzəksiz-düzəksiz yazırsız. Mətbuat yalnız bu yolla böyük uğurlar qazana bilər. Ətrafına çoxlu oxucular toplaya bilər. Rəhmətlik Həsən bəy Zərdabi deyirdi ki, mətbuatda söyüş, təhqir yazanlar atasından bixəbər adamlardı. Təhqirlə, söyüşlə, şantajla heç bir jurnalist uğur qazana bilməz... Mən bunu düzgün yol hesab eləmirəm.

- Elədi professor. Bugünkü jurnalistlər XIX, XX əsr jurnalistlərin yazdıqlarını oxusalar heç vaxt təhqirlə, söyüşlə, şantajla yazılar yazmazlar...

- Sən elə biologiya fakültəsində oxuyanda qəzetlərdə yazılarını oxuyub, məsləhət bildim ki, bu sahədə daha böyük uğur qazana bilərsən.

- Çox sağ olun ki, o vaxt mənə düzgün yol göstərdiniz. Professor, siz axı səhhətinizə fikir verənsiniz bəs nə əcəb ürəyinizdə problem yaranıb?

- Günahkar özüdü,- deyə Həcər xanım dedi. Son vaxtlar deyir ki, Təbriz tez-tez yuxuma girir. Bizi yaman qorxutdu. Birdən-birə təzyiqi çox yüksək oldu. Burnundan qan açıldı. Təcili-Tibbi Yardımdan həkimlər gəlib, qanı birtəhər saxladılar. Xəstəxanaya getmək istəmirdi. Bir təhər yalvar-yapışla apardıq. Orada da cəmi beş gün qaldı...

- Hə. Bu nədisə bilmirəm. Son vaxtlar Təbrizi tez-tez yuxuda görürəm. Baxmayaraq ki, orada cəmi on beş-on altı il yaşamışam, Bakıda artıq yetmiş iki ildir ki, yaşayıram. Deməli, bu, həqiqətən də düzdür ki, adam qocalanda doğulduğu yer onu öz qoynuna daha çox çəkir. İrandakı bu, molla rejimi də imkan vermir ki, heç olmasa bir dəfə gedib Təbrizi görüm... Deyirlər ki, sənin dayıların, anan inqilabçı olublar, atan da azadlıq ordusunun zabiti olduğundan, sənə bu ölkəyə gəlmək olmaz. Onlara başa sala bilmirik ki, dayılarım, anam şah rejiminə qarşı vuruşublar. Atam da Cənubi Azərbaycanın şah rejimindən xilas olmağı uğrunda şəhid olub. Bunun sizə nə aidiyyatı? Ay əbləhlər...

O, sözünün ardını deyə bilmədi və kövrəldi.

- Bax, hər gün belədi. Yuxuda Təbrizi görüb, səhər də belə ağlayır. İranda koronavirusdan ölənləri oranın ölkə rəhbərindən daha çox Musa izləyir və onlara acıyır...

- Sənə bir maraqlı mövzu danışmaq istəyirəm, ay Təbriz. Bu hadisəni mən on iki yaşım olanda görmüşəm. İndi tez-tez yadıma düşür. Əsasən də son vaxtlar xəstələnəndən sonra heç gözlərimin qarşısından getmir. Sən yazı-pozu adamısan. Yəqin gələcəkdə gərəyin olar, ay Təbriz.

- Professor, o nə hadəsədi, - deyə maraqla Musa müəllimə baxdım.

