Ədəbsiz “ədib”lər...

Ədəbsiz “ədib”lər...

Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi

Bu sənət, ədəbiyyat mühiti ki var, hansı ki içində çox nəhəng istedadlar da tapılar, sənətə təsadüfi gələnlər də. Hə, elə onları deyirəm. Vəziyyətləri yaxşı deyil. Gah uzun müddət işsiz qalır, gah çox kiçik məvaciblərin müqabilində çalışmalı olurlar. Əsas məsələ isə bilirsiniz, nədir? Buna o qədər layiqdirlər ki! Əminliklə deyirəm! Baxırsan ki, istedadı zirvədədir. Sənəti də az qala Stella Adler, Erik Moris qədər bilir. Amma iki kəlmə danışanda görürsən ki, şüuru, düşüncəsi mühitin çirkabı içində batıb qalıb. Bəzən hətta düşüncə tərzi baxımından tipik məhəllə uşaqlarından fərqlənmir. Bir istedad, bir savad öz mühitini hansısa yeniliyə uğratmazsa, nəyə və kimə lazımdır? Adam hər şeyə nifrət edir. Niyə də, niyə? Bu cür istedad, bu cür savad niyə ənənəvi cəfəngiyyatlar toplusu içində məhv olub getməlidir?

Çox şey sayaram. Birini əqidədən, birini ləyaqətdən, birini cəsarətdən və sair. Amma məşhur şeirdəki kimi: desəm öldürərlər, deməsəm, ölləm! Yanlış anlamayın, mən nə ölməkdən, nə də öldürülməkdən qorxan adamam! Sadəcə mən sənəti həmişə öz ailəm bilmişəm və ailəmin içindəki söhbətləri mühitə aşkar edə bilmirəm. Amma bir məkan olsa, bütün yerli sənət mühiti yığılsa və mən də o sözləri bağırsam...

Onları da keçdim. Bir də var ki, sənətdən zərrə də qanmır, ümumiyyətlə, sənət adına heç bir anlayışı yoxdur, hansısa sənət mühitindən üç-beş söhbət oğurlayıb, sənətə dair hansısa kitabdan da üç-beş cümlə əzbərləyib, hər yerdə sənət adına yekə-yekə danışır, ehkam kəsir, hökm oxuyur. Bunlar daha çox təhlükəlidirlər. Birincilər istedadlı, savadlı, amma qorxaq və səriştəsizdirlər və heç bir uğur da qazana bilmirlər, ikincilər isə istedadsız, savadsız, şəxsiyyətsiz, amma publikaya işləmək səriştələri sayəsində öz səfsətələrini geniş kütləyə çatdıra bilənlərdir və xeyli də uğur qazanırlar.

Çağırılmadığı yerə gedən, hələ həyasızcasına niyə çağırılmadığının davasını döyən, həmişə boşboğazlıqları ilə gündəmə gələn, insanların yaddaşında, dilində bir bədii nümunəsi belə olmayan adamlar durub sənət və şəxsiyyət xırdalayırlar. Mən çağırıldığım yerlərin onundan doqquzuna getmirəm ki, birdən şəxsinə və sənətinə hörmətim olmayan biri ilə yanaşı gələrəm, birdən özümə qarşı laqeydlik görərəm, birdən getdiyim yer sənətdən daha çox, başqa məqsədlərə hesablanar və s. Öz mənfəətləri, pulu və şöhrəti uğruna şəxsiyyətini də, sənətini də qurban verən adamlar hələ arada durub mənə də dil uzatmağa çalışırlar.

Onların xalqdan da nəsə ummağa üzü olmamalıdır. Özünə, mənəvi dəyərlərinə, zahiri görünüşünə belə hörmətləri olmayanların içinin tör-töküntüsü görünüşlərinə də yansıyıb. Bir də ki, ortada sənətin, ədəbiyyatın adını batırmaqları adamı yandırır. Onların səfehliklərinin ucbatından yazıçı-şair adı eşidənlər üz turşudurlar. Hələ özlərini sənətə meyar da bilirlər. Bu qədər rəzilliyin yanına kin-nifrət də qoyub xalqa sunurlar, sonra da özlərinə qarşı hörmət, ehtiram gözləyirlər. Nə sanırlar? Tarixə çevriləcəklərini? İnqilab edəcəklərini? Aləmi özlərinə güldürmək xoşlarına gəlir? Anlaya bilmirəm.

Xaricdə Azərbaycan ədəbiyyatından seçmələr şəklində çap olunan biabırçı bir kitabdakı imzaların siyahısına baxıb dəhşətə gəldim. Həyasızlıqları, sırtıqlıqları ilə hər yerə özlərini soxan bu adamlar sənət adına ərsəyə gətirdikləri məzmunsuz-qayəsiz, çəkisiz-mizansız zay məhsulları ilə ölkə ədəbiyyatını xaricdə təmsil etməyə iddialıdırlar.

Mən hesab edirəm ki, müasir Azərbaycan ədəbiyyatı artıq müəyyən uğurlu bir dönəmə qədəm qoyub. Amma bu ədəbiyyatın ətəklərində dolanan nə qədər mağar toyu tamadaları varsa, toplayıb Azərbaycan ədəbiyyatı adı ilə Türkiyədə çap ediblər. 100-ə yaxın imzanın içində 10-a yaxın həqiqi ədib var. Onlar da buna necə razılıq veriblər, bilmirəm. Bəlkə də xəbərləri olmadan dərc edilib. Hər halda, onların adının bu kitabda olması digərlərindən pul toplaya bilmək üçün yaxşı vasitə olub. Yaxşı ki, mən vaxtında adımın istənilən yerdə çəkilməsinə qadağa qoymuşam. Əgər belə bir kitaba məndən xəbərsiz adım salınsaydı, şübhəsiz ki, bunu edənlərə təzminat davası açardım. Bu nalayiq siyahı, bu bərbad tərcümə təkcə şərəf və ləyaqətin təhqiri deyil, həm də yaradıcılığa vurulan zərbə, bioqrafik utancdır.

Kitabda ən uğurlu, ən sevdiyim məqam isə bəzi müəlliflərin bioqrafiyalarında yazılan "Azerbaycan Yazarlar Birliğinin üyesidir" cümləsi oldu. Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi.

Mənbə: sputnik.az