- Biz ailədə iki qardaş idik. Atam İran inqilabı vaxtı ajanlar tərəfindən öldürülmüşdü. Şeyx Məhəmməd Xiyabaninin ordusunda zabit idi. Anam biz iki qardaşı çox çətinliklə dolandırırdı. O, çox istəyirdi ki, biz təhsil alaq. Çünki bu, atamın arzusu idi. O vaxt mən məktəbə gedirdim. Dərslərimi də hamıdan yaxşı oxuyurdum. Sinifimizdəki uşaqların çoxu varlı uşaqları idi. Amma dərslərini pis oxuyurdular. Mən onlara dərslərini hazırlamaqda çox köməklik eləyirdim. Anam isə istəmirdi ki, mən varlı uşaqlarla daha çox təmasda olum. Deyirdi ki, onlar səni yoldan çıxararlar. Amma çox sonralar biləcəkdim ki, sən demə mənim dostluq etdiyim uşaqların təmtəraqlı evlərinə getməyim və burada gördüklərim məni üzməsin deyə anam onlarla dostluq etməyimi əngəlləməyə çalışırmış. Sinif yoldaşımdan biri ilə daha çox yaxın idik. Baxmayaraq ki, biz dördüncü sinifdə oxuyurduq, o, demək olar ki, heç birinci sinifin səviyyəsində də dərslərini bilmirdi. Hər gün də mənə çoxlu qoz, fındıq, şirin qoğallar, bamiyələr gətirirdi ki, mən ona dərslərini öyrəməkdə köməklik eləyim.

- Bəs bu qədər ali məktəbdə dərs dedin niyə heç bir tələbədən pul almadın? Heç olmasa bağ alardıq, indi bu istidə şəhər evində boğulmazdıq, gedib bağda yaşayardıq,- deyə Həcər xanım ona sataşdı.

- O vaxt uşaq idim. Böyüyəndə başa düşdüm ki, rüşvət almaq, dünyada ən böyük şərfəsizlikdir, alçaqlıqdır.

- O şərəfsizlərlə indi bütün dünya doludur. Özlərini də dünyada ən şərəfli adam bilirlər,- deyə Həcər xanım yenə də eyham vurdu.

- Bir dəfə həmin oğlan məni məcbur elədi ki, onlara gedək. Məktəbin yanında yaşayırdılar. Anamdan xəlvət onlara getdim. Gördüm ki, evləri üç mərtəbəli böyük, geniş bir evdir. Çox böyük də həyətləri var. Həyət elə bil cənnətdir. Quşların da səsi adamı valeh eləyirdi. Gördüm ki, böyük bir hövuzun yanında bir kresloda büzüşmüş vəziyyətə bir kişi oturub. Altmış, yetmiş yaşlarında. Dostumun adı Cavid idi. Soruşdum ki, bu kişi sənin babandı?

- Yox atamdı. Cəmi qırx yaşı var. Xəstə olduğuna görə bu vəziyyətə düşüb. O, İranda ən böyük tacirlərdən biridir. Bir neçə ildi xəstələnib. Həkimlər heç cürə sağalda bilmirlər. Hətta xarici ölkələrdən də həkimlər gəlir, amma dərdinə əlac tapa bilmirlər.

Bu vaxt həyətin darvazası açıldı. İki yekəpər, çox ucaboy adam həyətə girdi. Onlar elə yeriyirdilər ki, yerişlərindən elə bil yer-göy lərzəyə gəlirdi. Belə adamlar Təbrizin bazarında ağır yükləri daşıyırdılar. Mən Təbrizin bazarında belə adamlar görmüşdüm. Adam onlara baxanda qorxurdu. Fikirləşdim ki, yəqin gəliblər burada da iş görsünlər. Onları qulluqçular qarşıladı. Apardılar həmin kişi oturan kreslonun yanına. Orada tez süfrə saldılar. Onlara əllərini yumağa mis qabda su, ləyən və əllərini silməyə dəsmal gətirdilər. Onların hər ikisi bardaş qurub oturdular. Hər ikisinin qabağına məcmeyidə səbzi polov gətirdilər. Polovun üstü də ətlə, çərəzlərlə, xuruşlarla dolu idi. Həmin adamlar yekə əlləri ilə səbzi plovu çox ləzzətlə yeyə-yeyə və ağızlarını marçıldada-marçıldada Cavidin atasına baxırdılar. Hərdən də əllərindəki polvu ona götsərib, yemək təklif eləyirdilər və sonra da tez öz ağızlarına basırdılar. Ağızlarını daha möhkəm marçıldadırdılar. Bu vaxt Cavidin atası, qulluqçuya əl işarəsilə göstərdi ki, “gətirin”. Qulluqçu tez balaca bir mis qabda nə isə gətirdi və qaşıqla bir neçə dəfə Cavidin atasının ağzına qoydu. Sonra o, əl işarəsi ilə dedi ki, daha istəmir. Həmin iki adam çox böyük ləzzətlə plovu yeyir və ağızlarını da elə marçıldadırdılar ki, mənim də yeməyə işdaham hədsiz dərəcədə artdı.

- Bəs sizə yemək vermədilər,- deyə Həcər xanım səbirsiz soruşdu.

Onlar durub gedəndən sonra bizə də bir küncdə süfrə sərdilər. Cavidə də, mənə də yemək verdilər. İnanın, həmin səbzi plovun dadı indi də damağımdadı.

- Məgər mən pis plov bişirirəm?- deyə Həcər xanım incik dilləndi.

- O vaxt bizim evdə demək olar ki, elə çoxlu ədviyyatla hazırlanan səbzi plov yeyə bilmirdik. Çünki, çox kasıb yaşayırdıq. Cavid dedi ki, bu hanballar hər gün gəlir və onlara belə böyük qablarda plov verirlər ki, atam da onlara baxıb həvəsə gəlsin və bir-iki qaşıq yemək yesin. O kişi danışa bilmirdi. Amma həmin vaxtı bizə çox baxdı və dərindən bir ah çəkdi. Bax həmin “ah”ı mən indi də yadımdan çıxara bilmirəm. Sonralar başa düşdüm ki, həmin “ah” sağlamlıq adlı bir nemət imiş. O kişi, pulu çox olduğundan ömrünü yeyib-içməkdə, eyş-işrətdə, keyfdə-damaqda keçirib və fikirləşib ki, pulu çoxdur, heç bir xəstəlik ona kar eləyə bilməz... Bir neçə gündən sonra Cavidin atası dünyasını dəyişdi. Onun yığdığı var-dövlət, cah-cəlal onun sağlamlığını qorumağa kömək etmədi...

Axır vaxtlar çoxlu var-dövlət yığan, xalqın malını talayan, milyardları olan, amma ölümlə əlləşən adamları görəndə Cavidin atası yadıma düşür... Özlüyümdə deyirəm: “Ay şərəfsizlər, axı niyə xalqın malını oğurlayıb, özünüzə yığırsız. Onsuz da o dünyaya bir neçə metr ağ parçadan başqa heç nə apara bilməyəcəksiz. Həmin pulları sağlığınızda heç olmasa kasıb-kusiba paylayın ki, sonra öləndə sizə rəhmət desinlər. Adamlar tanıyıram düz on dəfə Həcc və Kərbəla ziyarətinə gediblər. Elə həmin pulu burada kasıb-kusuba versəydilər Allahın daha çox hörmətini qazanardılar. Həcc və Kərbəla belə adamlarçün bir sipər, şənbazlıqdı”.

Bu koronavirus xəstəliyi başlayanadan sonra isə fikirləşirəm ki, niyə adamların çoxu özlərini və ətrafında olanları bu xəstəlikdən qorumaq istəmirlər?.. Yəqin gələndə gördün. Bizim həyətdə bir tərəfdə arvadlar oturub, ağızlarına nə gəldi danışırlar. Bir tərəfdə kişilər nərd, kart oynayır, bir tərəfdə də uşaqlar yığışıb siqaret çəkir, pivə, enerji içkiləri içir, laqqırtı vururlar. Bu adamların qızıldan qiymətli vaxtlarına heyfləri gəlmir. Onlar elə fikirləşir ki, yenə bir dəfə də dünyaya gələcəklər... Bax məni ən çox düşündürən, yuxumu ərşə çəkdirən də adamlarımızın belə laqeyid, cavabdehsiz, etinasız olmasıdı...

Ürəyim də buna görə ağrıyır...

Bir də cavanlıq illərimin dostu vardı. Sadıq müəllim. Kimya üzrə çox maraqlı elmi iş yazmışdı. Amma ona heç cürə imkan vermirdilər ki, müdafiə eləsin. İnan ki, vunderkin idi. Axırıncı dəfə müdafiəsinə imkan vervədikləri vaxt, otağımıza gəldi belə bir maraqlı pritça danışdı: “Od, su və vicdan dost idilər. Necə deyərlər, aralarından su belə keçmirdi. Bir gün od dostlarından soruşur:

- Dostlar. Əgər biz-birimizi itirsək necə tapa bilərik? Dostlarının susduğunu görüb özü də deyir: - Əgər məni itirsəniz, harada isti yuva, isti qucaq görsəniz, bilin ki, orada tapa bilərsiz.

Su deyir:

- Məni harada çiçəklər, ağaclar, yaşıllıq, gözəl həyat görsəniz, orada tapa bilərsiz.

Vicdan susur. Oturub dostlarına diqqətlə qulaq asır. Su və od vicdanın belə susmasına, çox narahat olurlar və sual dolu nəzərlə ona baxırlar. Vicdan onlara diqqətlə baxıb, belə cavab verir:

- Dostlar, əsas odur ki, siz çalışın məni itirməyin. Çünki məni itirsəniz, bir də tapa bilməyəcəksiniz”.

Sonra Sadıq müəllim mənim üzümə baxıb dedi:

- Musa müəllim. Elmi Şurada olanlar öz vicdanlarını itiriblər. Elə bilirlər ki, mən bu elmi işimin müdafiəsinə görə onlara pul verəcəm. Onu heç vaxt görməyəcəklər.

O vaxt da 1987-ci ilin axırı idi. 1988-ci ildə hadisələr qarışan vaxtı Sadıq Murtuzlu Almaniyaya köçüb getdi. Eşitdik ki, az bir vaxtda elmi işini orada müfaiə eləyib. Sonra onun elmi işini kimya sənayesində tətbiq eləyiblər. Bu iş həm Almaniya dövlətinə və həm də Sadıq müəllimə çoxlu pullar gətirib. İndi də orada yaşayır. On il bundan qabaq mənə də, Həcərə də Almaniyaya gedib gəlməyə təyyarəyə bilet almaq üçün Sadıq müəllim pul göndərmişdi. Gedib on beş gün orada qaldıq. Çox yaxşı yaşayır. Hər cürə şəraiti var. Almaniya da ən varlı adamlardan biridi. Təkcə Almaniyanı yox, qonşu ölkləri də bizə göstərdi. Mənə də dedi ki, qalıb orada işləyim, çünki mənim kimi bioloq-alimə orada böyük ehtiyac var. Amma bax bu Həcər razı olmadı. Dedi ki, mən Vətənsiz ölərəm. İndi təqaüdə çıxandan sonra aldığım qəpik-quruşla yaşayırıq. Biologiya sahəsində bu qədər xidmətlərim olsa da, mənə Prezident təqaüdü də vermirlər. Bilirsən niyə? Çünki, bəzi adamlara məddahlıq, yaltaqlıq etməliyəm ki, mənim adımı yuxarıya versinlər...

O, susdu. Harasa uzaqlara baxdı.

- Mənim aləmidə ziyalı millətin görən gözü, düşünən beyni, danışan dili olmalıdı. Ziyalının əlindən bunları alan hökümət ilk öncə özünə balta çalır... Ay Təbriz, axır vaxtlar tam bu qənaətə gəlmişəm ki, həyatı çox yaxşı dərk eləyənlər, anlayanlarçün yaşamaq yaman çətindir. Demə həyatı anlamaq böyük faciə imiş...

İndi başa düşürəm ki, bizim biçarələr - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy... nələr çəkirmişlər... O kişilər, çiyinlərində millətin dağdan ağır bir yükünü çəkə-çəkə öz sağlamlıqlarını millətin yolunda xərclədilər... Şam kimi yandırdılar...

Sumqayıt şəhəri,

05-06 iyul- 2020- ci il

Mənbə: sia.az